Ermənistanın sürətlə silahlanması yeni hərbi təhdid yaradır
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– Ermənistan, əslində, neçənci fürsətdir ki, əldən verir. Azərbaycan 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistana və Qarabağda yaşayan ermənilərə sərfəli təkliflər vermişdi. Rəsmi Bakı onlara iki dəfə dəvət göndərdi ki, gəlin, danışaq. Onlar bu təklifləri dəyərləndirmədilər. Ona görə də cənab Prezidentin dediyi ki, daha üçüncü dəvət olmayacaq. Separatçılar özlərini proseslərdə maraqlı olan üçüncü tərəflərin oyunlarına xərclədilər. Nəticə etibarilə bu gün Qarabağ erməniləri tərəf kimi yoxdur. Onların mövqeyi də heç bir formada nəzərə alınmır. İrəvan da separatçıların yolu ilə gedir. Onlar bir müddətdən sonra Qarabağ ermənilərinin aqibətini yaşaya bilərlər. Demək istəyirəm ki, Ermənistan-Azərbaycan məsələlərinin həlli İrəvansız da baş verə bilər. Əgər onlar öz mövqeyini ortaya qoya, əks etdirə bilmirsə, Azərbaycanın diplomatiya yolu ilə həllini təklif etdiyi problemlər hərbi-siyasi yolla çözüləcək. Burada İrəvanın və ona havadarlıq edən tərəflərin spekulyasiya etdiyi bir-iki məsələ var. Birincisi, Azərbaycan Qarabağdakı qanunsuz silahlı dəstələrin tərksilah olmalarını tələb edir. Onlar silahı yerə qoymalı və Azərbaycanın normal vətəndaşları olmalıdırlar. İkincisi, Qarabağ iqtisadi rayonunun bütün ərazisində Azərbaycanın suverenliyi bərpa olunmalı və Dövlət bayrağımız dalğalanmalıdır. Bütün bunlar xoşluqla olmadığı təqdirdə, güc yolu – hərbi-siyasi variantın köməyi ilə həllini tapacaq. Bundan sonra yeni reallıq yaranacaq. Yenə də danışıqlar davam edəcək. Ötən illərin təcrübəsi göstərir ki, danışıqlar prosesini hər zaman “irəli aparan” Azərbaycan Ordusu olub.
S.NAZİMOĞLU, “Xalq qəzeti”
https://xalqqazeti.az/siyaset/130942-ermenistanin-suretle-silahlanmasi-yeni-herbi-tehdid-yaradir
Комментарии: