4 февраля 2022 г.


Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov Teleqraf.com-a geniş müsahibə verib.



Müsahibəni təqdim edirik

Müəllif: Səxavət Həmid

(Əvvəli burada)


– Maraqlı bir nöqtəyə gəlib çıxdıq. Həqiqətən də müasir Rusiya son istinad nöqtəsi kimi 77 il öncə faşizmlə müharibədə qazandığı qələbədən yapışıb. Ruslar özləri haqqında həmişə belə bir mif yaradıblar ki, onlar məğlubedilməzdirlər. Mən bu yaxınlarda bir rus saytında “Mif o nepobedimosti Rossii: komu i skolko raz mı proiqrıvali v voynax” adlı məqalə oxudum. Həmin məqalədə bildirilirdi ki, Rusiya imperiyası XVI əsrdə 3, XVII əsrdə 3, XVIII əsrdə 1, XIX əsrdə 1, XX əsrdə isə Rusiya imperiyası və SSRİ 4 dəfə məğlub olub. Ümumilikdə Rusiya 12 müharibədə uduzub. Üstəlik bura Rusiyanın koalisiyanın tərkibində olduğu uduzulmuş sərhəd münaqişələri və müharibələr daxil deyil...


– Əlbəttə, Rusiya bu gün güclü dövlətdir. Bunu heç kim inkar etmir. Amma tarixə baxsaq, görərik ki, rusların məğlubedilməz olması barədə deyilənlər və yazılanlar mifdir. Biz bunu deyərkən tarixi faktlara istinad edirik. Uzağa getməyək, gəlin, XX əsrə baxaq. XX əsrdə Rusiya ilk olaraq 1904-1905-ci illərdə Yaponiyaya qarşı uğursuz döyüşüb.

Birinci dünya müharibəsində Rusiyanın iştirakını götürək. Düzdür, müharibə Rusiya imperiyası üçün müxtəlif dərəcədə müvəffəqiyyətlə inkişaf edirdi. Lakin 1917-ci ildə Fevral inqilabı baş verdi və çar hakimiyyətdən uzaqlaşdırıldı. Lenin və yoldaşları “Dördlər İttifaqı” ilə alçaldıcı saziş imzalamağa tələsdilər. Nəticədə Sovet Rusiyası 1918-ci il martın 3-də Brest-Litovskda separatçı sülh müqaviləsini imzaladı ki, bu da Rusiyanın Birinci dünya müharibəsində məğlubiyyəti idi.

Yaxud başqa bir nümunəyə müraciət edək. Vətəndaş müharibəsində ağları qismən məğlub edən bolşeviklər 1919-cu ildə Polşanı tutmağa başladılar. Polşa yürüşü Qırmızı ordu üçün əvvəlcə uğurla inkişaf etdi. Lakin yekunda hər şey Varşava döyüşündə sovet qoşunlarının dəhşətli məğlubiyyəti ilə başa çatdı. 1921-ci ilin Riqa sülh müqaviləsi ilə müharibə biabırçı şəkildə uduzuldu.

1979-1989-cu illərdəki Əfqanıstan kampaniyasında kimin qalib, kimin məğlub olduğuna dair yekdil fikir yoxdur. Amma fakt faktlığında qalır: sovet qoşunları Əfqanıstanın sovetyönlü hökumətə qarşı çıxan qüvvələri darmadağın edə bilmədi. Sovet hərbi kontingentinin çıxarılmasından sonra Məhəmməd Nəcibullahın sovetyönlü rejimi tez bir zamanda mövqelərini təhvil verdi. Artıq 1992-ci ildə Kabil döyüşsüz mücahidlər tərəfindən ələ keçirildi.

Rusların ötən əsrdəki hərbi uğursuzluqlar tsiklini Birinci Çeçen müharibəsi (1994-96) tamamlayır. Bu müharibənin sonu olaraq imzalanan Xasavyurt sazişi və Moskva müqaviləsi nəticəsində rus qoşunları Çeçenistandan çıxarıldı. Çeçenistanın statusu məsələsi 31 dekabr 2001-ci ilə qədər təxirə salındı və İkinci Çeçen müharibəsindən əvvələdək Çeçenistan de-fakto müstəqil olaraq qaldı.


– İsveç imperiyası da bir vaxtlar Rusiyanın ən çox qorxduğu qonşusu olub. Hətta, “İvan Vasilyeviç peşəsini dəyişir” filmində İsveç səfirinin kral XII Karlın adından çar İvan Qroznıdan “Kemska volost”u (“Kemskaya volost”) onlara verməyi tələb etməsi ilə bağlı səhnə var. Yaxud, Moskvanın polyak-Litva işğalını götürək. Moskva Kremli iki il (1610-12 illərdə) polyak-Litva qoşununun əlində olub...


– Bəli, çox yaxşı məqamlara toxunursuz. Moskvanı həmin vaxt iki tatar balası – Kuzma Minin və Dmitri Pojarski xilas edib. Yaxud Napoleonun yürüşlərinin qarşısını alan yenə tatar-başqırd birliyi olub. Rus ordusu qoyub qaçıb.

Yəni, bilirsinizmi, istənilən xalq öz tarixini mütləq elə yazır ki, guya hamıya qalib gəlib. İstər xırda erməni satqınları olsun, istərsə də böyük dövlətlər. Ermənilərin tarixinə baxdıqda məlum olur ki, sən demə onlar 5 min ildir (!) hamıya “qalib gəlirlər”. Onlar Babil imperiyasına, Sasanilərə “qalib gəliblər”, hamını “darmadağın” ediblər.

Rusiyaya gəldikdə isə Rusiya heç olmasa, ərazi baxımından böyükdür. Sözsüz ki, o da özünə şanlı tarix yazıb. Faşizm üzərində qələbəni də mərkəzə qoyur ki, bəşəriyyəti xilas edib. Sonra da onun sağına-soluna muncuq kimi I Pyotrun İsveç, I Aleksandrın Fransa üzərində qələbəsini, başqa qələbələri bəzəyir. Ancaq hərb və digər məsələlərdən bir qədər baş çıxaran adam bilir ki, SSRİ faşizmlə mübarizədə inanılmaz itkilər verib. Halbuki dəfələrlə, on dəfədən az itki verə bilərdi. Demək, burada sayla qalib gəlmək mümkün olub. Bir-iki rus eksperti illər öncə mənə demişdi ki, 10 milyonluq xalqsız, 3 milyonluq erməniyə uduzmusuz, ərazinizin 20 faizini əlinizdən alıb. Dedim ki, əzizim, Azərbaycanın bütöv ərazisinə və coğrafi məkanına bax. Burda bir dənə səhv məğlubiyyətə bərabərdir. Sizin kimi milyonlarla kvadrat kilometr ərazimiz, Uraladək qaçmaq imkanımız yoxdur.


– Həqiqətən də bu bir faktdır ki, ölkənin ərazi baxımından böyük olmasının müsbət və mənfi tərəfləri var. Başlıca müsbət tərəflərdən biri bundan ibarətdir ki, nəhəng ölkəni işğal etmək olduqca çətindir. İkinci Dünya müharibəsi zamanı sənaye sahələri qısa müddət ərzində ölkənin dərinliklərinə – arxa cəbhəyə köçürüldü və müdafiənin təşkilinə, daha sonra isə əks-hücuma başlanıldı. Kiçik ölkələrdə bu, prinsipcə mümkün deyil.


– Ruslar istər Napoleonun, istərsə Hitlerin hücumu zamanı eyni istiqamətdə qaçıblar. Yəni, rusun hara və hansı vaxt dönəmində qaçdığı ssenarisi bəllidir. Napoleonun da, Hitlerin də hücumunun günü bəllidir – yayda. Plan da blitskriq idi. Nəticə etibarilə qarşı tərəf o qədər qaçdı ki, qış gəldi. Qış yaxınlaşanadək min kilometrlərlə qaçırlar, qışda dayanırlar və müdafiəyə başlayırlar. Ruslar deyirlər ki, “Pobedil qeneral moroz”. Texnika isə payızda palçığa batır, hərəkət edə bilmir. Burada rusların üstünlüyü nədədir? Payızda rus qaçmağa başlayır. Arxasınca gələn palçığa batır. O gələnədək qış düşür, şaxta vurur, o vaxtadək işini görür, zavodlar qurur, təchizatı təmin edir. Şaxta üzərində gələn düşmənə hücum etmək də rahatdır. Ağır texnika buzun üzərində əla yeriyir.

Ancaq Ağdamdan Bakıya cəmi 360 kilometrdir. İki tank yürüşü məsafə var. Yəni, Ağdamda baş verən bir səhv o deməkdir ki, Bakını itirdin, Ağdamda baş verən bir səhv o deməkdir ki, İrəvanı itirdin. Siz isə hardan hara qaçmısız. Elə qaçırdınız ki, arxanızca gələn düşmən çata bilmirdi. Qaçıb çatanadək qış düşdü. Budurmu qələbənin şərti?! Ona görə də rusların əksər müharibələrdə qalib gəlməsini heç kim inkar etmir, amma coğrafi üstünlük də, klimatik səbəblər var.

Di gəl ki, bunların başı üstündə – hakimiyyətdə həmişə qeyri-rus olub. Rusun qalib gəldiyi istənilən dönəmdə rəhbər qeyri-rus olub.


– Bunu bir qədər incələsək, yaxşı olardı...


– Sovet dönəmində kim olub? Stalin – qafqazlı. I Pyotr alman olub? Olub. Ümumiyyətlə, Pyotrdan sonra bütün sülalə alman sülaləsi olub.


– Təkcə alman olmayıb, qarışıq olub...


– Qarışıq polyakla olub, rusla olmayıb ki. Ümumrusiya taxt-tacına rəhbərlik edən Holşteyn-Hottorp-Romanovlar sülaləsinə baxın. Orada rus qanı varmı? Alman, polyak, İsveç, fin, türk. Nə istəyirsən var. Çarların izdivacına baxın. Hamısının izdivacı qeyri-ruslarla olub. Bir-iki dəfə rus olub. Araşdıranda onların da yarı rus olduqları aşkara çıxır. Yəni, ortaya çıxan faktiki mənzərə budur.

Nə ilə öyünürsüz? O boyda imperiya qurdunuz, Avropanın sifarişi ilə isti dənizlərə çıxış axtarırdınız. Kimin üçün isti dənizlər axtarırdınız? İsti dənizə çıxışınız, Osmanlı, Səfəvi dövləti ilə ticarətiniz var idi. Sizə kömək edən Osmanlı deyildimi? Sizə taxt verən Səfəvi deyildimi? Ay Moskva knyazı, sənə hərtərəfli köməklik edən I Şah Abbas deyildimi? Nə tez bunu unutdunuz? Vatikanın, almanların yanına qaçdınız. Onlar da sizi bizə qarşı istifadə etdilər. Bilirdilər ki, sizin qaçmağa yeriniz var. Dediyim kimi milyonlarla kvadrat kilometr əraziniz var. Haraları fəth etmisiz? Xırda Sibir xalqlarını. Sibir xanlığını, Kazan xanlığını, Həştərxan xanlığını, Qazax xanlığını, Xivə xanlığını, Kokand xanlığını, Buxara əmirliyini. Əlinizdə müasir texnika, top-tüfəng, silah-sursat. Sizə qarşı döyüşən nə gündə idi? Nə texniki təchizatı var idi? Buna baxmayaraq Azərbaycan bəylərbəyliyi 1801-ci ildən 1828-ci ilə kimi – düz 27 il Rusiya ilə döyüşdü. Abbas Mirzə Qacar döyüşdü.


– Məsələyə bir qədər də əhatəli yanaşsaq deməliyik ki, Şimali Qafqazın Rusiya imperiyasına birləşdirilməsi məqsədini güdən Qafqaz müharibəsi 47 il (1817-1864) davam edib. Təsəvvür edin ki, Rusiya imperator ordusu kiçik Şimali Qafqaz imaməti ilə bu qədər uzun müddət ərzində döyüşüb...


– Bəli, Şamil hərəkatını götürək. Şamil 25 il imperiyaya qarşı döyüşüb. Qafqaz nə boyda yerdir ki? Ona niyə qalib gələ bilmirdiniz? Normal təchizat yox, dənizə çıxış da yoxdur ki, deyəsən dəniz yolu ilı silah-sursat gələcək. Güc-bəla ilə ordan-burdan silah-sursat alırdılar. Silah-sursat da tüfəngdən ibarət idi. Amma bizim Qarabağda, o boyda dağlıq ərazidə keçirdiyimiz möhtəşəm hərbi əməliyyata baxın. Bir həftəyə hər şeyi həll etdik.

Bir məqamı da qeyd etmək istəyirəm. Bəzən 1804-13 və 1826-28-ci illərdə baş verən müharibələrə rus-fars müharibələri, rus-İran müharibələri deyilir. Niyə yalan danışılır? Abbas Mirzə Qacar Azərbaycan bəylərbəyi, Qacar vəliəhdi döyüşüb. Döyüşən bütün qüvvə, silah-sursat, təchizat ancaq Azərbaycanın idi. Başqa vilayətlər qoşulmurdu. Hətta Fətəli şahın oğluna məşhur məktubu var. Abbas Mirzə də cavabında yazır ki, ata, mən uşaqlıqdan atdan düşmürəm, döyüşürəm, Azərbaycan tükəndi. O boyda nəhəng Rusiyaya qarşı Azərbaycan bəylərbəyliyinin resursu yox idi axı. Ancaq buna baxmayaraq 27 il döyüşdük. Ta İrəvan ruslar tərəfindən alınana kimi. Deməli, bacardıq. Ancaq rus bunu bizə necə təqdim edir? Abbas Mirzə başda olmaqla uğursuz, kütbeyin kütlə məğlub oldu. Əgər məğlub olan idisə, ay rus, niyə 27 il döyüşdünüz? Qafqaz kiçik bir ərazidir, Sibir xanlığını heç yarısı boyda deyil. Sibiri bir mövsümdə almısansa, Qafqazı niyə 27 ilə ala bilmirdin? Rusun ekspansionist siyasətinin belini Qafqazda elə bizlər qırmışıq. Rusun bura qoyduğu maya, güc, hərbi xərclər hesablansa, bəlkə də on Avropa ala bilərdi.


– Bəs nəticə, yəni, Rusiyanın sonradan buradan əldə etdiyi mənfəət nə qədər olub?


– Nəticə o oldu ki, Qafqazın bütün investisiyalarını XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərb – Rotşildlər, Rokfellerlər və Nobellər qoydu. Azərbaycanın neft sənayesində qeyri-rus kapitalının faizi bəllidir. O zaman rus əsgəri burada kimin maraqları üçün həlak olurdu? Deməli, ay rus dövləti, sən kiminsə sifarişi ilə bunu edirdin. Ona görə də indi burdan nəsə tələb etməyə nə haqqın var?

Biz kim olduğumuzu nə qədər çox tanısaq, kim olduğumuzu bilsək, bir o qədər yaxşıdır. Bizi həmişə aşağılayıblar. Mütləq deyiblər ki, bacarıqsızıq, bütün hökmdarlarımız satqın olub, bir-birini öldürüb, o xan belə, bu padşah elə... Hamısı yalandır. Amma özlərinə – erməni, gürcü, rus – mütləq möhtəşəm yalançı tarix yazıblar. Bu da beyinlərə təsir edir. Düzdürmü? Ona görə də erməni indiyədək şokdadır ki, necə oldu ki, azərbaycanlı mənə qalib gəldi?! Necə bunun xüsusi təyinatlısı var, bu mümkün deyil. Niyə? Çünki yalan, tarix başqa şey göstərir. Ruslarda da həmin problem var. İndi rus problemi dəf eləsə, biz türk olaraq, türk xalqları olaraq hər şeyi bağışlayarıq. Biz Allahın izni ilə səbrli və bağışlayanıq. Ona görə ki, bunu bizə Allah öyrədib. Rus səhvlərini, düşmənlərini gördü. Həmin Avropadır ki, rus o Avropanın əli ilə yüz illərdir bizim başımıza oyun açırdı. İndi ordan əli-ayağı kəsilib. Hara gəlib? Gəlib yanımıza. Allah axırını xeyir eləsin.


Комментарии: