İşğaldan azad olunan ərazilərimizdə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələrimizin vəziyyətinin tam öyrənilməsi vacibdir
Bakı, 24 may, AZƏRTAC
Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov deyib.
Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və yerləşən obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanır və istifadə olunur”.
Rizvan Hüseynov diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilərimizdə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələrimizin vəziyyətinin tam öyrənilməsi də qarşıda duran aktual məsələlərdəndir. Otuz il ərzində erməni vandalizminə məruz qalan maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı, milli sərvətimizdir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
O, məlumat verib ki, bununla bağlı əməkdaşı olduğu institutda müəyyən işlər görülüb, 2018-ci ildə “Günəşin axtarışında” işçi qrupu yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir. Layihə çərçivəsində Azərbaycanın sərhəd bölgələrindəki ərazilərində yerləşən abidələrin vəziyyəti ilə bağlı məlumatlar toplanıb. Məlumatlar əsasında UNESCO səviyyəsində film də çəkilib.
“Azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün işlərin aparılması təşkil edəcək. İnanıram ki, Qarabağın bərpasında tətbiq olunan yeniliklər, xüsusilə “ağıllı kənd” layihəsi bu sahədə aparılan işlərə də öz töhfəsini verəcək”, – deyə Rizvan Hüseynov qeyd edib.
Комментарии: