Tarix Muzeyində “Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimatı olub
https://science.gov.az
Milli Azərbaycan Tarixi Muzeyində “Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərginin kataloqunun təqdimat mərasimi keçirilib.Mərasimdə AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, alimlər, tədqiqatçılar, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Qafqaz tarixi mərkəzinin sədri, tarixçi Rizvan Hüseynovda tədbirə gatılıb.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq yığıncağın əhəmiyyəti barədə ətraflı çıxış edib. Muzey tərəfindən Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlərin mütəmadi olaraq keçirildiyini xüsusi vurğulayıb. Akademik qeyd edib ki, onlardan biri hazırda muzeydə nümayiş olunan silah sərgisidir.
Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Azərbaycanın hərb tarixi və silahlarına, həm respublikada, həm də xaricdə ictimai marağın artmasını vurğulayıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir. Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var. Anar Kərimov qeyd edib ki, Azərbaycan ustaları çoxsaylı qoşunları silahlarla tam təmin edib, həmçinin dekorativ-tətbiqi sənətin şedevrləri sayılan silahlar hazırlayıblar. Hazırda bu silahların bir çox nümunələri dünya muzeylərində qorunur və bu kataloq sübut edir ki, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin vacib sahəsi silahsazlıq və metalişləmə sənətləri olub. Habelə Azərbaycanın ənənəvi silahları milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir.
Kataloqun müəllifi muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov 300-dən artıq fotoşəkillərlə zənginləşdirilib, nəfis tərtibatda çap edilən kataloq haqqında ətraflı məlumat verərək, XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətlərindən bəhs edib. Müəllif sözügedən yeni nəşrin strukturu, burada qeyd edilən məsələlər, təhlil olunan silahlar haqqında çıxış edib. S.Əhmədov bildirib ki, kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.
Kataloq təsdiq edir ki, muzeyin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir. S.Əhmədov Azərbaycanın ənənəvi silahlarının Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi araşdırılmasının vacibliyinə toxunaraq, bu baxımdan həyata keçiriləcək praktiki addımların vacibliyini xüsusi vurğulayıb.
Daha sonra kataloqun hazırlanmasında iştirak etmiş şəxslərə muzey adından Təşəkkürnamələr təqdim edilib.
Təqdimatın rəsmi və bədii hissələri muzeyin “Şərq” zalında keçirilib. Bədii hissədə Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında hərbi-vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri ifa olunub.
Sonda qonaqlar muzeydə nümayiş olunan “Silahın mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.
Tədbir iştirakçılarına kataloq təqdim olunub
Комментарии: