Tiflis zirzəmisində İrəvana aid tarixi tapıntı – Unikal fotolar/ Müsahibə
Qafqaz Tarixi Mərkəzinin rəhbəri, AMEA-nın Hüquq və
İnsan Haqları İnstitutunun böyük elmi işçisi, UNESCO-nun assistent professoru
(dosent) Rizvan Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Rizvan müəllim, xalq olaraq hər zaman bir gözümüz
gülüb, bir gözümüz ağlayıb. İki gün öncə xalq cümhuriyyətinin 100 illiyini qeyd
etdik. Bundan bir gün sonra isə tarixi Azərbaycan şəhəri İrəvanın ermənilərə
güzəştə gedilməsindən bir əsr ötdü. İstərdik, bu prosesin necə baş verməsindən
danışasınız…
– Bilirsiniz ki, 1917-ci ildə Rusiya imperiyası
dağılmaq üzrə idi. İmperator devrilmiş və həmin ilin fevralında
burjua-demokratik inqilabı baş vermiş, oktyabrda isə bolşeviklər müvəqqəti
hökuməti devirərək, özləri hakimiyyətə gəlmişdilər. Həmin dövrdə Qafqazda gərgin
vəziyyət yaranmışdı. Hakimiyyətsizliyə doğru gedən regionda bizim mütəfəkkirlər,
gürcü ziyalıları və bir sıra erməni nümayəndləri Tiflisdə Zaqafqaziya Seymi
yaratmışdılar ki, həm bölgəni idarə etmək, həm də I dünya müharibəsinin təsirlərindən
qorunmaq mümkün olsun. Əfsuslar olsun ki, həmin dövrdə vahid Zaqafqaziya dövlətini,
yaxud birliyini yaratmaq mümkün olmadı. 26 may 1918-ci ildə gürcü fraksiyası
Gürcüstanın müstəqilliyini elan etdi. Səbəblərdən biri də o idi ki, müharibə
gedən dövrdə böyük dövlətlərin – istər İngiltərənin, istər Almaniyanın, istərsə
də Osmanlı dövlətinin hər birinin öz maraqları var idi. Qafqazdakı xalqların da
bu böyük dövlətlərin hər birinə öz meyli yaranmışdı. Gürcüstan Almaniyanın təkidi
ilə öz müstəqilliyini elan etdi. Sözsüz ki, bununla Zaqafqaziya Seymi dağıldı.
Mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin
müstəqilliyini elan etdi. Həmin gün Ararat Respublikası, yaxud Erməni Federasiyası
adlanan dövlət də müstəqilliyini bəyan etdi. Ancaq gürcülərdən, azərbaycanlılardan
fərqli olaraq ermənilərin gediləcək yerləri yox idi. Yəni, Cənubi Qafqazın heç
bir bölgəsində, quberniyasında, qəzasında ermənilər çoxluq təşkil etmirdi. Ona
görə də müqəddəratlarını həll edə bilmirdilər. Bu baxımdan müstəqillik elan
olunduqdan sonra ermənilər gürcülərdən Tiflisi paytaxt kimi istəməyə cəhd etdilər.
Sözsüz ki, gürcülər buna getmədilər. O zaman onların bütün nəzərləri Azərbaycanın
qədim İrəvan şəhərinə zilləndi. Bunu onunla əsaslandırdılar ki, həmin ətrafda
Eçmiədzin kilsəsi, yəni ermənilərin dini mərkəzi yerləşir. Xüsusən qeyd edirdilər
ki, İrəvan müvəqqəti paytaxtdır. Bunu da qeyd etmək lazımdır. Ölkənin adı da
Ararat Respublikası idi. Məqsəd Türkiyə ərazisində yerləşən Ararat-Ağrı dağı ətrafında
və Türkiyənin bu dağ ətrafındakı vilayətlərində dövlət qurmaq idi. Sadəcə
olaraq, müvəqqəti guya Qafqazda İrəvan ətrafında ermənilər hələlik dövlət
qurmalı idilər. Amma Osmanlı dövləti buna imkan vermədi və nəticədə İrəvan və
onun ətrafı güzəştə gedildi. Bunun səbəblərindən biri də o idi ki, “Antanta”
ölkələri – Britaniya imperiyası, Fransa Respublikası, Rusiya imperiyası və “Üçlər
İttifaqı” – Almaniya imperiyası, Avstriya-Macarıstan monarxiyası və Osmanlı imperiyası
Azərbaycan Milli Şurasına böyük təzyiq göstərirdilər. I dünya müharibəsi
iştirakçılarının hamısının marağı ermənilərin hardasa öz müqəddəratını təyin
etməsindən ibarət idi. Bu yer kimi İrəvan və onun ətrafı seçildi. Böyük dövlətlər
Azərbaycan Milli Şurası qarşısında şərt qoydular ki, İrəvan güzəştə gedilməsə
onun müstəqilliyi tanınmayacaq. Nəticədə, mayın 29-da Milli Şura yetərsay
olmamasına baxmayaraq, buna məcbur oldu.
– İrəvanın Ararat Respublikasına verilməsinə dair
Milli Şuranın iclası necə keçdi?
– Sözün açığı, bu məsələdə kasadlıq hökm sürür. Çünki
ortada Milli Şuranın iki sənədi var. Bəlkə başqa sənədlər də var. Həmin iki sənədə
əsasən, fikir yürüdə bilirik. Fətəli xan Xoyskinin başçılığı ilə keçirilən
Milli Şuranın iclasının protokolunun birində yazılır ki, ermənilərlə məsələni
çözdük və İrəvan şəhəri paytaxt kimi güzəştə gedilir. Digər sənəddə isə qeyd
olunur ki, bu, “qaçılmaz fəlakətdir”. Milli Şuranın 28 üzvündən heç də hamısı
iclasda iştirak etmirdi. Səsvermə nəticəsində onlardan 16-sı İrəvanın güzəştə
gedilməsinin lehinə, 1-i əleyhinə səs verir, 3 nəfər bitərəf qalır. Ancaq
hüquqi baxımdan bu sənəd qanuni qüvvəyə minə bilməzdi. Çünki yetərsay yox idi.
Şuranın heç də bütün üzvləri iclasda iştirak etmirdi.
– Bəs, İrəvanın verilməsindən sonra verilən vədlər
yerinə yetirildimi?
– İrəvanın verilməsi ümumi işimizə fayda vermədi. Biz
bilirik ki, daşnak hakimiyyəti Zəngəzurda, İrəvanda və digər mahallarda
türk-müsəlman əhalini qırırdı. Bu qırğınlar nəinki səngimədi, əksinə Ararat
Respublikası həm Gürcüstana, həm də Azərbaycana müharibə elan etdi. Gürüstandan
Axalkələki, Borçalını, Loru-Pəmbəki, bizdən isə Naxçıvan, Qarabağ və Zəngəzuru
istəyirdi. Erməni tərəfi müharibədə məğlub oldu. Yenə də ingilislərin dəstəyi
ilə Zəngəzurun bir hissəsini müvəqəti ələ keçirə bildilər. Amma 1920-ci ilin əvvəlində
Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bildi. Qarabağ və Zəngəzurun böyük
bir hissəsi azad olundu. Əfsuslar olsun ki, həmin dövrdə bolşevik işğalı baş
verdi və cümhuriyyət süquta uğradı.
Yəni, İrəvanın güzəştə gedilməsində məqsəd həm də o idi ki, qırğınlar dayandırılsın. Daşnak hakimiyyəti bu qırğınların dayandırılmasını təmin etməli, gələcəkdə isə ya federasiya şəklində, yaxud əməkdaşlıq formasında iki ölkə arasında sənədlər imzalanmalı idi. Yəni, sülh şəraitində yaşamaq nəzərdə tutulmuşdu. Amma belə bir şey olmadı. Ermənistan ərazisində, sonra isə Azərbaycan ərazilərində Qaregin Njdenin, Drastamat Kanayanın (Dro) dəstələri qırğınlar törədirdi. Daşnak hakimiyyəti ya bunların qarşını ala bilmirdi, ya da almaq istəmirdi. Məqsəd türk-müsəlman əhalini qovaraq Ararat Respublikasının ərazisini böyütmək idi. Yəni, daşnak hakimiyyəti heç bir şərtə əməl etmədi.
– Xalq Cümhuriyyətinin süqutunu şərtləndirən amillər
hansılar oldu?
– “Antanta” ölkələrinin və “Üçlər İttifaqı”nın blok
kimi maraqlarından əlavə hər bir ölkə bölgədə ayrıca olaraq öz marağını təmin
etməyə çalışırdı. 1918-ci ilin martında Sovet Rusiyası ilə “Üçlər İttifaqı”
arasında imzalanan Brest-Litovsk sülhü nəticəsində Sovet Rusiyası I dünya
müharibəsindən çıxdı. Əsas döyüşlər də Rusiya imperiyası ilə Almaniya və
Avstriya-Macarıstan arasında gedirdi. Gürcüstanın arxa-dayağı Almaniya idi.
Baxmayaraq ki, Almaniya ilə Osmanlı dövləti müttəfiq idi, ancaq bunların
Qafqazda baxışları üst-üstə düşmürdü. Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə
dəstək verirdi. Ermənilərin arxası, güvəndiyi qüvvə ingilislər idi. İngilislərin
əli ilə öz işlərini görürdülər. Həmin dövrdə məqsəd Qafqaza, ələlxüsus neft
Bakısına, neftin tranzitinə nəzarəti əldə etmək idi. Bu məqsəd uğrunda
almanlar, ingilislər, Sovet Rusiyası mübarizə aparırdı. Osmanlı dövləti də bu
strateji istiqaməti nəzərə alaraq, həmçinin burdakı türk-müsəlman əhalinin
qırğınının qarşısını almaq üçün Qafqaz İslam Ordusu formalaşdırmışdı. Tərkibi
türk zabitləri və azərbaycanlılar idi. Bununla da biz görürük ki, kimin marağı
nə olub. Nəticə isə heç də ürəkaçan olmayıb. 1918-ci ildə neft Bakısını başda
Stepan Şaumyan olmaqla bolşeviklər işğal etmişdilər. Qafqaz İslam Ordusu Azərbaycanı
azad etdikcə bolşeviklər qaçdılar, Bakıya ingilislər gəldilər. Osmanlı ordusu
Bakını azad etdi, ingilislər getdi. Keçid dövləti yaradıldı, Sentrokaspi dövləti
də qurulmuşdu. Sonra müharibə cəbhəsində böyük problemləri olan Osmanlı dövləti
ordusunu Azərbaycandan çıxarmağa məcbur oldu. İngilislər yenidən Azərbaycana
qayıtdılar. Bakı neftinə ingilislər nəzarət etməyə başladılar. Sonra bildiyimiz
kimi, 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdi. Bu dönəmdə
cəmi 1 il – 1919-dan 1920-ci ilin aprelinədək, yəni ingilislər getdikdən sonra
xalq cümhuriyyəti rahat yaşaya bildi. Heç bir il də olmadı.
1920-ci ilin 11 yanvarında Millətlər Liqası, hazırkı
BMT Azərbaycanın müstəqilliyini tanıdı və bu, böyük bir bayram oldu. Amma siz
demişkən, bizim həmişə bir gözümüz gülüb, bir gözümüz ağlayıb. Yanvar
şadyanalığından sonra Qarabağda erməni üsyanları başladı. Azərbaycan ordusu
Qarabağa yeridildi, arxa cəbhə boş qaldığı üçün bolşeviklər Dağıstan istiqamətindən
XI ordunu yeritdilər, Bakı işğal olundu və cümhuriyyət süquta uğradı. Bax, belə
ağır dönəmdə biz müstəqilliyi əldə etdik. O ziyalı təbəqəsi, bizim mütəfəkkirlər
heç nədən, əliyalın, pulsuz-parasız, ancaq iti zehinləri ilə bu respublikanı
bizim üçün qurdular. Bizim müstəqilliyimiz 1920-ci ildə Millətlər Liqası tərəfindən
tanınmasaydı, biz SSRİ-nin tərkibinə müttəfiq respublika kimi daxil ola bilməyəcəkdik.
Yəni, SSRİ daxilində müttəfiq respublika statusu ancaq nə vaxtsa müstəqil dövləti
olmuş xalqlara verilirdi. Bizə muxtariyyət verəcəkdilər. Necə ki, Qarabağda ermənilərə
muxtariyyat verdilər. Azərbaycanın ərazisi parçalanacaq və bir subyekt kimi
RSFSR-in tərkibinə daxil olacaqdı. Deyəcəkdilər ki, hüquqi sənəd yoxdur, müstəqilliyi
tanınmayıb və demək, bunun müttəfiq respublika olmağa hüququ da yoxdur.
– Biz vaxtaşırı İrəvan şəhərinin ermənilərə 99 il müddətinə
verildiyinə dair informasiyaya rast gəlirik. Bu, doğrudurmu?
– Bunu boş söhbət adlandırardım. Bununla bağlı heç bir
sənəd-sübut görməmişəm. Onu yayan alim də ortaya bir sübut qoymayıb. Mən bunu
ciddi söhbət adlandırmaqdan uzağam.
– İrəvan şəhərinin sonrakı dövrdə erməniləşdirilməsi
barədə nə deyə bilərsiz?
– 1920-ci ilin noyabrında
Ermənistanda, bir il sonra Gürcüstanda bolşevik hakimiyyəti qurulur. Yeni
yaradılan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası regionda inzibati-ərazi
bölgüsü aparır. Yenə də ziyan çəkən Azərbaycan olur. Təkcə İrəvan və onun ətrafının
Ermənistana verilməsi təsdiqlənmir, Zəngəzur və başqa yerlər də güzəştə
gedilir. Qarabağda ermənilər üçün muxtar vilayət yaradılır. İrəvanın taleyi
sovet dönəmində daha acınacaqlı olur. Çünki hakimiyyət artıq birbaşa ermənilərin
əlində idi. 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilir, Yerevan
adlandırılır. Çar Rusiyası dövründə isə ruslar bu kimi proseslərin qarşısını müəyyən
qədər almağa çalışırdılar. Şəhərin yenidən qurulması üçün baş plan qəbul
olunur. Həmin plana əsasən, şəhərin tarixi mərkəzi, İrəvan qalası və ona aid
tikililər sökülür. Bu, nonses idi. Biz bilirik ki, hansısa şəhərdə tikinti
aparılanda, yaxud baş plan qəbul olunanda əsas məqsədlərdən biri onun tarixi mərkəzini
qorumaqdır. Tarixi mərkəz Bakıda var – İçərişəhər, Moskvada var – Moskva
Kremli, Tiflisdə, Dərbənddə Narınqala var. Yəni, bütün dünyanın şəhərləri öz qədim
mərkəzləri ilə öyünür. Amma hazırkı İrəvan şəhəri bundan məhrumdur. Çünki orda
Azərbaycan və islam dini mədəniyyəti, bu mədəniyyətin memarlığı mövcud idi. Bu,
dağıdılıb. Təxminən 1950-ci illərdə Ermənistan hakimiyyəti belə bir məsələ
qaldırır ki, bu şəhərin qədimliyinin heç bir izi-tozu qalmayıbsa, bəs biz qədim
xalq olduğumuzu, əzəldən burda yaşadığımızı necə təbliğ edəcəyik? Halbuki,
onlar 1918-ci ildə bu şəhəri müvəqqəti paytaxt kimi seçmişdilər. Həmin vaxt İrəvanın
özündə yox, şəhərin ətrafında Urartu qalasının qalıqları aşkar olunur. Urartu mədəniyyətinin
ən azı 3 min il yaşı var və ermənilərə heç bir aidiyyatı, müasir ermənilərlə
azca da olsa bağlılığı, o cümlədən dil və mədəniyyət bağlılığı yoxdur. Buna
baxmayaraq, ermənilər Urartu qalasının qalıqları üzərində bir qala tikir, guya
bu, qədim qaladır. Çox müəmmalı şəkildə bir daş tapılır, guya bu daşın üzərində
“erebuni-irpuni” sözü yazılıb. Bununla da təyin edirlər ki, “erebuni”nin 2750
yaşı var. 1968-ci ildə həmin qala ətrafında muzey tikilir və həmin tarixdən “qədim
erməni şəhəri”nin tarixini qeyd etməyə başlayırlar. Guya İrəvan Romadan da qədim
şəhərdir. Bu ilin payızında həmin “Erebuni”nin “2800 illiyi”dir.
– Rizvan müəllim, istərdik
bu istiqamətdə görülən işlər, o cümlədən Sizin özünüzün gördüyünüz işlər barədə
məlumat verəsiniz…
– Bəxtimiz gətirib ki,
Gürcüstan Milli Muzeyinin arxivinin zirzəmisindən İrəvan xanlığına aid 200
ildir qorunan əşyalar, bayraqlar, portretlər, başqa artefaktlar tapılıb. Biz
bir neçə ildir gürcülərlə bu istiqamətdə işləyirik. Əldə etdiyimiz materiallar
nəfis tərtibatlı kitab-fotoalbomda öz əksini tapacaq. Hazırda bu
kitab-fotoalbom nəşrə hazırlanır və yaxın vaxtlarda çap olunacaq. Həm özümüz, həm
də dünya ictimaiyyəti bilməlidir ki, ermənilər bu saxtakarlıq prosesini necə
keçiblər. Kitab-fotoalbomda Rusiya fotoqrafiya sənətinin pioneri olan şərqşünas,
etnoqraf Dmitri Yermakov (1845-1916) tərəfindən çəkilmiş İrəvan qalasının nadir
fotoları təqdim ediləcək, şəhərin milli-mədəni mənsubiyyətini sübüt edən
materiallar nümayiş olunacaq. Biz bu başıbəlalı İrəvanda nələrin baş verdiyindən
hər kəsin agah olmasını istəyirik. Bu fotolar hələ çapa getmədiyi üçün biz
onların hamısını yaymırıq. Hələlik yalnız bir neçə foto verə bilərik.
Müəllif: Səxavət Həmid
Комментарии: