UNESCO-nun “Günəşin axtarışında” beynəlxalq işçi qrupunun hesabati açığlandı
Dekabrın 25-də, saat 11.00-da Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (AMEA) “Günəşin axtarışında”
beynəlxalq işçi qrupun hesabat tədbiri keçirilib.
Qeyd edək ki, "Günəşin axtarışında" qrupu
2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə Mənəvi ənənələrin,
mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli
araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi
Kitabxanasının bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna,
Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan
alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir.
Tədbirə AMEA-nın müxtəlif institutlarının, icra
hakimiyyətinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, Mədəniyyət və Turizm
Nazirliyinin, Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri dəvət
olunub. Tədbirdə 2018-2019-сu illər üzrə fəaliyyətin təqdimatı keçirilib, abidələrin qorunması və
"Günəşin axtarışında" işçi qrupun fəaliyyətinin hakimiyyət orqanları,
dövlət idarələri və digər qurumlar tərəfindən dəstəklənməsi problemləri müzakirə
edilib. 2018-2019-cu illərdəki fəaliyyətlərin nəticələri təqdim olunub. Eləcə də
tədbirdə "Günəşin axtarışında" işçi qrupunun üzvlərinin rəyinə əsasən,
2020-2021-ci illərdə bərpa olunmalı və qorunmalı tarixi və memarlıq abidələrinin
siyahısı təqdim olunub.
Qafqaz
Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş
elmi işçisi, UNESCO kafedrasının dosenti Rizvan Hüseynov öz çıxışında ölkə rəhbərliyinin
milli irsin araşdırılması və qorunmasına dair iradəsini əks etdirən məsələlərə
toxunaraq, bu sahədə beynəlxalq standartlara cavab verən Azərbaycan
qanunvericilik bazasını təqdim edib. Hesabatı səsləndirən natiq yerli iş
adamlarının dəstəyi ilə 80-dən artıq ekspedisiya, təşkil olunmuş tədbirlər,
müxtəlif formatda ictimai məlumatlandırmalar barəsində məlumat verib, bir neçə
mədəni abidənin dağıdılmasının işçi qrup tərəfindən qarşısının alınmasını diqqətə
çatdırıb.
Mərkəzi
Elmi Kitabxananın direktoru t.ü.f.d. Leyla İmanova MEK-in müzakirə olunan beynəlxalq
layihə üçün baza təşkilat kimi çıxış etməsindən, MEK-in müasir standartlara
cavab verən formatda hazırlanmış və UNESCO tərəfindən layihə üçün təsdiq
edilmiş elektron kataloqundan, kataloqun informasiya baxımından kifayət qədər
tutumlu olmasından danışıb. L.İmanova
bildirib ki, “Günəşin axtarışında” işçi qrupu və Vətəndaş təşəbbüsü qrupu (VTQ)
tərəfindən təqdim olunmuş 100-ə yaxın abidə haqqında məlumat sistemləşdirilib və
e-kataloqda fotolar da daxil olmaqla e-bazada yerləşdirilib.
Tədbirdə
iştirak edən İçəri Şəhər Dövlət Tarix-Memralıq Qoruğu İdarəsinin nümayəndəsi
Elxan Məmmədov, AMEA Arxeologiya İnstitutunun Elmi Şurasının üzvü Fərhad
Quliyev, tarixçi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Abbas
İslamov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili, işçi qrupun üzvləri
Elşən Hüseynov, Şəfa Mövsümov, Əşrəf Əhmədov, İlqar Həsənov, Sabit Qurbanov,
Elvin Qəhrəmanlı, Nazilə Həsənova, Renat Cəfərov və Nail Vəliyev çıxışlarında fəaliyyətin
rəsmi müstəviyə keçirilməsini, icra strukturlarının layhəyə cəlb olunmasını, təqdim
olunan fəaliyyətin strateji proqram əsasında davam etdirilməsini və sistemli şəkildə
ölkə miqyasında tətbiq edilməsini tövsiyə ediblər.
Müzakirələrdə
təqdim olunmuş abidələrin, demək olar ki, hamısının üzərində günəş rəmzinin
olmasından, abidələr haqqında toplanmış materialın cografiyanın toponimikasının
öyrənilməsinə və Azərbaycanda turizm marşrutlarının formalaşdırılmasına verə
biləcəyi töhvədən söhbət açılıb. Tədbir iştirakçıları layihənin genişçləndiriləcəyi
təqdirdə VTQ tərəfindən Heydər Əliyev fonduna rəsmi müraciət edilməsi,
ekspedisiya üzvlərinin gündəlik xərclər ilə təmin edilməsi, abidələrin üzərinə
mühafizə məqsədilə vurulması zəruri olan informasiyanın standart formatının
hazırlanması, bərpa və mühafizəsinə xüsusi yanaşmanın tətbiq olunması, çəkiliş
texnikası və imkanlarını təkmilləşdirmək məqsədilə dronlardan istifadə edilməsi,
“Bərpa məktəbi”nin yaradılması, bölgələrdə əhalinin, xüsusilə gənclərin məlumatlandırılması
məqsədilə “Yay məktəblərinin” və “Maarifləndirmə düşərgələri”nin təşkil edilməsi,
layihə üzrə məsul qurumlar qismində bölgələrdə icra strukturlarının cəlb olunması,
abidələrin qiymətləndirmə konsepsiyasına, abidələrin “yerli”, “ölkə” və “beynəlxalq”
miqyasda dəyərləndirilmə meyarlarına yenidən baxılması kimi təkliflər səsləndirilib.
Tədbirdə
ekspertlərə, “Günəşin axtarışında” qrupu və VTQ üzvlərinə, eləcə də MEK əməkdaşlarına
milli-mədəni irsin öyrənilməsi, sistemləşdirilməsi və qorunması işinə verdiyi
töhvəyə görə təşəkkürnamələr təqdim olunub.
2018-2019-cu illərdə "Günəşin axtarışında” qrupunun fəalları Azərbaycanın, Gürcüstanın və Dağıstanın (Rusiya) bölgələrinə 80 dən çox ekspedisiyaya getmişdilər. Səfərlərin nəticəsi kimi, AMEA Mərkəzi Elmi Kitabxanasının mütəxəssisləri sistemli şəkildə elektron kataloqda və rəqəmsal bazada pasportlaşdırmaq üçün zəngin epiqrafik və etnoqrafik material toplayır. Bölgələrə edilən ekspedisiyaların nəticələri mediada bir sıra məqalə və publikasiya formasında işıqlandırılıb. Sosial şəbəkələrdə "Günəşin axtarışında" fəaliyyətini əhatə etdirən və bir neçə min aktivist və həvəskarı bir araya gətirən və aktiv fəaliyyət göstərən müxtəlif səhifələr yaradılıb.
“Günəşin axtarışında” qrupu günəş işarələrini, müxtəlif
damğaları, epiqrafikanı və Qafqazın orta əsr memarlığını öyrənməyin müxtəlif
metodlarından istifadə edir. AMEA Mərkəzi Elmi Kitabxanasının koordinasiyası ilə
bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, təsdiqlənməsi və qorunması
üçün layihələr həyata keçirilir. Diqqət mərkəzində abidələr, qəbiristanlıqlar,
qoç daşları (totem daş qoç və atlar), qorunmağa və bərpaya ehtiyacı olan ibadət
yerləridir. Tədqiqatlar Azərbaycan, Gürcüstan və Dağıstan (Rusiya) bölgələrini əhatə
edib.
İşçi qrup UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu, tarixi irsin öyrənilməsi və qorunması sahəsində ixtisaslaşmış digər
beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri və QHT-lərlə əməkdaşlığı genişləndirir.
Tarixi irsin vəziyyətinə cavabdehlik yaratmaq,
monitorinq və inventarlaşdırma məqsədilə əhalinin məktəb yaşından
başlayaraq müxtəlif qruplarını monitorinq və inventarizasiya prosesinə cəlb etmək
və yay məktəblərinin açılması planlaşdırılır. İşçi qrupun məqsədlərindən biri də
Azərbaycanın bölgələrində turizmin inkişafına kömək etməkdir.
Mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının saytinda Hesabat - http://unescospb.ru/reporting-event-of-the-international-working-group-in-search-of-the-sun/
Комментарии: