16 января 2023 г.

Bu gün, Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın tanınmış numizmat alimi, tarix elmləri doktoru, professor Əli Rəcəblinin  xatirəsinə həsr olunmuş elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov qonaqlara tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib və görkəmli numizmat alim Əli Rəcəblinin numizmatika sahəsi üzrə Azərbaycanda və ölkə hüdudlarından kənarda olan elmi və ictimai fəaliyyətləri barədə çıxış edib.

Sonra muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı çıxışında qeyd edib ki, “görkəmli mütəхəssisin respublikamızın ərazisində təsadüfən aşkara çıxarılan sikkə tapıntılarının, ayrı-ayrı arxeoloji qazıntılarda əldə olunan numizmatik materialın qeydiyyata alınması, toplanılıb mühafizə olunması, nəşri və nümayişi sahəsində elmi və əməli fəaliyyəti xüsusi təqdirəlayiqdir”. Həmçinin, akademik Nailə Vəlixanlı xüsusi vurğuladı ki, “tanınmış alim Əli Rəcəblinin rəhbərlik etdiyi və 100 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara malik olan Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondu Respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılır.

Daha sonra professor Abbas Seyidov, t.ü.e.d. Nərgiz Əliyeva, t.ü.e.d. Əsədulla Cəfərov, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova, t.ü.f.d., dosent Bəhlul İbrahimli, t.ü.f.d. Aygün Məmmədova, tarixçi Rizvan Hüseynov, Əli Rəcəblinin oğlu Azər Rəcəbli çıxış edərək, professor Əli Rəcəblinin həyat və fəaliyyətindən, numizmatika sahəsinə verdiyi töhfələrdən, eyni zamanda xoş xatirələrdən söhbət açdılar. Həmçinin, qonaqlar qeyd etdilər ki, Əli Rəcəblinin Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli eksponatları əsasında hazırlanmış, mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qoruyur.

Tədbirin sonunda qonaqlar muzey rəhbərliyinin təşəbbüsü ilə professor Əli Rəcəblinin adı verilmiş kabinetin önündə xatirə fotosu çəkdilər.




Комментарии: