18 марта 2022 г.



Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi, ehtiyatda olan kapitan Rizvan Hüseynov Teleqraf.com-a geniş müsahibə verib.

Müsahibəni təqdim edirik.


– Rizvan müəllim, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri gündəmə gələn məsələlərdən biri ukraynalıların etnogenezi məsələsidir. Rusiyada mütləq çoxluq iddia edir ki, ukraynalılarla ruslar eyni xalqdır. Yaxud ruslardan dönmədirlər. Yada salmaq istərdim ki, 2021-ci ilin iyulunda Prezident Vladimir Putin ruslarla ukraynalıların əslində bir xalq olduğunu və ukraynalıların neo-nasist təşviqatçılar tərəfindən aldadıldığını iddia edən geniş məqalə dərc etmişdi. Bir çox insanlar isə ruslarla ukraynalıların ayrı-ayrı xalqlar olduğunu bildirirlər. Hətta ukraynalıların əcdadının türklər olduğunu qeyd edirlər. Bu baxımdan istərdim ki, əvvəlcə ruslarla ukraynalıların etnogenezi məsələsinə aydınlıq gətirək…

– Gəlin, elə ilk olaraq etnogenezin özü barədə danışaq. Bu, Avropadan gələn və əslində siyasi çalarlı bir elmdir. Bunun düsturları mütləq qaydada hansısa siyasi maraqlara işləyir. Sözsüz ki, biz etnogenez prosesinin getdiyini inkar etmirik, amma bizə tədris olunan müasir etnogenez elmində hansısa bir mərhələnin məhdud çərçivəsini götürüb onu tədris edirlər. Axı bu etnogenez dayanmadan gedən bir prosesdir. Necə ki, dillərin zənginləşməsi, dəyişməsi və ya ölməsi dayanmadan gedən prosesdir.

O ki qaldı müasir rus və Ukrayna xalqlarına… İstərdim bir qədər dərinə gedək. Məgər 300-400 il müasir rus xalqı, yaxud Rusiya var idimi? Bu, siyasi bir projedir. I Pyotrdan və ondan sonrakı dönəmdə siyasi bir millət formalaşıb. Təxminən XIX əsrin əvvəlində, ortalarında rus xalqının – “russkie və rossiyanin”in formalaşması prosesi başa çatıb. Azərbaycan dilində bunun bir fərqi yoxdur. Necə ki, “turok” və “tyurok” sözləri var. Bu baxımdan “russkie” və “rossiyanin” sözləri var. “Russkie”, bəli, bu qədim slavyanların etnik icmalarının etnogenezi nəticəsində meydana gələn və daim yaşayan xalqların kütləsidir. Bu, qədimdən var. “Rossiyanin” (“rossiyanka”) isə tarixi və sosial-siyasi birlik, politonim, siyasi və ya mülki xalq, müxtəlif etnik, dini, sosial və digər mənsubiyyətlərə malik Rusiya Federasiyası vətəndaşlarının birliyidir. “Rossiyanin” tarixi rus dövlətçiliyi əsasında konsolidasiya olunub. “Rossiyanin” kompleks etnik və dini tərkibə malikdir. Onun tərkibinə 190-dan çox etnik icma daxildir ki, onların da 80%-dən çoxu ruslardır. Bəlkə də üstündən bir müddət keçəndən sonra bu “rossiyanin” sözü də bir xalq tərəfindən mənimsəniləcək. Məsələn, müasir rus deyəcək ki, mən elə min ildir “rossiyanin”əm. Bəlkə də bu prosesi keçəcək. Necə ki, “russkiy narod”la bağlı belə olub. “Russkiy narod” da bir siyasi prosesdir. Təxminən 400 il bundan qabaq Moskoviya idi. Moskoviya əhalisi isə moskovit adlanırdı. Necə ki, litvin var idi. Əvvəl suveren dövlət, sonra isə Reç Pospolita federativ dövlətinin tərkibində fəaliyyət göstərən Litva Böyük Hersoqluğunun əhalisinə litvin deyirdilər. İndiyədək həmin familiya qalır. Hazırda həm müasir belarusa, həm litvalıya, həm də başqa xalqlara – polyakların bir qisminə litvin deyirlər. Bilirsinizmi, bunun kontekstini bilmədən gətirib hansısa siyasi çalar verirlər. Bu nə deməkdir? İndi bütün belaruslar litvindir? Yox! Bütün litovlular litvindir? Yenə də yox! Bu, keçmişdə Litva Böyük Hersoqluğunun əhalisini ifadə etmək üçün istifadə edilmiş bir termindir. Sonradan dağılıb və ayrı-ayrı xalqlara bölünüb. Müasir etnoqrafiyada litvinlər sakunlar, rusinlər, çernoruslar, pinçuklar, breşuklar ilə birlikdə belarusların subetnik qrupudur.

– Litvinenko soyadı da burdan əmələ gəlib?

– Bəli, Litvinenko ilə yanaşı Litveyenko da var. Necə ki, bizə bəzi qonşu xalqlar indiyədək Qacar deyir. Qızılbaş, tatar-tatrebi də deyən var. Bilirsiniz, etnogenez çox çətin prosesdir. Hazırda bunu götürüb siyasi alət kimi işlədirlər.

– Amma həm də dəqiq elmdir...

– Mənə görə, etnogenez dəqiq elm deyil. Çünki burada istənilən rəngi vermək mümkündür. Gəlin, bir misal çəkim. Qədimdə rusinlər var idi. Rusin xalqı hazırda Ukrayna, Macarıstan, Polşa və keçmiş Yuqoslaviya ərazisində yaranmış dövlətlərdə yaşayan milli azlıqdır. Bizim bu gün “rus” dediklərimizin əksəriyyəti rusin idi. Rusinin tərkibində müasir ukraynalı da var, rus da özünü ora əlavə edir. Slavyanların əksəriyyətini öz kökünü rusin hesab edir. Rus da qədimdən olan bir coğrafi ərazidir. “Kiyevskaya Rus” anlayışı var. Belə baxanda hələ bilinmir ki, kimin iddiası daha səlistdir və düzdür. Moskva deyir ki, mən “Kiyevskaya Rus”un və ya “Rusi”nin varisiyəm. Həmin sözü Ukrayna da deyir və haqlıdır. Çünki ərazi onundur. Kiyev də onundur. Bütün rus etnogenezinin və qədim və orta əsrlər siyasi tarixinin əsas məqamları müasir Ukrayna ərazisində baş verib. Məsələn, müasir Rusiya Kamçatka da deməkdir. Kamçatkanın “Kiyevskaya Rus”da gedən siyasi-dini proseslərə hansı qatqısı olub? Heç bir qatqısı olmayıb. Yaxud, Dağıstan, Krasnoyarsk.

Qonşu xalqlar Rusiyaya “Ruosiya” deyirdilər. Biz də ana dilimizdə Rusiya deyirik. XVIII əsrdə – I Pyotrun dövründə və hətta bir qədər öncə Bizans dönəmində yunan dilində “Rosiya” deyirdilər. İngilis dilində “Raşa” deyirlər. I Pyotr dövründə yaranan yeni dövlət – imperiya “Rusiya” sözünü yox, “Rossiya” sözünü istifadə etməyə başladı. Pyotr bununla “Ruosiya” sözünə yeni siyasi çalar verdi. “Ruosiya”nın coğrafiyası məhduddur axı. “Ruosiya”nın ərazisi Ukraynanın, Belarusun və bir qədər müasir Rusiyanın ərazisidir. Amma “Rossiya” sözünü bunlar Kamçatkayadək əyalətinədək apardılar. Hətta bir ara Qars və İqdır da “Rossiya” idi. “Rossiya” siyasi proje olaraq Çinin Mançjuriya əyalətinədək aparıldı. İndi sabah bu proje olmayacağı təqdirdə “Rossiya”nın tərkibində olan hissələr öz keçmişlərinə qayıdacaqlar. Deyəcəklər ki, biz keçmişdə bu olmuşuq. Onda onlara deyəndə ki, siz “Rossiya”sız, qatmaqarışıq vəziyyət yaranacaq. Həmin vəziyyət indiyədək keçmişlə bağlıdır.

Ukrayna sözü isə “Okraina” sözündəndir. Bizim dilimizdə “iraq, kənar yer” mənasına gəlir. Çar Rusiyası Boqdan Xmelnitskidən sonra rus dövlətinə qoşulan xalqlara, yəni müasir Ukrayna xalqına “Malorossiya” deməyə başladı. Halbuki onların əksəriyyəti özlərinə rusin deyirdi. Onların içində kazaklar da var. Müasir Ukrayna xalqı bir etnosdan ibarət deyil. Necə ki, istənilən xalqın yüzlərlə etnosu var. Bunun içində türk mənşəli, türkə yaxın kazaklar var. Həmçinin rusinlər, özlərinə xoxol deyənlər də var. Fərqli-fərqli etnoslar var. Hansıların ki, mayasında güclü türk faktoru və etnogenezi mövcuddur. Bunun heç kim dana bilməz. Heç kim! Rusun öz etnogenezində güclü türk çaları var. Amma bu o demək deyil ki, ukraynalılar türkdür. Bunu da demək olmaz. Mədəniyyət və bəzi digər hallar qarışıb.

İndi fikir verin, Boqdan Xmelnitskidən sonra “Velikaya Rossiya” bu hissənin adını “Malaya Rus” qoydu. Litvinlərin adını “Belaya rus” qoydu. “Velikaya Rus”, yəni rusun özü, yanında “Malaya rus”, litvinlərə isə “Belaya rus”, yəni əsl rus deməyə başladı. Bizim dilimizdə də o anlayış var: Qaraqoyunlu, Ağqoyunlu, Qarakilsə, Ağkilsə və sair. Bu rənglər dərin mənalar əks etdirir. “Ağ” əsas siyasi mərkəz deməkdir, “qara” bizim dildə “böyük” deməkdir. “Malorossiya” da onun qədimdən qalan kiçik bir hissəsidir. Yəni, kiçik Vətən. Həmin anlayışı rus Avropadan, Bizansdan, türklərdən götürüb. Yeni bir şey icad etməyib. Üç elementdən bir siyasi proje hazırlayıb – “Velikaya Rossiya”, “Malaya Rossiya” və “Belaya Rossiya”. Slavyanlığın, pravoslavlığın kökündə bu üç element dayanır.

Bolşeviklər gələndən sonra dedilər ki, bu şovinist bir anlamdır. Necə yəni, rusun balası – “Malorossiya”? Bununla biz o xalqı təhqir etmiş oluruq. Yəni, biz “Velikaya Ros”uq, onlar “Maloross”dur. Belə olmaz. Milli projedir axı. Milli hisslərinə toxunuruq. Adını dəyişib Ukrayna qoydular. Dövlətin adı Ukraynadırsa, demək əhalisi də ukraynalıdır. Necə ki, bizdə Azərbaycan Respublikası idi. Nəticədə 1936-cı ildə bizim pasportlarda azərbaycanlı yazılmasına başladı. Axı bu bir siyasi prosesdir, azərbaycanlılar sözündə etnik faktor yoxdur. Amma müasir dönəmdə çox adam səhv salır. Deyir ki, mən azərbaycanlıyam, o ləzgidir, o biri avardır. Elə deyil. Hamımız azərbaycanlıyıq. Kimin cibində Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi varsa, o azərbaycanlıdır. Bunun içində türkü, ləzgisi, avarı, rus və sair var. Toplum olaraq azərbaycanlıyıq. Həmin şey Ukraynaya da aiddir. Toplum olaraq ukraynalılardır. Amma içində fərqli-fərqli xalqlar, o cümlədən slavyan xalqları var. Ukraynada elə slavyan xalqları var ki, bir-birlərinin dillərini başa düşmürlər. Biz bilirik ki, şərqi Ukraynanın – Xarkov istiqaməti dili, mədəniyyəti rusa daha yaxındır. Ona gör ki, uzun əsrlər boyu rusla təmasda olub. Qərbi Ukraynanın – Lvov vilayətində yaşayanlarn dili, mədəniyyəti Polşaya, Macarıstana yaxındır. Cənub tərəfi də daha türk mənşəlidir. Şimal tərəfi – Belarusa yaxın yerlər Pribaltikaya daha meyillidir. Bu, normal bir prosesdir. Həmin prosesi bütün xalqlar yaşayır.

– Qeyd etdiniz ki, Rusiya imperiyası litvinlərə “belaya rus”, yəni əsl rus deməyə başladı. Belarusun adının da buradan yarandığını ehtimal etmək olarmı?

– Reç Pospolita dövlətinin tərkibində müasir Polşa, Litva və müasir Belarusun böyük bir ərazisi olub. Yəni, Belarus tərkib hissə olaraq müasir Rusiyaya düşmən olan Reç Pospolitanın bir hissəsi olub.

O ki qaldı Belarusun adının necə əmələ gəlməsinə, XIX əsrdən sonra rus təfəkküründə panslavyanizm – ümumi pravoslavlıq ideyası meydana çıxandan sonra oradan “Velikaya Rosiya”, “Belorosiya” və “Malarosiya” elementi yarandı. Guya bunlar böyük bir xalqdır, hamısı rusdur, hamısı eyni din, eyni düşüncə daşıyırlar və guya orta əsrlərdə düşmənlər – Qərbdən Avropa ölkələri, Reç Pospolita (polyaklar), cənubdan Osmanlı, qıpçaqlar, monqol-tatarlar bunları bölüb. Nəticədə bu böyük xalq əsrlər boyu bölünmüş vəziyyətdə qalıb, bunun da nəticəsində dilləri, mədəniyyətləri fərqlənib, indi, yəni XIX əsrdə çar Rusiyası bəyan edib ki, slavyanlar, pravoslarvlar, mən yenidən sizi bu bir yerə yığıram. Doğrudur, bunun bəzi düsturları düzdür. Amma bu o demək deyil ki, elə olub. Yəni, bu əslində siyasi bir projedir. “Velikaya Rossiya”, “Belo Roosiya” və “Mala Rossiya” rus siyasi mərkəzlərindən çıxan bir projedir. Bunun arxasında yenə də bəzi Avropa ölkələrinin maraqları dayanır.

– Ukrayna adını bolşeviklər verib?

– Bəli, dövlətin adını bolşeviklər verib. Ukrayna 1917-ci ildə müstəqilliyini qazandı, bolşeviklər gələndən sonra ilk sosialist Ukrayna Respublikasının mərkəzi ora idi. Ona görə də indi gedən müharibədə Rusiya ilk növbədə Xarkovu almağa çalışır. Xarkov alsa, yaxud alsaydı alternativ Ukrayna dövləti orada yaranmalı, qondarma, əldəqayırma prezident qoyulmalı idi. Bu ya Yanukoviç, ya da digər kimsə olacaqdı və onun əli ilə rus öz siyasi oyununu oynayacaqdı.

– İlya Kiva da ola bilərdi...

– Min adam ola bilər. Burada əsas məsələ həmin şəxsin kimliyi deyil. Burada vacib olan projedir. Kiyevi almaq mümkünsüz idi, gördülər ki, bu iki günə alınacaq iş deyil. Məntiqə uyğun olaraq Rusiyanın planının biri iki-üç günə Kiyevi almaq idi.

– Biz bu məsələyə qayıdacağıq. Hələlik bir məsələyə münasibətinizi bilmək istərdk. Vladimir Putin artıq son bir neçə ildə davamlı şəkildə bildirirdi ki, bolşeviklər tarixi Rusiya dövlətini 1920-ci illərdə Ukrayna bağışlayıblar və bu zaman həmin ərazidə yaşayanların fikri öyrənilməyib. Sonuncu dəfə V.Putin bu fikri Donbasda hərbi əməliyyatların başlanması ilə bağlı fevralın 24-də səhər ölkəsinin xalqına etdiyi çıxışı zamanı bildirib. Bu məsələyə münasibətinizi bilmək istərdik.

– Gəlin, belə danışaq. Rusiya siyasi elitası nəyə istinad edir? Rusiya SSRİ-nin siyasi varisidirmi?

– Müasir Rusiya RSFSR-in varisidir.

– Rusiya SSRİ-nin varisidir. Borclarını da verib. O zaman niyə tənqid edir? O zaman SSRİ-nin, bolşeviklərin siyasətini niyə tənqid edir? Əgər sən bolşevik dövlətinin varisisənsə, onun nəyi kimə verdiyini, nəyi kimdən aldığını qəbul etməlisən. Əgər sən çar Rusiyasının varisisənsə və böyük Rusiya ideyası ilə yaşayırsansa bu başqa bir şeydir. Bu gün Rusiya avrasiyaçılıq ideyasından yapışıb. Belə çıxır ki, Çingiz xan dövlətinin varisidir?! Yəni, bunlar hər gün fərqli-fərqli fikirlər deyib özlərini də, xalqlarıda çaşdırırlar. Ona görə ki, Rusiyada vahid ideoloji xətt yoxdur. Və bu dönəmdə Rusiyanın nə dediyi vacib deyil. Məqsəd bəllidir. Məqsəd hansısa yolla ideoloji don geyindirərək Ukraynanı ram etməkdir. Bu da siyasi məsələlərlə bağlıdır. Yəni, Ukrayna seçimini edib. Avropaya, NATO-ya inteqrasiya yolu tutub. Rusiya da bunu qəbul edə bilmir. Daha Rusiya rəhbərliyinin bu işğala hansı don geyindirməsi mən bilən vacib deyil.

– Ukraynalılar ruslara moskallar, Rusiyaya isə “Росія” deyirlər. Moskal sözünün mənası nədir?

– Biz bayaq qeyd etdik ki, I Pyotrdan öncə Rusiyanın adı Moskoviya idi. I Pyotr 1721-ci ildə Şimal müharibəsində İsveç kralı XII Karlı məğlub edəərk imperiya qurdu və dövlətin adını “Rossiyskaya imperiya” qoydu. O vaxtadək I Pyotr bütün Rusinin çarı idi. Bu müharibədən sonra isə dövlət genişlənərək bütün Moskva çarlığının ərazisindən çıxdı. Yeni ada ehtiyac yarandı. Moskoviyanın da adı latın, Avropa dillərində, Ukrayna dillərində Moska, Mosku, Moskova, Moskou və ya Moskoviti adlanır. Necə ki, ruslar ukraynalılara “sizin keçmişiniz xoxol olub” və ya digər təhqiamiz söz deməyə çalışırlar. Ukrayna tərəfi də moskallar deməklə yada salmaq istəyir ki, siz heç kimsiniz. Siz Qızıl Ordanın atlarının ayağı altında olan bir yer idiniz, adınız da Moskoviya idi.

Moskal sözünün fərqli mənaları da var. Müasir Moskva Çingiz xanın böyük oğlu Cuçi xanın (1185-1227) bir ulusu, yəni eli, obası, kəndi, yurdu idi, ona tabe idi (ulus Mərkəzi və Orta Asiya, Sibir xalqları arasında xanlara tabe olan müəyyən əraziyə malik qəbilə birliyidir). Xəracı yığmaq səlahiyyətini Qızıl Orda xanları Moskva knyazlarına vermişdi. Vergi orda toplanılırdı, oradan da Qızıl Ordanın mərkəzinə ötürülürdü. Tarixdən bilirik ki, Moskvada yaşayan moskovitlər ətraf xalqları amansızcasına istisamar ediblər. Məsələn, çingizidlərə çatacaq vergi 10 faiz idisə, əhalidən daha çox pul yığılırdı. Bu qəddar istismarçıya moskal deyirdilər. Yəni, bu moskaldır, gəlib bizi burada sümürür, hər şeyimizi alır. Aparıb böyüyünə verir, onu da aldadır, bir qismini cibinə qoyur. Moskal sözünün bir mənası da budur. Ukrayna üçün moskal sözü o deməkdir ki, kiminsə, üçüncü tərəfin sifarişi ilə məni talan edənin yadına salıram ki, sən busan, keçmişin də bu olub – moskal.

– Bəs xoxollar kimlərdir? Xoxol sözünün mənası nədir?


(Ardı var)


Müəllif: Səxavət Həmid

Комментарии: