4 апреля 2021 г.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan kapitanı Rizvan Hüseynov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.



– Rizvan müəllim, İkinci Qarabağ müharibəsi zamanı ermənilərin Şuşaya atdıqları “İskəndər” raketinin Rusiyanın Ermənistana verdiyi “E” tipli deyil, “M”, yəni modifikasiya olunmuş və ixrac üçün nəzərdə tutulmayan tipdə olması bu məsələ ətrafında tamamilə yeni situasiyanın yaranmasına səbəb olub. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan kapitanı, bu gün də silahlı qüvvələrlə əlaqəsi olan, işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər edən, hərbçilərimizlə görüşən bir insan kimi sizin də bu istiqamətdə fikirlərinizi bilmək istərdik ...

– Burada iki variant ehtimal olunur. Əgər vaxtilə Rusiya Müdafə Nazirliyi və müdafiə sənayesi tərəfindən Ermənistana ötürülən raket sistemləri modifikasiya olunmuş “İskəndər M” idisə və bu gizlədilirdisə, başqa bir məsələ də aktualdır. Aydındır ki, Ermənistan qadağan olunmuş silahlardan, həmçinin, “İskəndər M” raketlərindən istifadə edib. İstər kassetli bombalardan, istər “Toçka-U”dan, istərsə də digər taktiki raket kompleksindən, həmçinin, S-300-lərdən yararlanıb. Amma burada bir variant ola bilər. Biz bilirik ki, Gümrüdəki 102 saylı Rusiya bazasında da həmin raketlərin divizionu var. Burada ya vaxtilə qeyri-səmimilik olub, yəni Rusiya Ermənistana “İskəndər E” verdiyini bildirib, əslində isə “İskəndər M” verib, ya da ikinci variantdır. Yəni 102-ci bazadan həmin “İskəndər M”lərin divizionu gətirilərək istifadə olunub. Hər halda bu məsələnin üstü açılacaq.

Bunun qapalı qalması uzun çəkə bilməz. Ola bilər ki, mediada getməsin. Amma bunu yoxlamaq heç bir çətinlik törətmir. Çünki neçə ölkənin kosmik peykləri, kosmosdan nəzarət var, həmçinin, Azərbaycanın peykləri, başqa sistem və qurğular var. İstər radioelektron, istərsə də başqa qurğular mövcuddur. Onların vasitəsilə çox gözəl görmək və anlamaq olar ki, kim hara hərəkət edib. Hər halda mən belə başa düşürəm, Azərbaycana lazım olan odur ki, bu məsələnin üstü açılsın. Yəni Azərbaycan müdaxilə etmədən bu məsələdə iştirakçı olan tərəflər özləri aydınlıq gətirsinlər ki, nə baş verib. Digər variant isə odur ki, əgər aydınlıq gətirilməsə, o zaman qeydə alınan bütün məlumatlara dair Azərbaycanın özü tərəfindən çox gözəl izah verilə bilər.

– Bəs nə üçün indiyədək bu məlumatı aşkara çıxarmaq mümkün olmayıb? Əgər müharibə dövründə hər bir şey qeydə alınıbsa, niyə yalnız martın 15-də axtarış zamanı “İskəndər M” raketinin qalıqlarının tapılmasından sonra bu raketdən istifadə edildiyi üzə çıxarıldı?

– Burada da iki variant var: birincisi, onsuz da bilirdik ki, bu istifadə olunub. İkincisi, yəqin ki, yadınızdadır, 44 günlük müharibə dönəmində neçə dəfə Azərbaycan Müdafiə Nazirliyi çəkilişləri nümayiş etdirmişdi. İstər dronlardan, istər kosmosdan, istərsə də aerofoto çəkilişdən biz görürdük ki, Azərbaycan tərəfi bu silahları necə qeydə alır və sonra məhv edir. Yəni martın 15-də artıq əşyayi-dəlil ortaya çıxdığına görə ola bilsin ki, bu mövzu təzələndi.

Bir əlavə etmək istəyirəm. Şuşanın azad edilməsi əməliyyatında birbaşa iştirak edən yüksək rütbəli zabitlərdən aldığım məlumata əsasən deyə bilərəm ki, Şuşa şəhəri Xüsusi Təyinatlı Qüvvələr tərəfindən azad edildikdən sonrakı iki-üç gün ərzində dəhşətli bombardmana məruz qalıb. Şuşaya atılmayan silah qalmayıb. Dediyim kimi bütün qadağan olunmuş silahlar da daxil olmaqla Şuşaya daha nələr atılmayıb... Həmin müddətdə şəhərdə böyük dağıntılar baş verib. Qalanın, şəhərin özü dağıntılara məruz qalıb. Hətta indi ermənilər çığır-bağır salırlar ki, kilsənin biri zədələnib, həmin kilsəni də ermənilər özləri zədələyib. Yüksək rütbəli zabitlər mənə deyirdilər ki, atılan silahlar içində həm “İskəndər”, həm S-300, həm də “Toçka-U” və digər taktiki raketlər var idi. Sadəcə olaraq ola bilsin ki, indi əşyayi-dəlil ortaya çıxıb. Normal bir haldır ki, bir əşyayi-dəlil tapılandan sonra onun istintaqı aparılır. Demokratik cəmiyyətik, istintaq aparılanda məlumatın hansı tərəfi məxfi deyilsə, o da mətbuata açıqlanır.

Şuşanın işğaldan azad olunmasından sonra bombardmana məruz qalmasını İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya və ABŞ hərbi-hava qüvvələrinin Almaniyanın Drezden şəhərini bombardman etməsi ilə müqayisə etmək olar. Bildiyiniz kimi müharibənin başa çatmasına az qalmış, 13-15 fevral 1945-ci il tarixində həyata keçirilən bombardman zamanı şəhərin sənaye müəssisələrinin dörddəbir hissəsi, digər binaların isə yarısı – şəhər infrastrukturu və yaşayış evləri dağıdılıb. On minlərlə, bəzi mənbələrə görə isə yüz minlərlə insan həlak olub. Şuşanın azad olunmasından sonra məruz qaldığı bombardman da şəhərə ciddi ziyan vurub, o cümlədən artıq qeyd etdiyim kimi qala divarının bir hissəsi məhz həmin vaxt dağılıb.

– Bir məsələyə də toxunmaq istərdik. Məlumdur ki, 1987-ci il dekabrın 8-də SSRİ ilə ABŞ arasında Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilə imzalanıb. 1 iyun 1988-ci ildə qüvvəyə minən müqavilənin şərtlərinə görə, tərəflər 3 il ərzində orta (1000-5500 km) və qısa (500-1000 km) uça bilən bütün növ silahları, o cümlədən ballistik və qanadlı raket komplekslərini məhv etməli idilər. Müqavilənin pozulmasına dair bir sıra qarşılıqlı ittihamdan sonra tərəflər 2019-cu ilin fevral ayında müqavilə üzrə öhdəliklərinə əməl etməyi dayandırdıqlarını elan ediblər. Həmin ilin avqustun 2-də isə müqavilə öz fəaliyyətini tamamilə dayandırıb. Azərbaycan ərazisinə 500 km-dən artıq uçmaq qabiliyyətinə malik raketlərin atılması ilə sözügedən müqavilənin öz fəaliyyətini dayandırması arasında hər hansı bağlılıq varmı?

– Xatirinizdədirsə, 1990-c illərin sonlarında böyük bir qalmaqal olmuşdu. Rusiya tərəfi Ermənistana bir milyard dollarlıq silah-sursat ötürmüşdü. Nəticədə hətta general-leytenant Lev Roxlin və bir qrup yüksək rütbəli zabit bunu açıqlayıb, məsələ qaldırmışdılar. Bundan az sonra – 1998-ci il iyulun 2-dən 3-nə keçən gecə Moskva vilayətinin Naro-Fominsk rayonunun Klokovo kəndində yerləşən şəxsi bağ evində ölü tapılmışdı. Qətllə bağlı rəsmi versiyaya görə, guya yatmış general həyat yoldaşı Tamara Roxlina tərəfindən açılan atəşlə qətlə yetirilib. Səbəb isə ailə-məişət münaqişəsi olub, ancaq rəsmi versiyanın əleyhdarları xüsusi xidmət orqanlarının yüksək dairələrdən sifariş alaraq bu ölüm aktını həyata keçirdiklərini iddia edirdilər. Mərhum generalın qızı Yelena da verdiyi müsahibədə Lev Roxlinin aradan götürüldüyünü bildirmişdi. Ola bilər ki, həmin dönəmdə ötürülən silah-sursat arasında “İsgəndər M” də olub. Amma ehtimal azdır.

İkinci versiya isə budur ki, Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT adından da göründüyü kimi kollektiv müdafiəni nəzərdə tutur. Guya KTMT-yə daxil olan ölkələr kollektiv müdafiə məkanındadırlar. Bunu hər halda dəqiqləşdirməyə ehtiyac var ki, KTMT-nin daxili, ola bilsin məxfi qaydalarına görə, Rusiya öz müttəfiqinə bu silah növünü ötürə bilər, yoxsa yox? İkinci variant da budur.

– Həm də Rusiya orta və yaxın mənzilli silahların ləğvi ilə bağlı üzərinə götürdüyü öhdəliklərinə əməl etmir...

– Tam düz deyirsiniz. Əslində rusca DRSMD adlanan müqavilənin şərtlərinə görə, bu tipli silahlar məhv edilməli idi. Yəni bütün yer əsaslı ballistik və qanadlı raketlərin buraxma qurğuları demontaj olunmalı, onların döyüş başlıqları çıxarılmalı, raketlər özləri məhv edilməli idi. Həmçinin, tərəflər bu cür raketləri gələcəkdə istehsal etməməli, sınağını keçirməməli və yerləşdirməməli idilər. O dönəm hələ sovet dönəmi idi. İstisna deyil ki, bu raketlərin heç də hamısı demontaj olunmayıb. Keçmiş SSRİ-nin hansısa ərazilərində qalıb. Amma hər halda 1987-ci ildən bu yana 34 il keçib. Bilirsiniz ki, bu silah köhnəlir. Ona daim nəzarət lazımdır, texniki baxışdan keçməlidir və sair. Ona görə yenə burada cavabdan çox sual var. Birincisi, DRSMD-ə görə məhv edilməli raket niyə demontaj olunmayıb? Əgər bu qalıbsa, harada qalıb? Gümrüdəki bazasında buna texniki nəzarət olmalı, xidmət aparılmalıdır və sair. Baxın, bu qaranlıq qalan suala bir cavab olmalıdır. Niyə məhv edilməyib və ona indiyədək kim nəzarət edib.

– Vətən müharibəsi zamanı Xızıya atılan raketlərin də uçuş uzaqlığını nəzərə aldıqda “İskəndər M” raketi olduğu ehtimalı nə qədərdir?

– Əslində texniki parametrlərinə və təyinatına görə, bu növ silahın müharibənin başa çatmasına yaxın Qarabağda olması, ümumiyyətlə mənə şübhəli gəlir. İkincisi, bəzi ekspertlər deyirlər ki, bu silahlar Ermənistan ərazisindən atılmayıb – ya Xəzər dənizi akvatoriyasından, ya da şimal qonşumuzun ərazisindən atılıb. Amma bunu sübut etmək lazımdır. Biz boşuna heç kimi ittiham edə bilmərik. Faktiki olaraq istər Xızıya atılan raketləri, istərsə də təkcə Xızıda deyil, Abşeron yarımadası ətrafında təkrarlanan bu cür halları Azərbaycan zərərsizləşdirməyə nail olub. Yəni havadaca vurulub. Bu, onu göstərir ki, bəzi suallara dair doğrudan da hələ açıqlama verilməlidir. Yəqin ki, zaman tələb olunur. Gec-tez bu qaranlıq məsələlər də bizim üçün açılacaq.

Fürsətdən istifadə edib bir məsələyə də münasibət bildirmək istərdim. Bizim cəmiyyətdə bir fobiya, qorxu var ki, bəs Qarabağ münaqişəsi tamamlanmayıb, bütün ərazilərimiz azad olunmayıb və sair. Bilirsiniz ki, mən hələ bu müharibə başlamamış – bir-iki il öncə sizin media qurumuna da, başqa media orqanlarına da müsahibələrim zamanı deyirdim ki, hər şey yaxşı olacaq. Bax, indi də demək istəyirəm ki, bizim ictimaiyyət narahat olmasın. Əsas iş görülüb. Düşmənin beli sındırılıb və başqa ölkələr – istər bizi sevən, istərsə də sevməyən ölkələr üçün reallıq var və bu ölkələr reallıqla barışıblar. Ona görə barışıblar ki, barışmasalar daha böyük, o cümlədən iqtisadi və geopolitik itkilərlə üzləşəcəklər. Bizim üçün yox. Buna görə də mən həmişəki kimi təxmin etmək istəyirəm ki, açıq qalan və həll olunmayan məsələlər də qısa bir zamanda həll olunacaq.


Müəllif: Səxavət Həmid

Комментарии: