25 декабря 2019 г.



Dekabrın 25-də, saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (AMEA) “Günəşin axtarışında” beynəlxalq işçi qrupun hesabat tədbiri keçirilib.


Qeyd edək ki, "Günəşin axtarışında" qrupu 2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə Mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasının bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir.

Tədbirə AMEA-nın müxtəlif institutlarının, icra hakimiyyətinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri dəvət olunub. Tədbirdə 2018-2019-сu illər üzrə fəaliyyətin  təqdimatı keçirilib, abidələrin qorunması və "Günəşin axtarışında" işçi qrupun fəaliyyətinin hakimiyyət orqanları, dövlət idarələri və digər qurumlar tərəfindən dəstəklənməsi problemləri müzakirə edilib. 2018-2019-cu illərdəki fəaliyyətlərin nəticələri təqdim olunub. Eləcə də tədbirdə "Günəşin axtarışında" işçi qrupunun üzvlərinin rəyinə əsasən, 2020-2021-ci illərdə bərpa olunmalı və qorunmalı tarixi və memarlıq abidələrinin siyahısı təqdim olunub.



Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, UNESCO kafedrasının dosenti Rizvan Hüseynov öz çıxışında ölkə rəhbərliyinin milli irsin araşdırılması və qorunmasına dair iradəsini əks etdirən məsələlərə toxunaraq, bu sahədə beynəlxalq standartlara cavab verən Azərbaycan qanunvericilik bazasını təqdim edib. Hesabatı səsləndirən natiq yerli iş adamlarının dəstəyi ilə 80-dən artıq ekspedisiya, təşkil olunmuş tədbirlər, müxtəlif formatda ictimai məlumatlandırmalar barəsində məlumat verib, bir neçə mədəni abidənin dağıdılmasının işçi qrup tərəfindən qarşısının alınmasını diqqətə çatdırıb.

Mərkəzi Elmi Kitabxananın direktoru t.ü.f.d. Leyla İmanova MEK-in müzakirə olunan beynəlxalq layihə üçün baza təşkilat kimi çıxış etməsindən, MEK-in müasir standartlara cavab verən formatda hazırlanmış və UNESCO tərəfindən layihə üçün təsdiq edilmiş elektron kataloqundan, kataloqun informasiya baxımından kifayət qədər tutumlu olmasından danışıb.  L.İmanova bildirib ki, “Günəşin axtarışında” işçi qrupu və Vətəndaş təşəbbüsü qrupu (VTQ) tərəfindən təqdim olunmuş 100-ə yaxın abidə haqqında məlumat sistemləşdirilib və e-kataloqda fotolar da daxil olmaqla e-bazada yerləşdirilib.

Tədbirdə iştirak edən İçəri Şəhər Dövlət Tarix-Memralıq Qoruğu İdarəsinin nümayəndəsi Elxan Məmmədov, AMEA Arxeologiya İnstitutunun Elmi Şurasının üzvü Fərhad Quliyev, tarixçi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Abbas İslamov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili, işçi qrupun üzvləri Elşən Hüseynov, Şəfa Mövsümov, Əşrəf Əhmədov, İlqar Həsənov, Sabit Qurbanov, Elvin Qəhrəmanlı, Nazilə Həsənova, Renat CəfərovNail Vəliyev çıxışlarında fəaliyyətin rəsmi müstəviyə keçirilməsini, icra strukturlarının layhəyə cəlb olunmasını, təqdim olunan fəaliyyətin strateji proqram əsasında davam etdirilməsini və sistemli şəkildə ölkə miqyasında tətbiq edilməsini tövsiyə ediblər.

Müzakirələrdə təqdim olunmuş abidələrin, demək olar ki, hamısının üzərində günəş rəmzinin olmasından, abidələr haqqında toplanmış materialın cografiyanın toponimikasının öyrənilməsinə və Azərbaycanda turizm marşrutlarının formalaşdırılmasına verə biləcəyi töhvədən söhbət açılıb. Tədbir iştirakçıları layihənin genişçləndiriləcəyi təqdirdə VTQ tərəfindən Heydər Əliyev fonduna rəsmi müraciət edilməsi, ekspedisiya üzvlərinin gündəlik xərclər ilə təmin edilməsi, abidələrin üzərinə mühafizə məqsədilə vurulması zəruri olan informasiyanın standart formatının hazırlanması, bərpa və mühafizəsinə xüsusi yanaşmanın tətbiq olunması, çəkiliş texnikası və imkanlarını təkmilləşdirmək məqsədilə dronlardan istifadə edilməsi, “Bərpa məktəbi”nin yaradılması, bölgələrdə əhalinin, xüsusilə gənclərin məlumatlandırılması məqsədilə “Yay məktəblərinin” və “Maarifləndirmə düşərgələri”nin təşkil edilməsi, layihə üzrə məsul qurumlar qismində bölgələrdə icra strukturlarının cəlb olunması, abidələrin qiymətləndirmə konsepsiyasına, abidələrin “yerli”, “ölkə” və “beynəlxalq” miqyasda dəyərləndirilmə meyarlarına yenidən baxılması kimi təkliflər səsləndirilib.


Tədbirdə ekspertlərə, “Günəşin axtarışında” qrupu və VTQ üzvlərinə, eləcə də MEK əməkdaşlarına milli-mədəni irsin öyrənilməsi, sistemləşdirilməsi və qorunması işinə verdiyi töhvəyə görə təşəkkürnamələr təqdim olunub.

2018-2019-cu illərdə "Günəşin axtarışında” qrupunun fəalları Azərbaycanın, Gürcüstanın və Dağıstanın (Rusiya) bölgələrinə 80 dən çox ekspedisiyaya getmişdilər. Səfərlərin nəticəsi kimi, AMEA Mərkəzi Elmi Kitabxanasının mütəxəssisləri sistemli şəkildə elektron kataloqda və rəqəmsal bazada pasportlaşdırmaq üçün zəngin epiqrafik və etnoqrafik material toplayır. Bölgələrə edilən ekspedisiyaların nəticələri mediada bir sıra məqalə və publikasiya formasında işıqlandırılıb. Sosial şəbəkələrdə "Günəşin axtarışında" fəaliyyətini əhatə etdirən və bir neçə min aktivist və həvəskarı bir araya gətirən və aktiv fəaliyyət göstərən müxtəlif səhifələr yaradılıb.

“Günəşin axtarışında” qrupu günəş işarələrini, müxtəlif damğaları, epiqrafikanı və Qafqazın orta əsr memarlığını öyrənməyin müxtəlif metodlarından istifadə edir. AMEA Mərkəzi Elmi Kitabxanasının koordinasiyası ilə bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, təsdiqlənməsi və qorunması üçün layihələr həyata keçirilir. Diqqət mərkəzində abidələr, qəbiristanlıqlar, qoç daşları (totem daş qoç və atlar), qorunmağa və bərpaya ehtiyacı olan ibadət yerləridir. Tədqiqatlar Azərbaycan, Gürcüstan və Dağıstan (Rusiya) bölgələrini əhatə edib.

İşçi qrup UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, tarixi irsin öyrənilməsi və qorunması sahəsində ixtisaslaşmış digər beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri və QHT-lərlə əməkdaşlığı genişləndirir. Tarixi irsin vəziyyətinə cavabdehlik yaratmaq,  monitorinq və inventarlaşdırma məqsədilə əhalinin məktəb yaşından başlayaraq müxtəlif qruplarını monitorinq və inventarizasiya prosesinə cəlb etmək və yay məktəblərinin açılması planlaşdırılır. İşçi qrupun məqsədlərindən biri də Azərbaycanın bölgələrində turizmin inkişafına kömək etməkdir.


Mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının saytinda Hesabat - http://unescospb.ru/reporting-event-of-the-international-working-group-in-search-of-the-sun/










Комментарии: