11 апреля 2023 г.


Səxavət HƏMİD, “Xalq qəzeti”

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfər çalmasından sonra İran rəhbərliyinin bütün addımları regionda qüvvələr balansının Bakı və Ankaranın xeyrinə daha da dəyişməsinin qarşısını almağa yönəlib. İran siyasətçilərinin 2020-ci ildən sonra bütün səviyyələrdə verilən çoxsaylı bəyanatlarını təhlil etsək, o zaman aydın mənzərə yaranar ki, Tehran Qərbi Zəngəzurun Ermənistandan qoparılmasına qarşı qəti şəkildə çıxmağa hazırdır. İran bölgədə sərhədlərin dəyişdirilməsi məsələsinin onun üçün “qırmızı xətt” olduğunu dəfələrlə bəyan edib. Prezident İbrahim Rəisi 2021-ci il noyabrın 16-da Vladimir Putinlə telefon danışığı zamanı deyib: “Bölgədəki ölkələrin geosiyasi statusunda və sərhədlərində istənilən dəyişiklik qəbuledilməzdir”. 2022-ci ilin iyulunda İranın Ali dini rəhbəri Əli Xameneyi Putinlə görüşü zamanı İranın Ermənistanla sərhədin bağlanmasına dözməyəcəyini bildirib.

Xameneyinin “Ermənistanla sərhə­din bağlanması” ifadəsini işlətməsi tə­sadüfi deyil. Tehran ehtiyat edir ki, İranla sərhəddən keçən Zəngəzur dəhlizinin açılması, guya, sonuncunun Qərbə və Şimala “tranzit nəfəsliyini” kəsəcək. Əs­lində isə bu “nəfəslik” İran üçün o qədər də vacib deyil. Çünki hazırda Ermənistan vasitəsilə Avropaya İran və tranzit yük­lərinin yalnız kiçik bir hissəsi göndərilir. Əksər yüklər Türkiyədən, Rusiyaya isə Azərbaycandan keçir. Bundan başqa, Zəngəzur dəhlizinin açılması İranın yük­lərin daşınmasında iştirakına hər hansı məhdudiyyəti nəzərdə tutmur.

Beləliklə, İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlığı iqtisadi de­yil, daha çox siyasi xarakter daşıyır. Axı regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə salınması ha­lında, uzun əsrlər ərzində ilk dəfə olaraq yenidən vahid türk siyasi məkanı yarana­caq. Söhbət türklərin yüksək səviyyədə özünüidentifikasiyası, geosiyasi baxım­dan iddialı, böyük demoqrafik, iqtisadi və gələcəkdə hərbi potensialı özündə ehtiva edən siyasi məkandan gedir. Bu baxım­dan İranın media məkanında Zəngəzur dəhlizinin Turan dəhlizi adlandırması da səbəbsiz deyil.

***

Bu kontekstdə caliber.az saytında yerləşdirilmiş “İran Ermənistana mü­daxiləyə hazırlaşır” sərlövhəli məqalə maraq doğurur. Məqalədə deyilir: “Ermə­nistanda açıq şəkildə bildirilir ki, Zəngə­zur uğrunda müharibə başlasa, İrəvanın razılığından və ya razılaşmamasından asılı olmayaraq, İran Ermənistana daxil olacaq. Bunu xüsusilə “Vahid Ermənis­tan” partiyasının rəhbəri Yervand Tar­verdyan bildirib. O qeyd edib ki, Azərbay­canın Zəngəzura daxil olması halında İran hərbi müdaxilə edəcək. Üstəlik, bu günlərdə erməni şərqşünas Avraam Qas­paryanın dediyi kimi, İran Zəngəzuru iş­ğal edə bilər. İran çox həyəcanlansa, heç kimdən, hətta İrəvandan da razılıq alma­yacaq”.

Qeyd olunur ki, erməni media mə­kanında belə informasiya siqnallarının verilməsi təsadüfi deyil. Caliber.az-a diplomatik mənbələrdən daxil olan mə­lumata görə, Tehran və İrəvan Azər­baycan-Ermənistan sərhədində yeni toqquşma təhlükəsi olacağı təqdirdə, İran ordusunun tarixi Zəngəzur vilayə­tinə operativ şəkildə yerləşdirilməsi ilə bağlı ilkin razılığa gəlib. İran təhlükəsizlik qüvvələri əməkdaşlarının müəyyən his­səsi artıq tacir, sürücü, turist adı altında bölgəyə göndərilib. İranlılar Ermənistan milli təhlükəsizlik xidməti ilə əməkdaşlıq edərək birbaşa Ermənistan ərazisindən hərbi əməliyyatların əlaqələndirilməsi üçün ofis binaları və qərargahlar seçirlər. “Həmçinin, Ermənistan ordusu üçün “Şa­hed” bazasında pilotsuz uçuş aparatları­nın istehsalı məqsədilə intensiv hazırlıq işlərinə başlanılıb. İrəvan hələlik bu faktı ictimailəşdirmək istəmir”, – deyə məqalə­də qeyd olunur.

***

Ancaq Ermənistanın hansı oyunlara baş vurmasından, ərazisinə hansı döv­lətin hərbçilərini cəlb etməsindən asılı olmayaraq, Azərbaycan qarşıya qoyduğu hədəfə doğru inamla irəliləyir. Zəngəzur dəhlizinin açılması, beləliklə, böyük Tu­ran Birliyinin formalaşması yolunda rəs­mi Bakının atdığı addımlar gec-tez uğurlu sonluqla nəticələnəcək. Zəngəzur dəhli­zinin, həmçinin regiondakı digər kommu­nikasiya xətlərinin açılması Ermənistanın da maraqlarına cavab verir. Rəsmi İrəvan bunu nə qədər tez dərk etsə, onun üçün bir o qədər yaxşı olar.

Rizvan HÜSEYNOV, hərbi-siyasi şərhçi

– Vətən müharibəsinin yekunları İranı heç də qane etmir. Azərbay­can–Türkiyə müttəfiqliyinin güclən­məsi, Şuşa Bəyannaməsinin imza­lanması və Rusiyanın bunu qəbul etməsi də Tehranı çox narahat edir. İranın aktivliyini biz Rusiyanın başı­nın Ukrayna müharibəsinə qarışma­sından sonra gördük. Tehran 2022-ci ilin yarısından etibarən hesab etdi ki, münbit şərait yetişib. Həmçinin, Rusiya özü də İranın aktivliyinə dəstək verən tərəfdir, amma bunu açıq nümayiş etdirmir. Nəticə etiba­rilə, keçən ilin sentyabrında məsələ mürəkkəbləşəndə biz İran ordusu­nun Azərbaycana güc nümayiş etdir­diyini, sərhədimiz yaxınlığında hərbi təlim keçirdiyini gördük.

İran Azərbaycan–İsrail müna­sibətlərinin, guya, Tehrana təhdid olduğunu qabardır. Digər tərəfdən, Zəngəzur dəhlizinin İranın maraq­larına cavab vermədiyini iddia edir. Amma Azərbaycan bu məsələdə sonadək gedəcək. Çünki ölkəmiz tək deyil, onun müttəfiqləri var. Zən­nimcə, İran bu mərhələdə danışıqlar masasına əyləşəcək və iki ölkənin münasibətlərində yumşalma baş verəcək. Çünki bu gərginlik fonunda, həqiqətən də, yumşalmaya ehtiyac var və hərbi-siyasi ritorika öz yerini diplomatik danışıqlara verəcək. Nəti­cə etibarilə İran yaranmış yeni reallı­ğı həzm edəcək.

Комментарии: