“Qorxu hissi Orxana yad idi” – Qətlə yetirilən jurnalistin dostu danışır / Müsahibə
https://teleqraf.com/
Qafqaz Tarixi Mərkəzinin rəhbəri,
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, UNESCO-nun
assistent professoru (dosent) Rizvan Hüseynov dostu, iyulun 31-də Mərkəzi
Afrika Respublikasında qətlə yetirilən Rusiya Müsəlman Jurnalistləri İttifaqının
yaradıcısı, Rusiyanın tanınmış hərbi jurnalisti Orxan Camalla bağlı Teleqraf.com-un
suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Rizvan müəllim, Orxan
Camalın qətlə yetirilməsi ilə bağlı hardan məlumat əldə etdiniz?
– Həm informasiya agentlikləri və
saytlardan məlumat aldım, həm də Orxanın yaxın dostu olan Maksim Şevçenko bizim
üçün daha etibarlı mənbə idi. Dostlarımızla birgə onunla zəngləşdik. Əsas
ümidimiz, etibarımız Maksimə idi. Biz gözləyirdik ki, o bu xəbəri təsdiq etməyəcək.
Dünən gecə Maksim bu barədə “Feysbuk” səhifəsində paylaşım edib və çox geniş
izahat verib. O qeyd edib ki, qarət versiyası axmaqlar üçündür. Burda heç bir
qarət olmayıb. Sürücü də sağ qalıb. Ona toxunan olmayıb. Maksimin fikrincə, bu,
jurnalistin siyasi qətlidir. Səbəb də Orxanın Rusiya KİV-lərində “ÇVK Vaqner”,
azərbaycanca Vaqnerin Xüsusi Hərbi Kompaniyası adlandırılan qeyri-rəsmi muzdlu
hərbi birləşmə ilə bağlı bir neçə müddətdir apardığı araşdırmadır. Məsələ ondadır
ki, “ÇVK Vaqner”in bir dəstəsi Mərkəzi Afrika Respublikasına gedib çıxıb. O ölkədə
tayfalararası döyüşlər, yaxud vətəndaş müharibəsi gedir. Ora orta əsrlər demək
mümkün olmasa da, hər halda çox qəribə mənzərə mövcuddur. “ÇVK Vaqner” ora
gedib tayfaların birinin tərəfində muzdlu olaraq döyüşlərə qatılmalı idi. Deyilənə
görə, Orxanın çəkiliş qrupu Mərkəzi Afrika Respublikasına gələndən bir gün əvvəl
“Vaqner”in döyüşçüsü guya bir yerli gənci qətlə yetirib. Nəticədə iğtişaşlar
başlayıb. Bu məqamda Orxangil gəlib. Yəni, belə əsaslandırırlar ki, guya yerli əhali
qalxıb və baxmayıb ki, kim kimdir. Çox qəribədir ki, nəyə görəsə heç bir dəxli
olmayan çəkiliş qrupunu güllələyiblər. Versiyaların biri budur. Ancaq Maksim bu
versiya ilə razı deyil. Yəqin ki, biz yekun nəticəni gözləməliyik. Bundan sonra
gedişat bilinəcək. Görək kimlərlə və hansı maraqlı qüvvələrlə bağlayacaqlar.
– Yəni, Maksim Şevçenko
jurnalistlərin “ÇVK Vaqner” tərəfindən qətlə yetirildiyini iddia edir?
– Maksim konkret bunu demir. O,
bu qətli siyasi sifariş adlandırır. Siyasi sifariş dedikdə bu artıq “Vaqner”lik
də olmur. Daha geniş anlam təsəvvürdə canlanır. Sözsüz ki, “Vaqner”in hansısa
yüksək vəzifəli şəxslərlə hansısa çox böyük bağlılıqları var. Özbaşına deyil.
Anlayırıq ki, muzdlu döyüş qrupları özləri durub hansısa ölkəyə gedən deyil. Bu
baxımdan yəqin, Maksim bu məsələyə işarə edib ki, “Vaqner”in arxasında dayanan
qüvvələr və şəxslər var.
Biz “Vaqner”in fəaliyyətinin nədən
ibarət olduğunu bilirik. Bu muzdlular Suriyada dəhşətlər törədiblər, daha öncə
Ukraynada – Donbasda çox pis işlər görüblər. Əfsuslar olsun ki, “Vaqner” qatı hərbi
cinayətlər törədən bir dəstədir. Anlamaq olar ki, kimsə onların fəaliyyətini
araşdırsa, yumşaq desək, yaxşı qarşılanmayacaq. Ancaq şəxsən tanıdığım üçün deyə
bilərəm ki, Orxan Camal həddən artıq cəsur insan idi. Onda çox mühüm olan 3-4
insani keyfiyyət birləşmişdi. Çox səmimi idi. Biz, insanın fikirləşdiyini
birbaşa dilinə gətirdiyini çox nadir hallarda görürük. Orxan belə bir insan
idi. Həm də onda kövrək uşaq qəlbi var idi. Bu keyfiyyət insanda çox vaxt
qalmır, insan vaxt keçdikcə hiyləgər olur. Üstəlik də belə cəsurluq. Bu insan
hardasa haqsızlıq, yaxud bir zülm görəndə fikirləşmədən özünü həmin o hadisələrin
düz ortasına, belə deyək, səhnəyə atırdı. Özü haqqında, öz təhlükəsizliyi
haqqında heç fikirləşmirdi. Ukraynada olanda Allah onu dəfələrlə qorudu. Bu
adam dəfələrlə səngərlərlə birbaşa döyüş gedən mövqelərə, təhlükəli, bəyənilməyən,
icazə verilməyən istiqamətlərə gedib. Liviyada Müəmmar Qəddafi devrilən zaman –
2011-ci ildə ayağından ağır yaralanmışdı. O vaxtdan bir ayağında qəlpə ilə
yaşayırdı. Yeriməyə çətinlik çəkirdi. Buna baxmayaraq, bu insan daim fəaliyyətdə
idi. Qorxu hissi ona yad idi. Halbuki,
biz belə travmalar alan insanlarda stress və qorxu olduğunu bilirik. Amma
Orxanda belə bir şey yox idi. Əfsuslar olsun ki, nəticə belə oldu. Onu Mərkəzi
Afrika Respublikasına göndərən tərəf də hələ açıqlanmır. Yəni, niyə görə və
kimin sifarişi ilə onlar bu araşdırmanı aparırdılar. Hələlik konkret bəlli
deyil ki, Orxanı ora kim göndərib.
– Rusiyalı jurnalistlərin bu Afrika ölkəsinə
sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi”
tərəfindən göndərildiyi bildirilir...
– Hələlik bu təxminlərdir. Ola bilsin ki, izi
itirmək məqsədilə bu versiya ortaya atılıb. Bəlkə də belə bir bağlılıq var. Hələlik
çox versiya irəli sürüləcək. Hər halda biz gözləyirik ki, Orxanın ətrafından
olan yaxın adamlar bizə nə məlumat verəcək. Dəqiq bir şey bilinmir.
– İstərdik bir qədər də Orxan Camalla görüşləriniz,
söhbətləriniz barədə məlumat verəsiniz…
– Biz Moskvada və Bakıda dəfələrlə görüşmüşük.
O, Bakıya qonaq gəlirdi, biz Moskvaya gedəndə xəbərləşib görüşürdük. Çoxlu
müzakirələrimiz olub. Çox dərin düşüncəli bir insan idi, atasından böyük bir
elm almışdı. Biz bilirik ki, Heydər Camal böyük islam filosofu idi. Onun ölümü
də çox müəmmalı oldu. Heydər Camalın ölümü ilə bağlı hələ də suallar
qalmaqdadır.
Onların Qarabağ məsələsinə dair
baxışı çox geniş idi. Məsələn, Heydər Camal izah edirdi ki, ilk növbədə Azərbaycan
xalqı səfərbər olmalı, eyni zamanda problemin həlli üçün böyük islahatlar
olmalıdır. O, təkcə Azərbaycan Respublikasının hüdudları ilə məhdudlaşmırdı.
Bütöv Azərbaycanı – İrandakı azərbaycanlıları fikirləşirdi. Bizə orta əsrlərdə
mövcud olmuş Azərbaycan imperiyalarının varisi kimi baxırdı və o düşüncəni təşviq
etməyə çalışırdı. Heydər Camal daim deyirdi ki, orta əsrlərdə islamın
inkişafında Azərbaycanın böyük rolu olub və indi də rolu danılmazdır. Heydər
Camal böyük mütəfəkkir idi və illər keçdikcə onun verdiyi proqnoz və analizlərin
özünü doğrultduğunu görürük. Onların verdiyi proqnoz və analizlərdən bəlkə 10,
30, 50 il sonra da faydalanmaq mümkün olacaq.
Sözsüz ki, Orxan da atasının
elmindən su içmişdi. O da atası ilə həmfikir idi və Azərbaycan haqqında həmişə
bizdən məlumat istəyirdi. Yəni, Rusiyada gəzib dolaşan məlumatlara inanmırdı.
Orxan əsasən tarixi məsələləri çox dəqiq öyrənmək istəyirdi. Azərbaycan
xalqının etnogenezi, tarixi hadisələrlə maraqlanırdı. Başa düşürdü ki, Rusiyada
bu məsələləri hərə öz marağından çıxış edərək izah edir. Orxan tez-tez bizdən
müxtəlif məsələlərə dair rəyimizi soruşurdu və fikirlərimizi çox diqqətlə dinləyirdi.
Heç vaxt sözümüzü kəsməzdi. Hissi olunurdu ki, özü üçün informasiya toplayır.
Orxan sırf Azərbaycanla bağlı gələcəkdə hansısa fəaliyyət proqramı hazırlamağı
düşünürdü. Amma bu planlar da yarımçıq qaldı…
Bundan başqa Heydər və Orxan
Camal Rusiyada bizim sözümüzü deyən, mövqeyimizi müdafiə edən insanlar idilər.
Heydər Camal müxtəlif tele-debatlarda dəfələrlə erməni ekspertlərini
susdurmuşdu. Orxan da ondan geri qalmırdı.
Böyük itkidir, amma üsyan etmək olmaz. Allah
bilən məsləhətdir. Bu insanların – ata-oğulu nəzərdə tuturam – həyatı kimi
ölümü də cəmiyyətləri silkələdi. Onlar haqqın tərəfində idilər, sözün düzünü
deyirdilər və problemin kökünü göstərirdilər. Bu itkilər nəzərləri dünyada olan
problemlərə, sivilizasiyaların toqquşmasına, islamla, müsəlmanlarla bağlı olan
problemlərə, bir sıra transmilli korporasiyaların yer kürəsini haqsızcasına
istismar etmək problemlərinə cəlb etdi. Heydər və Orxan Camal qorxmadan bu
problemləri deyirdilər. Onlar şam kimi yandılar və cəmiyyətlərə işıq verdilər. Ümid
edirəm ki, onların davamçıları olacaq.
Müəllif: Səxavət Həmid
Комментарии: