1 апреля 2023 г.

Səxavət HƏMİD, “Xalq qəzeti”



İranın Azərbaycana münasibətdə xəbisliyi bitib-tükənmir. Ölkəmiz 30 ildən çoxdur dövlət müstəqilliyini bərpa etsə də, Tehran rejimi Azərbaycanı müstəqil dövlət kimi hələ də qəbul edə bilmir. Ötən müddət ərzində İran qonşuluğunda dünyəvi, demokratik, sivil dünyanın qaydalarına uyğun fəaliyyət göstərən modern respublikanın mövcudluğunu qəbul edə bilmədiyini hər vəchlə nümayiş etdirib. 

İranın Azərbaycana etdiyi hər pislik barədə bir geniş məqalə yazmaq bəs et­məz. Azərbaycan sevdalıları bu faktları unutmadıqları üçün onları yenidən xatır­latmağa ehtiyac duymuruq. Sadəcə, onu deməkdə fayda var ki, bu faktlar İrandakı molla rejiminin Azərbaycana patoloji kin və nifrət bəslədiyindən xəbər verir. Vətən müharibəsində qazandığımız tarixi Zəfər, Azərbaycanın öz torpaqlarına, o cümlə­dən İranla sərhədin 132 kilometrlik hissə­sinə sahib durması, Zəngəzur dəhlizinin açılması istiqamətində Bakının atdığı addımlar İranın indiyədək gizlətməyi ba­cardığı xain niyyətlərinin üzə çıxmasına səbəb oldu.

Ümumilikdə, Azərbaycanın müstəqil­liyini bərpa etdikdən sonra üzləşdiyi bü­tün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasi­bətindən heç nə ilə fərqlənməyib. Ancaq hazırda hamı bu fikirlə razılaşır və açıq etiraf edir ki, İran-Azərbaycan münasi­bətləri müstəqillik dövrümüzün ən soyuq və gərgin dövrünü yaşayır. Bunun da səbəbkarı Azərbaycanda hansısa “sio­nist” qüvvələr axtaran, bu ad altında öz məqsədlərini pərdələyən İranın hazırkı mühafizəkar molla rejimidir.


İranın terrorçu mahiyyətinə bütün dünya bələddir

Belə bir məşhur deyim var: velosipe­di yenidən icad etməyə ehtiyac yoxdur. Bu deyim həqiqətin və vəziyyətdən çıxış yolunun hər kəsə bəlli olduğu şəraitdə yeni variantların axtarılmasına ehtiya­cın olmadığını özündə ehtiva edir. İran da mahiyyət etibarilə terrorçu dövlətdir. Bu, artıq dəfələrlə sübut olunmuş fakt­dır. İran sanksiyalar altında olan ölkədir. Molla rejiminin bəşəriyyət üçün doğur­duğu təhlükələrin dərki ilk dəfə ABŞ-ın 1979-cu ildə İrana birtərəfli sanksiya tətbiq etməsinə gətirib çıxarıb. 2006-cı ildən molla rejimi BMT Təhlükəsizlik Şu­rasının, 2010-cu ildən Avropa İttifaqının sanksiyaları altındadır. Sanksiyalar İrana nüvə, raket və hərbi məhsulların əhə­miyyətli hissəsinin ixracını, neft-qaz və neft-kimya sənayesinə birbaşa xarici in­vestisiyaları, neft məhsullarının ixracını, banklar, sığorta şirkətləri, habelə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran donanması ilə hər hansı əməkdaş­lığı, maliyyə tranzaksiyalarını qadağan edir. Bundan əlavə, ABŞ, İsrail, Səudiy­yə Ərəbistanı və Bəhreyn hakimiyyətləri 2019-cu ilin aprelindən SEPAH-ı terror təşkilatı kimi tanıyırlar. ABŞ-ın atdığı bu addım müəyyən dərəcədə presedentsiz­dir: Vaşinqton ilk dəfə rəsmi dövlət struk­turunu terrorçu elan edib. Üstəlik, Ağ ev əvvəllər SEPAH-ı İran hökumətinin terror kampaniyalarının idarə olunması və ma­liyyələşdirilməsi üçün strukturu adlan­dırmışdı. Bu məlumatlar İranın terrorçu mahiyyətinə bütün dünyanın bələd olma­sının göstəricisidir.


Sui-qəsdə cəhdin arxasında İranın dayandığı heç kimdə şübhə doğurmur

İranın terrorçu mahiyyəti bu günlər­də özünü bir daha göstərdi. Artıq Milli Məclisin deputatı Fazil Mustafaya martın 28-də edilən hücumun arxasında İranın dayandığı heç kimdə şübhə doğurmur. Bu, İranın son dövrlərdə Tehrandakı sə­firliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə hücuma görə heç kimin cə­zalandırılmaması bir daha göstərir ki, İran terrorçu dövlətdir. Bu ölkədə terror törətmək də cinayət sayılmır.


Hücumun vaxtı təsadüfi seçilməyib

Bəs, Fazil Mustafaya edilən sui-qəs­din zaman seçimi təsadüfdürmü? Ən azı, iki məqam bu hücumun vaxtının tə­sadüfən seçilmədiyini göstərir. Əvvəla, sui-qəsd İsraildə Azərbaycan səfirliyinin açıldığı, Xarici işlər naziri Ceyhun Bayra­movun bu ölkədə səfərdə olduğu dövrdə törədilib. Bununla Azərbaycan-İsrail mü­nasibətlərinə sanki demarş edən “çoxəs­rlik, zəngin dövlətçilik təcrübəsinə” malik iranlılar nədənsə unudurlar ki, onların Azərbaycanın əleyhinə atdıqları hər ad­dım Bakı ilə Tel-Əvivin daha da yaxınlaş­masına səbəb olur.

Digər tərəfdən, hadisənin Azər­baycan dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günü baş verməsi göstərir ki, xüsusi xidmət orqan­larımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir.


Tehran bundan öncə də Azərbaycanda terror törədib

Təəssüf ki, İran xüsusi xidmət orqan­larının Azərbaycanda törətdikləri terror aktları yaxın keçmişimizin bir hissəsidir. Onların ölkəmizdəki terrorçuluq əməlləri hər kəsə məlumdur. Buna nümunə ola­raq, akademik Ziya Bünyadovun, yazı­çı-publisist Rafiq Tağının qətlə yetirilmə­sini göstərmək olar. 2012-ci ildə Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri barədə çoxsaylı məlu­matlar var idi. İran dövlətinin terror əməl­lərindən Yaxın Şərqin bir sıra ölkələri, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələr də əziyyət çəkir.

Bu kontekstdə martın 30-da İran or­dusunun quru qoşunlarının komandanı Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirməsi də diqqətdən yayınmır. O, Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibə­sində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. O, eyni zamanda, İran tərəfin­dən Ermənistanla sərhəddə dəyişiklik­lərə icazə verilməyəcəyini deyib.

İranlı komandanın açıqlaması Azər­baycanın Müdafiə Nazirliyinin sərt etirazı ilə qarşılanıb. Nazirlik Azərbaycan ərazi­sində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamının əsas­sız və tamamilə qəbuledilməz olduğu­nu bildirib. Qeyd edilib ki, ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyil.


Rizvan HÜSEYNOV,

hərbi-siyasi şərhçi

İranda yüksək hərbi vəzifə da­şıyan şəxslərin açıqlamaları Teh­ranın Azərbaycana yönəlik təhdid­lərindən əl çəkmədiyini göstərir. İran bizim regionda hərbi-siyasi müstəvidə böyük bir münaqişə ya­ratmağa meyillidir. Amma burada bir məsələ var: İran nə qədər söz­dən əmələ keçə bilər?! Yəqin ki, bu hamını maraqlandırır. Azərbaycan dəfələrlə isbat edib ki, istənilən xa­rici qüvvədən ərazi bütövlüyümüzü və milli maraqlarımızı qorumağa hazırıq. Sözsüz ki, biz bu vəziyyət­də tək deyilik. Bizə müttəfiq ölkələr var. İstər qardaş Türkiyə, istərsə eyni problemdən əziyyət çəkən İs­rail və bir sıra başqa dövlətlər var. Bizə lazımdır ki, fürsətdən istifadə edərək, İrana açıq və gizli dəstək verən ölkələr bizim regionu yeni münaqişə ocağına çevirməsinlər.

İranın quru qoşunlarının ko­mandanının açıqlaması isə boş­boğazlıqdır. Çünki hərbçinin işi hərəkət etmək, döyüşməkdir. Mət­buata açıqlamalar vermək, mərsiyə oxumaq deyil. Yaxud hərbi paltar geyinib roliklər, hərbi səpkidə Azər­baycanı təhdid edən videoçarxlar çəkmək, quş uçurtmaq, mahnı oxumaq İran daxilindəki auditoriya üçün keçərlidir. Amma qıraqdan çox gülünc görünür və istehza do­ğurur.

İran adını İslam dövləti qoyub, ancaq qeyri-İslam maraqlarına xidmət edir. Gözdən pərdə asmaq üçün bildirir ki, guya burada İsrail güclənir. Ancaq bu regionda əsas problem erməni millətçiliyi və on­ların havadarlarıdır. Bu regionda bütün qan-qada, problem erməni qəsbkarlarından və ona dəstək verən İrandan gəlir.

Комментарии: