30 августа 2022 г.



Türkiyə sözün əsl mənasında bizə ən yaxın, qardaş ölkədir. Bu, sözün əsl mənasında belədir. Türkiyə-Azərbaycan münasibətləri siyasi müttəfiqlik münasibətlərindən fərqlənir. Bu münasibətlərin xüsusi formatı var. Ümumiyyətlə, türk xalqlarının müttəfiqlik, dostluq, qardaşlıq formatı öyrəşdiyimiz Avropa ölkələrinin ənənəvi müttəfiqlik münasibətlərindən fərqlənir.

Bunu Publika.az-a Türkiyənin Zəfər bayramının 100 illiyi ilə bağlı açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov bildirib.

O qeyd edib ki, Avropa, yaxud Rusiya müttəfiqlik formatı yalnız maraq güdməyi özündə ehtiva edir: “Nəticə etibarilə biri zəifləyəndə digəri onu satır. Biz bunu Rusiya-Ermənistan münasibətlərində gördük. Guya onlar siyasi, hərbi müttəfiqdirlər. Bir ittifaqın (Avrasiya İqtisadi İttifaqı) tərkibindədirlər. Amma faktiki olaraq Rusiya lazım olan məqamda heç fikirləşmədən Ermənistanın və erməni xalqının “maraqlarını” satdı. Ancaq Türkiyə-Azərbaycan münasibətləri tamam başqa formatdadır. Ona görə də qardaş ölkənin zəfərinin 100 illiyi bizim üçün də böyük bir bayramdır”.

Rizvan Hüseynov qeyd edib ki, bu, bizim də zəfərimizdir: “Çünki həmin dönəmdə türk xalqı, Osmanlı faktiki olaraq qurtuldu. Dünyanın böyük dövlətlərinin, istər Avropa, istər Rusiya, istərsə də Amerikanın planının əsas tərkib hissəsi o idi ki, Osmanlı dövləti təmiz dağılır, parçalanır və ən əsası paytaxtı olan, dünya üçün ən böyük siyasi və mənəvi rəmzi əks etdirən İstanbul şəhəri türklərin əlindən alınır. Ümumiyyətlə, türklərin böyük siyasətdə rolu sıfıra endirilir. Yüz il bundan öncə baş verən zəfər göstərdi ki, yeni dünya düzənində yeni türk siyasi milləti formalaşdı. Bilirsiniz ki, o dövr milli projelərin, milli dövlətlərin yarandığı dövr idi. Əslində birinci milli dövlət XVIII əsrin sonunda baş verən inqilabdan sonra Fransada yaranmışdı. Bundan sonra bir sıra Avropa ölkələrində də inqilablar baş vermiş və milli dövlətlər yaranmışdı. Bununla da yeni siyasi dövlət konsepsiyası – respublika üsul-idarəsi ortaya çıxdı. Həm də milli ideyalar əsasında qurulan dövlətlər, millətlər formalaşdı. Müsəlman Şərqi isə bu məsələdə bir xeyli gecikmişdi. Nəticə etibarilə böyük zərbələr altında qaldı. Yəni, o dövrdə daha çevik və müasir olan Avropa düşüncəsinin əsas məqsədi Şərqi zəbt etmək və buradakı ənənəvi, qədim dövlətləri dağıtmaq idir. Sözsüz ki, Şərqdə ən güclü dövlət də Osmanlı idi. Yəqin ki, Avropa da, Rusiya da, ABŞ da fikirləşirdilər ki, bu dövlətin belini qırmaqla xalqın da belini qıracaqlar. Amma türk xalqı sübut etdi ki, ən çətin dönəmdə ziyandan çıxıb, zəfər çalıb yenidən yeni dövlət formatında dünyaya doğula bilər”.

Tarixçi alim bildirib ki, biz ötən 100 illik dövrə baxsaq həqiqətən də yeni yaranmış türk respublikasının çox çətin dönəmlərdən keçdiyini görə bilərik: “Türk xalqı öz milli ideyasını qorumaq üçün böyük məhrumiyyətlər yaşadı, qurbanlar verdi. Bütün bunlar ona görə idi ki, təki türk dövləti yaşasın, qorunsun. Biz bilirik ki, həmin dövrdə SSRİ də yarandı və türk xalqlarının əksəriyyəti ittifaqa ya milli, ya da muxtar respublika kimi daxil oldu. Faktiki olaraq digər türk respublikaları, həmçinin Azərbaycan müstəqilliklərini itirdilər. Yeganə dövlətini qoruyan Türkiyə Cümhuriyyəti oldu və Türkiyə sözü də hamı üçün böyük bir rəmz oldu. O cümlədən bizim üçün 100 il ərzində böyük bir istiqamət oldu. Biz hamımız müstəqil türk dövlətinə baxıb özümüz üçün də dövlətimizin bərpa olunmasını arzulayırdıq. Sözsüz ki, Türkiyənin güclənməsində ən ciddi faktorlardan biri də Qafqazda Azərbaycanın və Mərkəzi Asiyada olan türk dövlətlərinin 1991-ci ildə yenidən müstəqilliyinə qovuşması idi. Bununla da Türkiyə projesi yeni nəfəs aldı. Nəticə etibarilə biz hazırda tam arxayın deyə bilərik ki, üzümüzə gələn dönəm türk əsridir. Bu türk əsrində lokomotiv rolunu sözsüz ki, güclənən Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və başqa türk dövlətləri oynayır. Yüz il geriyə, Türkiyənin keçdiyi yola baxanda görürsən ki, çox böyük inkişaf var. Əgər 100 il bundan əvvəl türk dövlətçiliyini qorumaqla, xilas etməklə bağlı birgə amal var idisə, bu gün biz görürük ki, müasir Türkiyə başqa türk xalqları, başqa türkdilli ölkələr üçün bir sipər rolu oynayır. Onların maraqlarını qoruyan dövlətdir. Həmçinin, Türkiyə öz maraqlarını başqa qitələrdə qoruyan dövlətə çevrilib. Eyni zamanda fövqəldövlətlər sırasına daxil olmağa hazırlaşır”.

Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri – Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.

30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atılıb. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.


Səxavət Həmid

Комментарии: