Bir qrup tədqiqatçı alim Şahbulaq qalasındakı vəziyyətlə tanış olub - VİDEO
Mədəniyyət qəzeti
Bu barədə 4-6 dekabr tarixində Ağdam və Xocavənd rayonlarına bir qrup tədqiqatçı alimlə birlikdə səfər edən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib.
Bütöv fotoreportaj və məqalə bi linkdə - https://www.rizvanhuseynov.com/2020/12/blog-post_8.html
Rizvan Hüseynov qeyd edib ki, səfərin əsas məqsədi 30 ilə yaxın müddətdə işğalçıların həyata keçirdiyi saxtakarlıqları aşkar etmək, mədəni irsimizin hazırkı vəziyyətini öyrənməkdir: “Azərbaycan ərazisində mövcud olan bütün mədəni irs nümunələri xalqımıza məxsusdur. Bura həm müsəlman, həm də xristian dini abidələri daxildir. Ona görə ki, bu yalnız dini deyil, həm də mədəni irsdir. Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi ilə Ağdam və Xocavənd rayonlarının ərazilərində olduq. Səfər çərçivəsində Qarabağ xanlığının yaradıcısı və ilk hökmdarı Pənahəli xan tərəfindən inşa etdirilən Şahbulaq qalasına, habelə ermənilərin bu tarixi abidədən bir qədər aralıda qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işlərinin görüldüyü əraziyə də baş çəkdik”.
Baxış zamanı Şahbulaq qalasının orijinal şəklində qorunub saxlanılmadığı, işğalçıların bu tarixi abidə üzərində də saxtakarlıq etdiyi ortaya çıxıb. Onlar Şahbulaq qalasını “bərpa” edərək muzey kompleksinə və Şərq memarlığı kimi stilizə edilmiş həyətyanı bir restorana çevirərək istifadə ediblər. Bərpa işləri adı altında müasir avadanlıqlarla kəsilmiş daşlardan, beton, sement qarışığından istifadə olunub. Eyni zamanda yaxınlıqda Şahbulaq qalasına aid tikililərin qalıqları var. Erməni tərəfi həmin ərazidə qanunsuz qazıntı işləri aparıb, aşkar olunmuş tikinti qalıqlarının görünüşünü dəyişib yeni bir memarlıq görünüşü verərək köhnə elementləri yeniləri ilə əvəz edib. Beləliklə, guya Antik dövrə aid bir şəhərin – “Tigranakert” adlandırdıqları şəhərin qalıqlarını ortaya çıxarıblar.
Rizvan Hüseynov bildirir ki, bu yerin nəinki uydurma “Tigranakert”lə, heç Antik dövrlə əlaqəsi yoxdur: “Ermənilər isə hətta Antik dövrdə xristianlıqda mövcud olmayan xaç qoymağı “bacarıblar”. Əvvəllər qübbəli, Şərq memarlıq üslubuna sahib olan kiçik binalardan birini dağıdaraq divarları erkən xristian kilsəsi olaraq göstərməyə çalışıblar. Ancaq qeyd etdiyim kimi, bu Şahbulaq qalası yaxınlığındakı digər tikililərin xarabalıqlarıdır”.
Mütəxəssis işğal altında saxlanılmış ərazilərdə Qafqaz Albaniyası dövrünə aid olan dini abidələrin əksəriyyətini erməni məbədlərinə və monastırlarına çevrildiyini deyir: “İslam dininə məxsus irs nümunələri tamamilə məhv edilib. 67 məsciddən 63-ü tamamilə dağıdılıb, Ağdamın mərkəzində yerləşən Cümə məscidi və digər məscidlərimizdən tövlə kimi istifadə olunub. Pravoslav kilsələri də eyni aqibəti yaşayıb. Xocavənd bölgəsindəki Kuropatkino kəndində vaxtilə molokan ruslar yaşayıb. Müharibə zamanı kənd ermənilər tərəfindən işğal edilib, rus əhalisi qovulub və XIX əsrin sonlarına aid kilsə dağıdılıb. İndi kilsənin fasadının yalnız bir hissəsi qalıb”.
Rizvan Hüseynov Ermənistan Respublikası tərəfindən beynəlxalq hüquqa, müvafiq konvensiyalara zidd olaraq zəbt etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı və bərpa işlərinin müharibə cinayətləri olduğunu bildirir: “Təəssüf ki, bu qanunsuz arxeoloji qazıntı və tədqiqat işlərində müxtəlif xarici ölkələrin mütəxəssisləri də iştirak edib. Xocavənd rayonu ərazisində yerləşən Azıx mağara düşərgəsində aparılan qazıntılar da bu qəbildəndir”.
Комментарии: