Zakir Sultanovun qanunsuz əməllərindən sonra mədəniyyət abidələrinin bərpası üçün Milli Agentlik yaratmaq məsələsi ortaya çıxıb
Azərbaycan ərazisində tarixi abidələrin qorunması, bərpa edilməsi sahələrində ciddi problemlərin mövcudluğu heç kəsə sirr deyil.
Azərbaycan müstəqillik əldə etdikdən sonra arxeoloji, tarixi, mədəni abidələrin yerinin müəyyən edilərək yenidən siyahıya alınması, onların kataloqlaşdırılması, inventar nömrələrinin müəyyən edilməsi prosesi daha çevik formada həyata keçirilməli olduğu halda, biz bu sahədə elə də güclü irəliləyiş hiss edə bilmədik. Təəssüflər olsun ki, tarixi abidələrin mühafizəsi və bərpası sahəsində görülən işlər tam olaraq qənaətbəxş deyil. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məsələlərlə məşğul olmalı olduğu halda, başqa işlərlə məşğul olmağa başladı. Halbuki, onun vəzifəsi abidələri mühafizə etmək, bərpasını həyata keçirməkdir.
Bildiyimiz kimi, bu gün yerlərdə, xüsusən də ucqar kəndlərdə, vətəndaşların ev və əkin sahələrində kifayət qədər müxtəlif dövrlərə aid olan abidə var ki, indiyə qədər həmin abidələr nəinki qeydiyyata alınmayıb, heç Dövlət Xidmətinə onların yeri məlum deyil. Əslində, ölkə üzrə bütün abidələrin qeydiyyata alınması, sonra isə mühafizəsi, bərpası təşkil edilməli idi. Lakin bütün bunlar yerinə yetirilmədi. Sirr deyil ki, abidələrin qeydiyyata alınmaması ortaya bir sıra alver üsulları çıxardı. Vətəndaşda belə təəssürat yarandı ki, abidə ona məxsus ərazidə, torpaq sahəsində yerləşdiyi üçün, o, həmin abidədən istədiyi kimi istifadə edə bilər. Bu amil həm vətəndaşların o abidələrə qanunsuz müdaxilələrinin, həmçinin, “qara arxeologiya”nın yaranmasına şərait yaratdı. Bu gün Azərbaycan abidələri ən çox “qızıl axtaran”lardan, “qara arxeologiya”dan əziyyət çəkir. Qeydiyyatdan kənarda qalan abidələrə “qızıl axtaran”lar müdaxilə edir, orada qanunsuz qazıntı işləri aparıb əldə etdikləri sərvəti “qara bazar”a daşıyırlar. Gizlin deyil ki, qanunsuz yolla əldə edilən materialların hətta onlayn satışı və imkan düşən kimi xaricə daşınması halları da mövcuddur. Dəfələrlə əlaqədar dövlət qurumlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində “qara arxeologiya” həvəskarlarının əməlləri ifşa edilsə də, onlar yenə də fürsət düşən kimi əməllərini davam etdiriblər.
Məlum olduğu kimi, 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə mədəni irsimizin qorunması, inkişafı və təbliğinə bilavasitə cavabdeh olan dövlət qurumu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mədəni irsin qorunması, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin istifadəsi, bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Göründüyü kimi, Dövlət Xidmətinin əsas işi ölkəmizdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirmək olsa da, qurum bu istiqamətdə çox az iş görüb. Dövlət Xidmətinin hazırda həbsdə olan sabiq rəhbəri Zakir Sultanov isə bu yöndə gözdən pərdə asmaq üçün bəzi işlər görsə də, əsasən dövlət malını dağıtmaqla məşğul olub. Bu istiqamətə ayrılan vəsaitlərin hansı məqsədlərə israf olunduğunu o özü istintaq zamanı etiraf edib. Bu səbəbdən də bu barədə artıq heç bir fikir söyləmək istəmirik.
Bu gün mütəxəssislər hesab edirlər ki, Dövlət Xidməti kifayət qədər vacib, mötəbər bir qurum olsa da, Z.Sultanovun neqativ fəaliyyəti, bu qurumu lazımi səviyyədə irəli apara bilməməsi narahatlıq yaradır. Bu gün təkliflər var ki, xarici təcrübədən istifadə edərək, Azərbaycanda arxeoloji abidələrlə bağlı ayrıca bir struktur yaradılsın.
Ekspertlər hesab edirlər ki, Dövlət Xidməti ayrıca olaraq mədəniyyət və digər abidələrin qorunması, mühafizəsi, bərpası və sairlə məşğul olmalıdır. Çünki bu qurum bütövlükdə ölkəmizdəki abidələrlə bağlı çevik tədbirlər görməkdə çətinlik çəkir.
Bildiyimiz kimi, son illər ölkəmizin müxtəlif ərazilərində 30-dan artıq arxeoloji ekspedisiya fəaliyyət göstərib və bunun nəticəsində də xeyli nailiyyət əldə edilib.
Qəzetimizin ötən saylarından birinə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev ölkəmizdə ayrıca struktur olaraq Mədəni İrs Dövlət Agentliyinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.
AMEA-nin Hüquq və İnsan Haqlari İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi mərkəzinin sədri Rizvan Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında həm baş verən məlum hadisələrə münasibətini bildirdi, həm də təklif edilən agentliyin yaradılmasını dəstəklədiyini qeyd etdi: “Baş verən hadisələr haqqında onu deyim ki, əslində, bu çoxdan gözlənilirdi. Əfsuslar olsun ki, abidələrin vəziyyəti, arxeoloji qazıntılar zamanı baş verən bəzi faktlar, abidələrin sonrakı aqibəti - arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, üzə çıxan memarlıq və sair örnəklərin taleyi çox ağır olub. Ümid edirik ki, bu istiqamətdə inqilabi dəyişikliklər olacaq. Bilirsiniz, dövlət nəzarəti çox gözəl bir haldır. Amma dövlət, sözsüz ki, daim ictimaiyyətlə, mütəxəssislərlə vəhdətdə istənilən həssas məsələlərin üzərinə birgə getməlidir. Lakin arxeoloji qazıntılarla bağlı və toxunduğunuz məsələlərlə əlaqədar bir irəliləyiş yox idi. Hətta deyim ki, biz bu sahələrdə bəzi qonşu və digər ölkələrdən çox geridə qalmışıq. Bu da adamda naümidlik yaradırdı. Deyim ki, vəziyyətlə əlaqədar bir neçə il əvvəl bir qrup alim və araşdırmaçı ilə biz “Günəşin axtarışında” adlı beynəlxalq bir qrup yaratdıq. Fərhad Quliyev də, digər mütəxəssislər də bizim işçi qrupunun üzvüdür. “Günəşin axtarışında” işçi qrupu UNESCO-nun nəzdində fəaliyyət göstərir. Birbaşa mədəni irsin, dini abidələrin qorunması, milli-mənəvi dəyərlərimizin inkişafı üzrə çalışan UNESCO-nun kafedrasının nəzdində fəaliyyət göstərir. Bizə dəstək verən qurumlardan da ən önəmlisi AMEA-nın Mərkəzi Elmi Kitabxanası olub.
UNESCO-NUN “GÜNƏŞIN AXTARIŞINDA” BEYNƏLXALQ IŞÇI QRUPUNUN HESABATI AÇIĞLANDI
2 illik fəaliyyət ərzində Azərbaycanın bölgələrinə, Gürcüstana və Dağıstana, ümumilikdə, 80-dən çox səfər etdik. Bilirsiniz ki, həmin respublikalarda da bizim abidələrimizin sayı çoxdur. Bizim “Günəşin axtarışında” işçi qrupunun nəzdində fərqli-fəqrli qruplar yaratdıq. Gənc könüllülər, mütəxəssislər, diyarşünaslar, alimlər, xarici ölkələrdən mütəxəssislər cəlb etdik. Qrupa 12 ölkədən xarici mütəxəssislər qoşulub və onların böyük bir qismini ölkəyə gətirmişik. İstər tarixçilər, istər arxeoloqlar, istər kinematoqraflar olsun, burada təmsil olunurlar. Yəni istədik ki, burada təkcə alimlər yox, həm də bu həssas mövzuya diqqət göstərən insanlar birləşsin. Təəssüflər olsun ki, fəaliyyətimizdə bəzi problemlər ortaya çıxdı. Biganəlikdən və bəzi dövlət qurumlarının bizə dəstək verməməsi nəticəsində problemlə üzləşdik. Bu fəaliyyəti özümüz maliyyələşdirdik və işləri öz daxili gücümüzlə həyata keçirdik. Həm qonaqların gəlişini təmin etdik, həm də abidələrin pasportlaşdırılması işinə başladıq. Bu çox böyük işdir. Bu işi Elmi Mərkəzi Kitabxana aparır. İndiyə kimi qeydiyyata alınmamış abidələrin pasportlaşdırılması, onların müəyyən edildiyi yerə xüsusi lövhələrin vurulması, onların foto-videoda vəziyyətinin görünüşü həyata keçirilmişdi və onlar hamısı böyük bir bazaya toplanmışdı. “Günəşin axtarışında” qrupu olaraq bu layihəyə fəal qoşulduq.
R.Hüseynov qeyd etdi ki, “Günəşin axtarışında” beynəlxalq işçi qrupu olaraq bu işə çox ciddi şəkildə dəstək verməyə hazırdırlar.
Təklifin müəllifi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev də “Bakı-Xəbər”ə yaradılması zəruri olan agentliyin vəd etdiyi perspektivləri açıqladı. “2014-cü ildə Mədəniyyət Nazirliyinin nəzdində Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı Xidməti yaradıldı. Şübhəsiz, xidmətin fəaliyyəti çox əhəmiyyət daşıyır. Bizim ölkənin zəngin tarixi keçmişi var və adətən, biz təcrübədən görürük ki, zəngin tarixi keçmişi olan ölkələrin mədəni irsin qorunması və öyrənilməsi sahəsində olan təşkilatlarının çiyninə çox böyük məsuliyyət düşür.
Bizim ölkəmizlə bağlı ona deyə bilərik ki, həm ən qədim dövr tariximiz, yəni yazıya qədərki tariximiz çox zəngindir, o dövrü əsasən maddi mədəniyyət abidələrimiz - arxeoloji abidələrimiz özündə əks etdirir. Eyni zamanda, çoxlu sayda orta əsr şəhər yerimiz var ki, onların qalıqları, xarabalıqları bizə məlumdur. Onların da qorunması, bərpası, gələcək istifadəsi çox önəmlidir. O cümlədən, çoxlu sayda memarlıq tarixi abidəsi var ki, onlar da xüsusi növ abidələrdir, bu sahədə də işlər görülməlidir. Bütövlükdə götürdükdə, əcdadlarımızın tarixi keçmişi müxtəlif mərhələli olduğu üçün, ölkəmiz müxtəlif tipli abidələrlə zəngindir. Bu abidələrə yanaşma da xüsusi olmalıdır. Burada ən çətini isə arxeoloji abidələrdir. Çünki arxeoloji abidələrin qorunması çox çətin bir prosesdir. Belə olan halda, ölkənin bu sahədə fəaliyyət göstərən təşkilatı da çox güclü və səlahiyyətli bir təşkilat olmalıdır. Həm də dünya təcrübəsindən yenə çıxış edərək qeyd etmək istəyirəm ki, bu gün hansı ölkələrdə tikinti işləri hədsiz dərəcədə çox gedir, yəni sənaye industriyasının inkişafı həyata keçirilir, əhalinin artımı kimi müsbət yöndə proseslər gedir, həmin ölkələrdə ən çox zərbə alan məhz mədəni irs, tarixi abidələr olur. Bizim ölkədə də son illər böyük tikililər, transmilli layihələr həyata keçirilir. Belə bir mühitdə, istər-istəməz, bu tikinti işləri, bu layihələr abidələrimizin saxlanması, qorunması üçün bir qədər problem yaradır. Bu problemin baş verməməsi üçün bölgələrdə qanunlarımıza ciddi şəkildə əməl olunmalı, abidələr qorunmalı, xüsusən də bütün özəl şirkətlər, sahibkarlar mövcud qanunlara riayət etməlidirlər. Bu işə cavabdeh olan aidiyyəti dövlət strukturları öz işlərini layiqincə yerinə yetirməlidirlər. Amma biz təəssüf ki, bəzi hallarda bununla bağlı problemlər yaşayırıq.
Son günlər Qobustan ərazisində məhz tikinti zamanı Qafqaz Albaniyası dövrünə aid tarixi abidəyə xələl gətirilməsinin şahidi olduq. Dediklərimizə bu bir nümunədir. Bu da onu göstərir ki, qanunlarımızda və qanunlarımızın icrasında boşluqlar olduğu üçün, abidələrimiz dağıntıya məruz qalır. Ümumilikdə götürdükdə, ölkəmizdə son dövrlər dövlətin idarəçilik sistemində aparılan islahatlar çox maraqlı nəticələr ortaya qoyur. Bilirik ki, ölkə başçısının sərəncamı ilə bir sıra sahələrdə dövlət agentlikləri yaradılıb. Son yaranan isə turizmlə bağlı olan agentlikdir. Təcrübə göstərir ki, bu cür müstəqil agentliklər az sayda olmasına baxmayaraq, daha çox effektiv fəaliyyət göstərə bilirlər. Bizim də gələcəkdə görmək istədiyimiz belə bir agentlikdir. Hesab edirəm ki, Mədəni İrs Dövlət Agentliyinin yaradılması da məhz bu məqsədlə təklif olunur. Çox istərdik ki, bu ayrıca bir struktur olsun və bu struktur ictimaiyyətlə daha çox əlaqəli olmalıdır. Çünki cəmiyyətimizdə çoxlu sayda mədəni irs məsələsi, mədəni irsin təbliği və tədqiqi ilə məşğul olan həm ciddi elmi qurumlar var, həm də QHT-lər mövcuddur. Bunların işbirliyini təşkil etmək üçün Mədəni İrs Dövlət Agentliyinin yaradılmasına ehtiyac var.
Yəni məhz bunların həm də qorunması, saxlanması və gələcək istifadəsi üçün layihələrin hazırlanmasına ehtiyac böyükdür. Vaxtilə Sovet dövründə olan yanaşmalardan uzaqlaşaraq, daha effektiv layihələrin həyata keçirilməsinə zərurət yaranıb. Sovet dövrünün siyasəti idi ki, hər bir abidənin ətrafında böyük qurumlar təşkil olunsun, bura böyük ərazilər cəlb edilsin. Belə bir yanaşmanın artıq köhnəlmiş olduğu hiss olunur. Ola bilsin, daha yeni başqa təkliflər, ideyalar həyata keçirə bilən, kiçik arxeoloji parklar yaradıla, bərpa işləri aparılan abidələrin yanında kiçik muzeylər təşkil oluna bilər. Yəni, həmçinin, əsas odur ki, bölgənin özünün xüsusiyyətlərini nəzərə alaraq, bölgələrdəki sahibkarları, bölgə əhalisini bölgələrdə olan abidələrin qorunmasına cəlb etmək mümkündür. Yəni bir qədər məmurçuluq sistemindən uzaq, daha çox cəmiyyətlə, ictimai strukturlarla ünsiyyətdə olmaqla, o cümlədən, həmin abidələrin qorunması, bərpası üçün qrant layihələrinin təşkili məsələsi gündəmə gələ bilər” - deyə bildirən F.Quliyev hesab edir ki, Azərbaycanda gələcəkdə sözügedən agentlik yaradılarsa, onun bu istiqamətdə faydası daha böyük olacaq.
İradə SARIYEVA
Комментарии: