24 мая 2023 г.


23-24 may Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə "Qarabağ dünən, bu gün və sabah" mövzusunda 22-ci elmi-əməli konfransı keçirildi.

Bu konfrans Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dəstəyi ilə  keçirilib. Tədbir Azərbaycan Respublikasının himninin ifası və torpaqlarımızın azadlığı, suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı.

Konfransın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Qarabağ mövzusunun aktual olaraq qaldığını, yeni araşdırmaların vacibliyini, dərin tədqiqatların aparılmasına ehtiyac olduğunu qeyd etdi. O, sürətlə dəyişən dünyada informasiyanın son dərəcə əhəmiyyətli olduğunu qeyd etməklə yanaşı və bu sahədə elmi tədqiqatların, araşdırmaların nəticələrinin həm ölkə daxilində, həm də ölkədən kənarda aktiv şəkildə yayılmasının təşkilinin vacibliyini bildirdi. 

Firdovsiyyə xanım qeyd etdi ki, bu ilki konfransa Azərbaycanla yanaşı Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, İsveçrədə fəaliyyət göstərən alim və araşdırmaçılar tərəfindən müxtəlif itiqamətləri əhatə edən 40-dan artıq məruzə təqdim edilmişdir. Təqdiredici haldır ki, bu ilki konfransa qoşulan bakalavr və doktorant tələbələrin sayında artım vardır. O bildirdi ki, konfrans həm əyani formada, həm də Zoom proqramı vasitəsilə onlayn keçirilir.

Sonra məruzələr dinlənilməyə başlanıldı. Tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı, Ukraynadan tarix elmləri doktoru, professor Fərhad Turanlı, tarix elmləri doktoru, dosent Sevinc Seyidova, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova,  tarix üzrə fəlsəfə doktoru Rafik Səfərov,  UNESCO dosenti, tarixçi Rizvan Hüseynov, tarix üzrə fəlsəfə doktoru, dosent  Güntəkin Nəcəfli, Türkiyədən Mustafa Alptuğ Yazıcıoğlu və  digərləri məruzələrlə çıxış etdilər. 

Azərbaycan Pedaqoji Universitetinin 2-ci kurs tələbələri Sevinc Abdullayeva, Amin Hümmətov, Amin Məlikov və digərləri ilk tədqiqatlarını konfrans iştirakçılarının diqqətinə çatdırdılar.

Məruzələrdən sonra müzakrələr oldu, suallar cavablandırıldı.

Seminarın işində Beynəlxalq Qarabağ Forumunun üzvləri, ADPU-nun rəhbərliyi, Tarix və Coğrafiya fakültəsinin professor-müəllim heyəti, tələbələr iştirak edirdi. 





Комментарии: