Hersoq, Ərdoğan və Şərif Bakıya buna görə gəldilər
Son 6-7 ayda ölkəmiz və müttəfiqlərimiz çətinliklər yaşadı. Yəni Türkiyə, İsrail və Pakistanda seçkilər oldu, digər tərəfdən İngiltərədə yeni kral taxta çıxana qədər mürəkkəb vəziyyət yarandı. Bu fonda Fransa, İran, Rusiya və ələlxüsus ABŞ-da bəzi bizə qarşı olan qüvvələr aktivləşdi və fürsətdən istifadə etmək istədi.
Bu sözləri Axar.az-a Arazdəyəndə tikilən metallurgiya zavodunun qarşısında ABŞ və Ermənistan bayraqlarının qaldırılması haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Siyasi şərhçi Ermənistan və havadarlarının heç bir halda qalib gəlməsinin mümkün olmadığını vurğulayıb:
“Onlar 44 günlük müharibədən sonra yaranan geosiyasi reallığı Azərbaycanın milli təhlükəsizlik maraqlarına zərbə vurmaqla dəyişməyə və yaxud mümkün qədər korrektə etməyə cəhd göstərdilər. Sözügedən ölkələr üç əsas mövzuda Azərbaycanı zəiflətməyə çalışdılar. Birincisi, Qarabağdakı ermənilər üzərindən təzyiq yolu ilə dövlətimizdən hansısa dividentlər qoparmaq, ikincisi, müzakirələrdə diplomatik və psixoloji üstünlüyü əldə etmək, üçüncüsü isə Zəngəzur dəhlizinə nəzarətdir. İndiki məqamda dəhliz üzərində nəzarət məsələsində Rusiya, ABŞ, Avropa və İran arasında rəqabət var. Ən ciddi çəkişmə isə Moskva və Vaşinqton arasındadır. Belə bir vəziyyətdə dost və müttəfiq ölkələrdə seçki prosesinin uğurla başa çatdırılması yenə də proseslərin istiqamətini lehimizə dəyişəcək. Türkiyə və İsrailin prezidentləri, Pakistan Baş naziri ölkəmizə bir-birinin ardınca səfər etdi. Eyni zamanda İngiltərədən də ölkəmizə çox yüksək səviyyəli şəxslərin səfəri oldu. Bütün bu səfərlər onu göstərir ki, Ermənistanın və havadarlarının nə etməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi, Qarabağdakı ermənilərə münasibət və Azərbaycanın qəti mövqe sərgilədiyi digər məsələlərdə heç bir dəyişiklik ola bilməz. Ermənistan və dostları “Laçın” postunda və digər təxribatlar, eyni zamanda Arazdəyəndə metallurgiya zavodunun tikilməsi, orada ABŞ bayrağının qaldırılması ilə hansısa irəliləyişlərə ümid edir. Ancaq əlimizdə olan ilkin məlumatlara görə, Arazdəyəndə metallurgiya zavodunu tikənlər ABŞ vətəndaşı olan ermənilərdir və onların rəsmi Vaşinqtonla birbaşa əlaqəsi yoxdur. Artıq Ermənistan və dostlarının nəyisə dəyişmək cəhdləri üçün çox gecdir. Sonda isə onlar yox, müttəfiqlərimizlə birlikdə biz möhtəşəm siyasi qələbə qazanacağıq. Proseslərin gedişatı bunu sübut edir”.
Комментарии: