İranın Turan xofu
Səxavət HƏMİD, “Xalq qəzeti”
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfər çalmasından sonra İran rəhbərliyinin bütün addımları regionda qüvvələr balansının Bakı və Ankaranın xeyrinə daha da dəyişməsinin qarşısını almağa yönəlib. İran siyasətçilərinin 2020-ci ildən sonra bütün səviyyələrdə verilən çoxsaylı bəyanatlarını təhlil etsək, o zaman aydın mənzərə yaranar ki, Tehran Qərbi Zəngəzurun Ermənistandan qoparılmasına qarşı qəti şəkildə çıxmağa hazırdır. İran bölgədə sərhədlərin dəyişdirilməsi məsələsinin onun üçün “qırmızı xətt” olduğunu dəfələrlə bəyan edib. Prezident İbrahim Rəisi 2021-ci il noyabrın 16-da Vladimir Putinlə telefon danışığı zamanı deyib: “Bölgədəki ölkələrin geosiyasi statusunda və sərhədlərində istənilən dəyişiklik qəbuledilməzdir”. 2022-ci ilin iyulunda İranın Ali dini rəhbəri Əli Xameneyi Putinlə görüşü zamanı İranın Ermənistanla sərhədin bağlanmasına dözməyəcəyini bildirib.
Xameneyinin “Ermənistanla sərhədin bağlanması” ifadəsini işlətməsi təsadüfi deyil. Tehran ehtiyat edir ki, İranla sərhəddən keçən Zəngəzur dəhlizinin açılması, guya, sonuncunun Qərbə və Şimala “tranzit nəfəsliyini” kəsəcək. Əslində isə bu “nəfəslik” İran üçün o qədər də vacib deyil. Çünki hazırda Ermənistan vasitəsilə Avropaya İran və tranzit yüklərinin yalnız kiçik bir hissəsi göndərilir. Əksər yüklər Türkiyədən, Rusiyaya isə Azərbaycandan keçir. Bundan başqa, Zəngəzur dəhlizinin açılması İranın yüklərin daşınmasında iştirakına hər hansı məhdudiyyəti nəzərdə tutmur.
Beləliklə, İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlığı iqtisadi deyil, daha çox siyasi xarakter daşıyır. Axı regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə salınması halında, uzun əsrlər ərzində ilk dəfə olaraq yenidən vahid türk siyasi məkanı yaranacaq. Söhbət türklərin yüksək səviyyədə özünüidentifikasiyası, geosiyasi baxımdan iddialı, böyük demoqrafik, iqtisadi və gələcəkdə hərbi potensialı özündə ehtiva edən siyasi məkandan gedir. Bu baxımdan İranın media məkanında Zəngəzur dəhlizinin Turan dəhlizi adlandırması da səbəbsiz deyil.
***
Bu kontekstdə caliber.az saytında yerləşdirilmiş “İran Ermənistana müdaxiləyə hazırlaşır” sərlövhəli məqalə maraq doğurur. Məqalədə deyilir: “Ermənistanda açıq şəkildə bildirilir ki, Zəngəzur uğrunda müharibə başlasa, İrəvanın razılığından və ya razılaşmamasından asılı olmayaraq, İran Ermənistana daxil olacaq. Bunu xüsusilə “Vahid Ermənistan” partiyasının rəhbəri Yervand Tarverdyan bildirib. O qeyd edib ki, Azərbaycanın Zəngəzura daxil olması halında İran hərbi müdaxilə edəcək. Üstəlik, bu günlərdə erməni şərqşünas Avraam Qasparyanın dediyi kimi, İran Zəngəzuru işğal edə bilər. İran çox həyəcanlansa, heç kimdən, hətta İrəvandan da razılıq almayacaq”.
Qeyd olunur ki, erməni media məkanında belə informasiya siqnallarının verilməsi təsadüfi deyil. Caliber.az-a diplomatik mənbələrdən daxil olan məlumata görə, Tehran və İrəvan Azərbaycan-Ermənistan sərhədində yeni toqquşma təhlükəsi olacağı təqdirdə, İran ordusunun tarixi Zəngəzur vilayətinə operativ şəkildə yerləşdirilməsi ilə bağlı ilkin razılığa gəlib. İran təhlükəsizlik qüvvələri əməkdaşlarının müəyyən hissəsi artıq tacir, sürücü, turist adı altında bölgəyə göndərilib. İranlılar Ermənistan milli təhlükəsizlik xidməti ilə əməkdaşlıq edərək birbaşa Ermənistan ərazisindən hərbi əməliyyatların əlaqələndirilməsi üçün ofis binaları və qərargahlar seçirlər. “Həmçinin, Ermənistan ordusu üçün “Şahed” bazasında pilotsuz uçuş aparatlarının istehsalı məqsədilə intensiv hazırlıq işlərinə başlanılıb. İrəvan hələlik bu faktı ictimailəşdirmək istəmir”, – deyə məqalədə qeyd olunur.
***
Ancaq Ermənistanın hansı oyunlara baş vurmasından, ərazisinə hansı dövlətin hərbçilərini cəlb etməsindən asılı olmayaraq, Azərbaycan qarşıya qoyduğu hədəfə doğru inamla irəliləyir. Zəngəzur dəhlizinin açılması, beləliklə, böyük Turan Birliyinin formalaşması yolunda rəsmi Bakının atdığı addımlar gec-tez uğurlu sonluqla nəticələnəcək. Zəngəzur dəhlizinin, həmçinin regiondakı digər kommunikasiya xətlərinin açılması Ermənistanın da maraqlarına cavab verir. Rəsmi İrəvan bunu nə qədər tez dərk etsə, onun üçün bir o qədər yaxşı olar.
Rizvan HÜSEYNOV, hərbi-siyasi şərhçi
– Vətən müharibəsinin yekunları İranı heç də qane etmir. Azərbaycan–Türkiyə müttəfiqliyinin güclənməsi, Şuşa Bəyannaməsinin imzalanması və Rusiyanın bunu qəbul etməsi də Tehranı çox narahat edir. İranın aktivliyini biz Rusiyanın başının Ukrayna müharibəsinə qarışmasından sonra gördük. Tehran 2022-ci ilin yarısından etibarən hesab etdi ki, münbit şərait yetişib. Həmçinin, Rusiya özü də İranın aktivliyinə dəstək verən tərəfdir, amma bunu açıq nümayiş etdirmir. Nəticə etibarilə, keçən ilin sentyabrında məsələ mürəkkəbləşəndə biz İran ordusunun Azərbaycana güc nümayiş etdirdiyini, sərhədimiz yaxınlığında hərbi təlim keçirdiyini gördük.
İran Azərbaycan–İsrail münasibətlərinin, guya, Tehrana təhdid olduğunu qabardır. Digər tərəfdən, Zəngəzur dəhlizinin İranın maraqlarına cavab vermədiyini iddia edir. Amma Azərbaycan bu məsələdə sonadək gedəcək. Çünki ölkəmiz tək deyil, onun müttəfiqləri var. Zənnimcə, İran bu mərhələdə danışıqlar masasına əyləşəcək və iki ölkənin münasibətlərində yumşalma baş verəcək. Çünki bu gərginlik fonunda, həqiqətən də, yumşalmaya ehtiyac var və hərbi-siyasi ritorika öz yerini diplomatik danışıqlara verəcək. Nəticə etibarilə İran yaranmış yeni reallığı həzm edəcək.
Комментарии: