İslam Peygəmbəri, Rəşidi xəlifələri, imamlar və müsəlman hökmdarları adindan erməni saxtakarlıği
Статья посвящена тому как армянская церковь и пропаганда сочиняли "грамоты", выданные армянской церкви или общине якобы от имени пророка Мухаммеда, праведных халифов, имамов и мусульманских правителей. Такого рода фальсификатом они претендуют на исторический центр и христианские святыни Иерусалима, а также фальсифицируют историю сразу нескольких стран.
Qafqaz Tarixi Mərkəzi - http://caucasianhistory.info/
Şıxəli Əliyev, Rizvan Hüseynov
İslam - erməni münasibətlərindən danışarkən erməni tarixşünaslığı və təbliğat maşını müxtəlif dövrlərdə görkəmli islam şəxsiyyətləri tərəfindən guya “məxsusi olaraq” onların barəsində çıxarılmış fərmanlar və əhdnamələrdən tez-tez sitatlar gətirməyi sevir. Onlar bu “əhdnamələri”, fərmanları islam dünyasının müqəddəs şəxsləri Mühəmməd peyğəmbərə (s.a.s) , Əli bin Əbu Talib, Cəfəri Sadiq və digər şiə imamlarına, Ömər bin əl-Xəttaba, eləcə digər xəlifələrə və sultanlara (məs. Səlahəddin Əyyubiyə) mənsub edirlər.
Müxtəlif arxivlərdə, kitabxanalarda saxlanılan onlarla belə “əhdnamə”, fərman
nümunələrində, əsasən, bütün xristianlara (nəsranilərə), o cümlədən ermənilərə əmlaklarının,
kilsələrinin toxunulmazlığı, dini etiqad sərbəstliyi vəd edilir, müsəlmanlarla
qeyri-müsəlmanlar arasında gələcək münasibətlərin əsasları barədə yazılır.
Şəkil 1 a |
Şəkil 1 b |
Hazırda sivilizasiyaların toqquşması iddiaları, mədəniyyətlərarası
dialoq, islam – xristian dialoqu fonunda bu növ sənədlərin “əhəmiyyəti”ni nəzərə
alaraq bir sıra müəlliflər, xüsusilə Qərb tədqiqatçıları onlara tez-tez müraciət
edirlər. Müsəlmanlara aid bəzi nəşrlər, qəzet və jurnallar, eləcə də islam dini
müəssisələri də islamın əsil məğzini, xristian konfessiyalarına tolerant
münasibətini tez-tez önə çəkmək məqsədilə
bu sənədləri səhih olub-olmamasını araşdırmadan yaymağa həvəs göstərmiş
və bunların belə şəkildə təqdimatına etiraz etməmişlər. Jon Endryu Morronun
“The Covenants of the Prophet Muhammad with the Christians of the World” [22] kitabı və müsəlman alimlərinin də
bu əsərə verdikləri müsbət rəylər yuxarıda deyilənləri bir daha təsdiqləyir, məsələnin
elmi deyil, ideoloji müstəvidə nəzərdən keçirildiyini göstərir. Ümumiyyətlə,
sülhün, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək hər hansı addımı
alqışlamaq lazımdır. Lakin bunu birtərəfli qaydada, elmi dürüstlüyü qurban verməklə
əldə etmək olmaz.
Bu mövzu bir sıra islam aliminin diqqətini çəksə də, bununla bağlı müəyyən
fikirlər deyilsə də onu geniş şəkildə araşdırılmağa ehtiyac vardır. Bu sahədəki
boşluqdan sui-istifadə edilir və bu “sənədlər” (saxta olsalar belə) təbliğat
maşınının alətlərinə çevrilirlər. Son zamanlar bir sıra erməni internet
resurslarında [29] ərəb hərfləri ilə yazılmış əlyazma
səhifələri bu “fərman”, “əhdnamə” nüsxələri kimi təqdim edilir, kopyalanıb
yayılır. Bu iş o qədər naşı görülür ki, hətta ərəb dilinin yazı qaydaları
pozularaq mətnlər oxunmaz halda, tərsinə çevrilmiş şəkildə (güzgülü yazı)
verilir (şəkil 1 а, 1 b)
, bəzən mövzuya dəxli olmayan əlyazmalar təqdim olunur (şəkil 2 a, 2 b).
Şəkil 2 a |
Şəkil 2 b |
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin yaşadığı dövr,
sonrakı Raşidi xəlifələri və Əməvilər dövrləri ilə bağlı orijinal yazılı mənbələr,
demək olar ki, dövrümüzə gəlib çatmamışdır. Bu dövrlərdə aparılmış rəsmi
yazışmalar, fərmanlar barədə məlumatları Abbasilər dövründə yazılmış tarix, siyər
(peyğəmbərin həyatı barədə) kitablarından əldə etmək olar. O da məlumdur ki,
erkən orta əsrlərə aid ərəbdilli əsərlərin heç birində İslam Peyğəmbərinin Ərəbistan
yarımadası xaricində yaşayan xristianlar, o cümlədən ermənilər haqqında hər
hansı əhdnaməsinin olması qeyd edilməyib. Məşhur ərəb tarixçiləri İbn Səd
(785-845) əl-Bağdadinin iri həcmli “Kitab ət-tabaqat əl-kubra”, İbn Hişamın
(öl.833), İbn Cərir ət-Təbərinin (839 - 923), əl-Bələzurinin (ölüb 892-ci il),
Əbu İsmail əl-Əzdinin, İbn əl-Əsirin (öl. 1233) əsərlərində, eləcə də digər
orta əsr tarixi qaynaqlarında bu məsələ ilə bağlı eyham belə yoxdur. Adı çəkilən
mənbələrin bu barədə susması onu göstərir ki, bu cür fərman və əhdnamələr həmin
dövrlərdə mövcud olmayıb və sonrakı dövrlərin “məhsulu”dur.
Ermənilər barədə verildiyi iddia edilən bu əhdnamələrin əksəriyyəti çox
sonralar, ümumiyyətlə, xristian, xüsusilə erməni kilsələrində, monastrlarında və
ruhanilərinin arxivlərində “üzə çıxıb”. Bunlar haqqında ilk söhbət açan da ermənidilli
mənbələrdir. Anastas Sanjian VII əsrdə Qüdsdə erməni monastrlarından bəhs edən əsərində
Qüdsün erməni patriarxı Avraamın Mühəmməd peyğəmbərdən və Ömər ibn əl-Xəttabdan
erməniləri, eləcə də bütün monofizit xristianları himayə edən bir əhdnamə
aldığını qeyd edir [15, 265–292]. Tarixi anaxronizmlərlə dolu və
ən qədim nüsxəsi XVI əsrə aid olan əsərdəki bu iddia əksər tədqiqatçılar tərəfindən
uydurma adlandırılıb. Joshua Prawer və Haggai Ben–Shammainin redaktəsi ilə
1996-cı ildə nəşr edilmiş “The History of Jerusalem: The Early Muslim Period
(638-1099)” əsərində o dövrdə erməni icmasının fəaliyyəti ilə bağlı hər hansı dəlilin
mövcud olmadığı, bu “əhdnamə”nin açıq-aydın uydurma və Qüdsün qeyri-erməni
patriarxı Sofroniosa mənsub edilən hadisənin imitasiyası olduğu qeyd edilir [21, 159].
Ömər bin əl-Xəttab tərəfindən hicri 15-ci ildə Sofroniosa yazıldığı iddia
edilən “əhdnamə”, əslində, irəli sürülmüş şərtlərə bənzəyir. Bu şərtlərə, hüquq
və imtiyazlara müxtəlif dövrlərdə yeniləri əlavə edildiyindən “əhdnamə”nin
hazırda bir-birindən fərqli mətnləri mövcuddur. Hətta həqiqiliyi şübhə altına
alınan bu mətnlərin zaman-zaman təhrif olunaraq maraqlı tərəflərin
ambisiyalarına, gizlin niyyətlərinə necə uyğunlaşdırıldığını asanlıqla görmək
olar. Əlavələrlə həcmi artırılmış “əhdnamə” nüsxələri istila edilmiş xalqların
istilaçı tərəflə müzakirə etdiyi şərtlərə bənzəyir ki, bu da qeyri-mümkündür [27, 8].
Maraqlıdır ki, ilkin islam tarixi məxəzlərində bu sənəd barədə heç bir məlumat
yoxdur. Bu “əhdnamə”yə işarə edən ilk müəllif Əhməd əl-Yəqubidir (öl.897).
Ondan sonra İbn əl-Batriq, İbn Əsakir, Mucirəddin əl-Uleymi, İbn əl-Cauzi, ət-Təbəri
əsərlərində bu barədə yazmağa başlayıblar. Əl-Yəqubinin verdiyi mətn kiçikdir və
orada Qüds sakinlərinin canlarına, mülklərinə və kilsələrinə qəsd edilməyəcəyinə
vəd verilir: “Bismillahir-rəhmanir-rəhim. Bu, Ömər bin əl-Xəttabın Beytul-müqəddəs
sakinlərinə yazısıdır: Sizin canınız, mallarınız (mülkləriniz) və kilsələriniz
amandadır. Onlar (kilsələr və mülklər- Ş.Ə) (onlardan başqaları tərəfindən -
Ş.Ə) məskən edilməyəcək və dağıdılmayacaq” [13,
37].
Patriarx Səid İbn Batriqin [6,
17], İbn Əsakirin [8, 178],
İbn əl-Cauzinin [7, 123-124] təqdim etdikləri mətnlər müəyyən
əlavələr və ixtisarlarla əl-Yəqubinin “əhdnaməsi”inin mətnindən o qədər də fərqlənmir.
Ət-Təbəri kimi, Mucirəddin əl-Uleymi də [11, 377] şəxsiyyəti barədə
şübhələr olan [12, 28] Seyf bin Ömərə istinad edərək, bu "əhdnaməni" əlavələrlə təqdim edir. Diqqət çəkən mühüm əlavə “İlyada (Qüdsdə - Ş.Ə)
onlarla birlikdə heç bir yəhudi məskun olmayacaqdır” cümləsidir. Bu hökm əl-Bələzurinin
“Kitab futuhil-buldan” [3, 189] və İmam Əbu Yusifin “Kitab əl-xərac”
[9, 216] əsərlərində verilmiş əhdnamələrdə mövcud deyil. Bu hissələrin
sonradan əlavə edilməsi və xristian mənbələrində qeyd edilməsi o dövrdə
xristian-yəhudi qarşıdurmasından xəbər verir [18, 324]. Circi Zeydan da
sənədin dilinin erkən orta əsr dövrü islam sənədlərinin dilindən fərqləndiyini,
müsəlmanların qədim kitablarında qeyd edimədiyini bildirərək onu sonrakı dövrlərin
məhsulu hesab edir [14, 386]. T.W.Arnold “The Preaching of
İslam” əsərində “Ömər əhdnaməsi”nin mətnindəki uyğunsuzluqların olduğunu qeyd
etsə də onun islam-xristian münasibətlərində əhəmiyyətinə də toxunur [17, 56-57]. Bu “əhdnamə” nüsxəsinin mətninin tərcüməsi
budur:
"Rəhman və rəhimli Allahın adıyla. Bu, Allahın qulu möminlərin əmiri
Ömər tərəfindən İlya (Qüds – Ş.Ə) əhalisinə verilmiş amandır. O, bu amanı
onların özləri, malları, kilsələri, xaçları, xəstələri və başqa dindaşları üçün
vermişdir: onların kilsələri (onlardan başqaları tərəfindən – Ş.Ə) zəbt edilməyəcək,
onlar (kilsələr), onların içindəkilər və xaçları, heç bir malları
dağıdılmayacaq və azaldılmayacaq. Dinlərinə görə pis münasibət görməyəcəklər,
onlardan heç kim zərər görməyəcək. İlyada onlarla birlikdə heç bir yəhudi məskun
olmayacaqdır. İlya əhalisi başqa şəhərlərin əhalisi kimi cizyə verməlidir.
Onlar oradan rumluları (bizanslıları – Ş.Ə) və oğruları çıxaracaqlar. Onlardan
oranı tərk edəcək hər kəsin canı və malı gedəcəyi yerə çatanadək amandadır.
İlyada qalanlar amandadır və İlyanın digər əhalisi kimi cizyə (can vergisi –
Ş.Ə) verməlidirlər. Rumlularla (bizanslılarla – Ş.Ə) birlikdə malını, xaçlarını
götürüb İlyanı tərk etmək istəyən kəslərin canları, xaçları onlar istədikləri
yerə çatanadək qorunacaq. Yer üzü əhlindən kimsə orada (İlyada) qalmaq istəyərsə,
onlar buranın əhli kimi cizyə verməlidirlər. İstəyən rumlularla gedər, istəyən
torpağına geri dönər. Bunlardan yalnız məhsul yığımı zamanı vergi alınır. Bu
yazıda olanlara Allahın əhdi və zimməti, Allah rəsulunun (s.a.s), xəlifələrin,
möminlərin zimməti vardır ki, onlar üzərlərinə düşən cizyələrini ödəsinlər.
Xalid bin əl-Vəlid, Əmr bin əl-As, Əbdürrəhman bin Auf, Muaviyə bin Əbi Sufyan
buna şahidlik etdilər. Bu, 15-ci ildə yazıldı və hazır oldu. [2, 175]
"Ömər əhdnamələri"ndən biri |
Şəkil 3 |
Lakin hazırda Qüdsün ortodoks kilsəsinin qəbul etdiyi və “Ömər Əhdnaməsi”
adı ilə 1953-cü ildə nəşr etdiyi sənəddə yeni hökmlərin yer aldığını görmək
olur. Ənənəvi olaraq “bismillahir-rəhmanir-rəhim” ifadəsi ilə başlayan sənədin
Ömər bin əl-Xəttab tərəfindən Qüdsün Turi Zeytundakı Patriarxı Safraniosa
verilmiş və bütün rəiyyətinə, rahiblərə və rahibələrə şamil ediləcək yazılı əhdnamə
olduğu qeyd edilir (şəkil 3). Diqqəti cəlb edən məsələ bu əhdnamədə artıq xristian qruplarının, o
cümlədən ermənilərin ayrı-ayrılıqda qeyd olunması və bu əhdnamənin (bir neçə
yerdə fərman adlanır) onlara da şamil olunmasıdır:
“...Qüdsdə
olan xristianların xaricində xristian camaatları, yəni gürcü və həbəş
xristianları, Firəngdən (Avropadan - Ş.Ə) ziyarət üçün gələnlər, qibtilər,
süryanilər, ermənilər, yəqubilər, nəsturilər, maronilər və oxşar
konfessiyalar tamamilə adı çəkilən patriarxa tabedirlər. Patriarx onlardan
üstün tutulur. Çünki onlara Allahın göndərdiyi kərim və sevimli peyğəmbər
özünün müqəddəs əlinin möhürü ilə aman vermiş və onların himayə olunmalarını
istəmiş, onlar şərəflənmişlər... Xristian rəhbərlərinə
bu fərman səhabeyi kiramdan Abdullah, Osman bin Affan, Səd bin Zeyd, Əbdürrəhman
bin Auf ve digər səhabə qardaşlarımızın hüzurunda verilmişdir... Möminlərdən
kim bu fərmanımızı oxuyaraq indi və qiyamətə qədər ona qarşı çıxarsa, Allah’ın əhdini
pozmuş və Həbibinə (Peyğəmbərinə - Ş.Ə) üsyan etmiş olur. Rəbiul-əvvəl, hicri
15-ci il”.
Xristian qruplarının (hətta bir çoxu fərmanın verildiyi tarixdə hələ
yaranmamışdı) ayrı-ayrılıqda sadalanması, patriarx Sofroniosa tabe edilməsi,
patriarxın onlardan üstün tutulması kimi qeydlər fərmanın yazıldığı dövrdə
dini, ictimai-siyasi vəziyyətin diqtəsindən, daha dəqiqi, xristian-xristian
münasibətlərinin, mübarizəsinin kəskinləşməsinin təzahürüdür.
Bir çox tarixçilər, tədqiqatçılar da bu sənədin son nümunələrini şübhə
altına alaraq onların xristian qruplarının dini məkanlara sahib olmalarını təmin
etmək üçün irəli sürüldüyünü bildirmişlər. “Redefining Christian Identity:
Cultural Interaction in the Middle East Since the Rise of Islam” kitabında bu
cür qeydlərin, hökmlərin VII əsrə aid olmadığı bildirilir və onların “əhdnamə”yə
IX əsrdən tez əlavə edilə bilməməsi vurğulanır [19, 22]. Çox güman ki, xristian qrupları Mühəmməd peyğəmbərin (s.a.s) özündən məxsusi
hüquq və imtiyazlar alındığını iddia etməklə özlərini qorumaq strategiyasını
yeridirdilər. Bu, eləcə də onların üzərinə qoyulmuş vergilərdən yayınmaq və ya
həcmini azaltmaq məqsədilə də edilə bilərdi. Belə ki, islam inzibati hüququnda
vergilərin həcmi hər hansı ərazinin zorən, hərb yolu ilə və ya sülhən fəth edilməsinə uyğun olaraq müəyyən
edilirdi (bax, İmam Əbu Yusif, Kitab əl-xərac).
Qüdsün xristian qruplarının hər birinin özünün məxsusi “əhdnamə” və “fərman”
nüsxəsini irəli sürməsi halları Osmanlı imperatorluğu dövründə artmışdı.
Yuxarıda deyildiyi kimi, bundan məqsəd Qüdsdəki müqəddəs məkanlara öz sahiblik
haqqını tanıtmağa cəhd etmək idi. Qüdsdə ermənilərlə yunan ortodoks kilsələri
arasında baş verən toqquşmalar və ixtilaflar zamanı tərəflərin, hətta islam və
osmanlı tarixində tanınmış şəxslərin adlarından verildiyi iddia edilən fərmanlardan,
əhdnamələrdən yararlanması adi hal almışdı. Bu sənədlərdə hər bir tərəfin bütün
hüquqları islam fatehləri tərəfindən tanınır və qorunurdu. Müqəddəs məkanlar
uğrunda mübarizə qalxanda hər tərəf öz
“sənədini” təqdim edir, ümid edirdi ki, Osmanlı hakimiyyət orqanları onun sənədini
ciddi qəbul edəcək və onun hüquqlarını bərpa etmək üçün hərəkətə keçəcək [25, 128].
Qüds şəhəri XVI – XIX əsrlər ərzində
tez-tez belə toqquşmaların şahidi olmuşdur. Müqəddəs məkanlar uğrunda xristian
qrupları arasında mübarizə 1541-ci ildə kəskinləşmişdir [1, 549]. 1670-ci ildə erməni-yunan
kilsələri arasında toqquşma baş vermişdi. Ermənilər Sultanın fərmanında “rum”
sözünü “erməni” sözü ilə, “Abdullah” adını isə “Sarkis” adı ilə dəyişdiklərinə
görə 1731-ci ildə erməni və yunan qrupları arasında ölümlə nəticələnən toqquşma
olmuşdu. 1808-ci ildə isə ermənilər Qiyamə kilsəsini yandırdılar. Rumlulara və
latınlara alovu söndürməyə mane olduqlarından kilsə tamamilə yanıb külə döndü.
1810-ci ildə də erməni – yunan kilsələri arasında toqquşma baş verdi [1, 550].
Sofroniosa verilmiş “əhdnamə”nin erməni imitasiyasına Anastas Sanjianla
yanaşı digər erməni mənbələrində də rast gəlinir. Rəvayətlərdən birinə görə,
erməni yepiskopu və Qüdsün birinci erməni patriarxı I Avraam (J.Ghazariana görə
o, 638-669-cu illərdə yaşayıb) şəhərin süqut edəcəyini qabaqcadan hiss edərək Məkkəyə
yollanmış və Mühəmməd peyğəmbərin əlindən Qüdsdəki ermənilərin dini və dünyəvi
haqlarının qorunmasını təmin edən “əhdnamə” almışdır [20, 66]. Amma təqdim
olunan bu “əhdnamə” nüsxəsindən də məlum olur ki, burada konkret olaraq ermənilərdən
yox, ümumiyyətlə islam hakimiyyəti altında yaşayan xristianların hüquqlarından
söhbət gedir. Bu fikri Ghazarianın özü də təsdiq edir [20, 66]. Təbii ki,
yazının da orijinalı yoxdur.
Qəribədir ki, bəzi internet resursları bu rəvayəti yayarkən elmə məlum
olmayan Zəkiyəddin adlı ərəb tarixçisinə də istinad edirlər. Həmin tarixçiyə
görə, guya Avraam 626-cı ildə şəxsən Peyğəmbərin yanına getmişdir. Hətta bir rəvayətdə
Əli bin Əbi Talibin 625-ci ildə əhdnaməni erməni patriarxı Avraamın özünə göndərdiyi
qeyd edilir [16]. Başqa bir yerdə isə
deyilir ki, Qüdsdəki Mar Yaqub monastrında saxlanılan Mühəmməd peyğəmbər dövrünə
aid bir sənəddə 40 rahibdən ibarət erməni nümayəndə heyəti Qüdsün fəthindən bir
neçə il qabaq Məkkəyə səfər edərək Mühəmməd peyğəmbərlə görüşmüş və ona
loyallıqlarını bildirmiş, müqəddəs torpaqlarda öz imtiyazlarının və əmlaklarının
qorunmasının təmin edilməsi üçün peyğəmbərdən əhdnamə almışlar [16]. Burada da adı çəkilən “əhdnamə”nin
“orijinalı” barədə məlumat verilmir.
Göründüyü kimi, əhdnamələrin “addan ada keçirilməsi” və “ yenilənməsi” ənənə
halını almış və bütün sonrakılar da “ilk mənbəyə” - Mühəmməd peyğəmbərə (s.a.s)
istinad edərək bəzi əlavə və ixtisarlarla verilmişlər.
IV Raşidi xəlifəsi Əli bin Əbi Talibə mənsub edilən bir “əhdnamə” əlyazması
da XVIII əsrdə “tapılmışdır”. “Əhdnamə” Əlinin ölümündən bir il qabaq, hicri
40-cı ildə yazılmışdır. İlk dəfə 1767-ci ildə Grigor Campan tərəfindən, sonra
isə 1804-cü ildə M.Saragian tərəfindən erməni dilinə çevrilmişdir [23, 60-64].
Təbii ki, əvvəlki sənədlərdə olduğu kimi bunun da ərəbcə orijinalı yoxdur.
Bunun nə demək olduğunu yaxşı anlayan tədqiqatçı J.Avdall əsaslandırmağa
çalışır ki, guya kufi hərfləri ilə yazılmış ərəbcə çox nadir qədim orijinalın
nüsxəsini o, Asiya cəmiyyətinin vitse-prezidenti mərhum Henri Torrensə tərcümə
və nəşr edilməsi üçün təqdim edibmiş. Lakin bu nadir parça ya itmiş, ya da onun
çap olunmamış əsərləri içərisinə qarışmışdır. Avdall əhdnaməni erməni dilinə tərcüməsi
əsasında ingilis dilinə çevirmiş və nəşr etdirmişdir.
Başqa “əhdnamə” barədə Gəncəli Kirakos (XIII əsr) məlumat verir. O yazır
ki, katalikos Con Otzun ərəb xəlifəsi Hişamla yaxın əlaqəsindən istifadə edərək
ondan öz xalqı üçün üçqat əhd almışdır. Əhddə onlara şəxsi əmlak
toxunulmazlığı, etiqadlarında sərbəstlik, kilsələrin və ruhanilərin vergidən
azad edilməsi vəd edilir. Müəllifə görə, bu hüquqlar xəlifə II Ömər və ya xəlifə
Hişam tərəfindən verilib. İmam Mühəmməd Cəfər isə onu təsdiq edib [24, 355].
L. Arpinin bildirdiyinə görə, adı çəkilən “əhdnamə” Nor Cuhada erməni
yepiskopunun arxivində saxlanılır. Burada sənədin Mühəmməd peyğəmbər tərəfindən
Sinaydakı Müqəddəs Katerin (Yekaterina) monastrına göndərildiyi (625-ci ildə)
iddia edilən orijinal nüsxədən köçürüldüyü qeyd edilir. Maraqlıdır ki, L.Arpi
peyğəmbərə mənsub edilən nüsxənin müasir tənqidçilər tərəfindən saxta hesab
edildiyini diqqətə çatdırır. O da vurğulanır ki, Persiya şahı bu sənədin bu
nüsxəsini XVII əsrdə erməni yepiskopuna təqdim etmiş, bununla ermənilərin
Persiyada hüquqlarının qorunduğunu diqqətə çatdırmışdır. “Əhdnamə”nin sonunda
onun Mühəmməd peyğəmbər tərəfindən təsdiq olunduğu və hicrətin 4-cü ilində
yazıldığı bildirilir. L.Arpinin ingilis dilində tərcüməsini təqdim etdiyi “əhdnamə”nin
mətnindən [24, 355-360] aydın olur ki, bu da konkret olaraq ermənilər üçün deyil,
bütün nəsranilər (xristianlar) üçün nəzərdə tutulub.
Digər erməni tarixçisi Samuel Anitsi (XII əsr) əsərində Mühəmməd peyğəmbərin
ermənilərlə əhd bağladığını, onlara dini etiqad sərbəstliyi verdiyini qeyd
edir. Buna bənzər rəvayətə Mxitar Anetsinin əsərində də rast gəlinir [26, 840].
Yeziut din xadimi, tarixçi Luis Şeyxo
(1859–1927) aylıq katolik “əl-Məşriq” jurnalında çıxan məqaləsində Mühəmməd
peyğəmbərə və Raşidi xəlifələrinə mənsub edilən bu “əhdnamələri” ciddi tənqid
edir və onların heç bir əsası olmadığını bildirir. Tarixçi fəaliyyəti dövründə
qəzet və jurnal səhifələrində ara-sıra belə əhdnamələrin araşdırılmadan və həqiqiliyi
öyrənilmədən peyda olaraq nəşr edildiyini tənqid edir. L.Şeyxo qeyd edir ki,
İstanbuldakı erməni patriarxlığı erməni qəzetlərinin nəşr etdiyi başqa əhdnamə
nüsxəsini göndərib. Bu nüsxə “əl-Əhval” qəzetinin 4893-cü nömrəsində də çıxıb.
Çox keçməmiş “Raudat əl-Maarif” jurnalı özünün 13-cü sayında Mühəmməd peyğəmbərə
mənsub edilən və xristianlar üçün verilmiş başqa bir əhdnaməni “la xaufə mimmə
yətəvahhəmun” (düşünə bilənlərdən qorxmaq olmaz” başlığı ilə nəşr etdirib.
Yerli qəzetlər də tez-tələsik bunu yayıblar [4, 610]. Göründüyü kimi,
bu kimi məlumatların yayılmasında məlum dairələrin maraqları da ola bilər. Belə
ki, bu “canfəşanlıq” halları müsəlman – xristian, eləcədə erməni münasibətlərinin
gərginləşdiyi dövrlərə təsadüf edir. Çox güman ki, bununla aranın sakitləşdirilməsinə
və ya vurulacaq cavab zərbəsindən qorunmağa çalışılıb.
Ermənilərlə bağlı verilmiş “əhdnamələr”dən birini də məşhur islam alimi
Mühəmməd Həmidullah (1908-2002) Türkiyənin Ərzurum universitetinin İslami Elmlər
Fakültəsininin İslam Tarixi bölümündə araşdırma apararkən tapdığını qeyd edir.
Alimə görə, sanki ermənilərin özləri bunu nəşr etmişlər [10, 555]. Maraqlı budur
ki, “əhdnamə” türk dilində tərcüməsi ilə birlikdə verilmişdir. Sənəd Aməd şəhərinin
qazisi Molla Cələbi adı ilə məşhur Mühəmməd bin Əlinin və Ruha şəhərinin qazisi
Nəqi Fəzlizadənin şahidliyi ilə başlayır.
Türkcə tərcüməsi isə bu cümlələrlə başlayır: “ Bu kitab mübarəkdir. Allah
təalanın əmr şərifi ilə bən icazət verdim yazılmasına cəmi erməni taifəsinin tələblərilə
indən sonra kim bizimlə zimmətlərinə əhd bağladılar və dəxi islamın kunfi
(himayəsi-Ş.Ə.) altına daxil oldular ...” Bu “əhdnamə”nin də mətni uzundur və əvvəlkilərə
bənzəyir. Göründüyü kimi, ermənilər islamın himayəsi altına alınıb, müsəlmanların
da bu öhdəlikdən irəli gələn məsələlərə itaət etməsi tələb olunur. Harada
olmasından asılı olmayaraq onların kilsələri, mülkləri, ibadət yerləri
qorunmalı, onlara zərər vurulmamalıdır. Bu əhdnamənin səhabələrin iştirakı ilə
yazıldığı qeyd edilir. Şahidlər arasında Əbu Bəkr Siddiq, Ömər bin əl-Xəttab,
Osman bin Affan, Əli bin Əbi Talib, Müaviyə bin Sufyan, Əbu-d-Dərda, Əbu Zərr,
Əbu Hureyrə, Abdullah bin Şəmun, Abdullah bin Abbas, Həmzə bin Əbdülmüttəlib,
Əbulfəzl Abbas, Talha, Səd bin Had,Səd bin Əyyad, Abdullah bin Şəmun, Sabit bin
Qeys, Zeyd bin Sabit, Zeyd bin Arqəm, Usamə bin Zeyd, Osman bin Mantaun,
Əbud-daliyə, Abdullah bin Ömər və İbn əl-As, Əmmar bin Yasir, Ənsəl bin Malik, Məsud
bin Əbi Talibin adları çəkilir. Sonda əhdnamənin Mühəmməd Rəsulullahın əmri ilə Müaviyə bin Sufyan tərəfindən hicrətin ikinci
ili, zilhiccə ayının 2-sində yazdığı qeyd edilir.
Mühəmməd Həmidullaha görə, bu yazının saxta olduğu heç kimdə şübhə doğurmamalıdır.
Orada şahid kimi adı iki dəfə çəkilən Abdullah bin Şəmunun şəxsiyyəti məlum
deyil. Digər şahid Abdullah bin Abbas hicrətin birinci ilində doğulmuşdu.
Müaviyə bin Sufyan isə (Əbi Sufyan olmalı idi) hicri ikinci ildə hələ islamı qəbul
etməmişdi və Mədinə şəhərində deyildi. Ümumiyyətlə, hicrətin 8-ci ilinə qədər
Mühəmməd peyğəmbərin (s.a.s) düşməni idi. Əbu Hüreyrə isə hicri 7-ci ildə müsəlman
olmuşdur. Səd bin Had, Səd bin Ayyad, Əbu-daliyə, Məsud bin Əbi Talibin şəxsiyyətləri
islam tarixində məlum deyil. Türkcə tərcümə naqisdir. Belə ki, ərəbcə mətndə
adı keçən şahidlərin adları türkcə tərcümədə verilməyib.
Bəzən erməni mənbələri Mühəmməd peyğəmbər (s.a.s) və Əli bin Əbi Talib tərəfindən
Sinaydakı xristianlara göndərildiyi iddia olunan “əhdnamə”ləri də “özününküləşdirməyə”
cəhd edirlər. Amma nəzərə alınmalıdır ki, hətta bu sənədlərin özlərinin həqiqiliyi
şübhəlidir və erkən islam mənbələrində onlara rast gəlinmir. Belə “əhdnamələr”dən
biri barədə əl-Xuri Mixail Qabriel “Tarix əl-kənisə əl-antakiyyə” əsərində məlumat
verir [5, 588]. Bu sənədin də yazılma tarixi hicri 2-ci ildir. Burada yenə də
tarixi uyğunsuzluğun şahidi oluruq. Bu səhvləri, uyğunsuzluqları peyğəmbərin
Sinaydakı xristianlara yazdığı iddia olunan “əhdnamə”yə də aid etmək olar.
Bunlar forması, məzmunu və üslubu baxımdan erkən orta əsrlər islam sənədlərinin,
müqavilələrin forma, üslubu ilə uyğun gəlmir.
Yeri gəlmişkən, burada Osmanlı və Səfəvi dövlətləri
dövründə erməni kilsəsi tərəfindən saxtalaşdırılmış başqa ərəb-müsəlman sənədlərini
misal çəkmək olar. Mürəkkəb və dəyişən siyasi vəziyyətdə ayaq üstə qalmaq üçün
erməni kilsəsi hər cür yalan və saxtakarlığa əl atırdı.
1950-60-cı illərdə professor A.D.Papazyan tərəfindən
erməni katolikoslarının arxivindən üzə çıxarılmış Osmanlı hökmranlığı dövrünə
aid bəzi saxta sənədləri misal çəkək. Belə saxtakarlıq fəaliyyətinin nümunəsi
kimi XVI əsrdə icad olunan, guya Mühəmməd peyğəmbər (s.a.s.) tərəfindən VII əsrdə
erməni katolikoslarına şəxsən verilən “aman” məktublarını qeyd edə bilərik. Bu
“məktublar” Eçmiadzin kilsəsinə o zaman Türkiyədəki Axtamar monastırından köç
edən erməni kilsə xadimləri tərəfindən gətirilmişdir [31, 190-194].
Bu saxta “məktubların”
nüsxələri A.D.Papazyan tərəfindən Mətinədaran (Yerevan) arxivindən tapılmışdır.
Bu “məktubları” araşdıran A.D.Papazyan yazır: “sənədlərin
mətni təhrif olunub və biabırçı grammatik və orfoqrafik səhvlərlə doludur”. Erməni alimi qeyd
edir ki, Mətinədaranda qorunan buna bənzər sənədin başqa nüsxəsi də belə
savadsız və qarışıq xətlə yazılıb [31,
218]. A.D.Papazyan bu nəticəyə gəlir:
“<...> Bu, mətnləri əvvəlki əsrlərin
bu növ “əhdnamələr”i ilə əlaqələndirilsə də, əslində, saxta və kompilyativ bir
sənəddir, çünki sonrakı dövrlərin nasixləri və tərtibçilər çoxlu əlavələr etməklə
və onları öz dövrlərinin tələblərinə uyğunlaşdırmaqla əvvəlki mətnlərdən çox
uzaqlaşıblar <...>”. Erməni müəllifi qeyd edir ki, buna bənzər saxta “sənədlərin”
nüsxələri XVI əsrdə Ermənistan ərazisi və Osmanlı dövlətinin ermənilərin sıx
yaşadığı mərkəzlərdə geniş yayılmışdı [31,
218-220].
Görünür, ermənılər bu “sənədləri” saxtalaşdırmış, onları öz istəklərinə
uyğunlaşdırmış və Mühəmməd peyğəmbər (s.a.s.) tərəfindən Sinay yarımadasındakı
Müqəddəs Katerin (Yekaterina) monastırına göndərildiyi (625-ci ildə) iddia edilən
orijinal nüsxəyə bənzətmişlər. Bu, əsası IV əsrdə qoyulan və dayanmadan fəaliyyət
göstərən ən qədim xristian monastırlardan biridir. Deyilənə görə, 625-ci ildə
Müqəddəs Katerin monastrından Mədinəyə gələn rahiblər burada Mühəmməd peyğəmbərlə
(s.a.s.) görüşmüş və onun himayəsini qazanmışlar. Burada onlara peyğəmbər tərəfindən
onun əlinin iziylə möhürlənmiş “əhdnamə” verilmişdir. Burada qeyd olunub ki,
Axirət gününə qədər Müqəddəs Katerin monastrının toxunulmazlığı və müdafiəsi
müsəlmanlar tərəfindən təmin olunacaq [28,
167]. Amma müasir dövrün alimləri tərəfindən
aparılan tədqiqatlar onu göstərir ki, bu “əhdnamə” orijinal mətn deyil və
sonradan saxtalaşdırılan sənəddir, çünki erkən islam dövrünün mətn yazılışı və
tərtibatı üslubuna bənzəmir.
1517-ci ildə Osmanlı sultanı Birinci Səlim Misiri öz dövlətinə birləşdirəndə,
Sinay yarımadasındakı Müqəddəs Katerin monastrının rahibləri ona İslam Peyğəmbəri
tərəfindən verilən “əhdnaməni” təqdim edərək Osmanlı dövlətinin himayədarlığını və toxunulmazlığını əldə etdilər. Hər halda
erməni rahibləri də Sinay yarımadasındakı bu “əhdnaməyə” Osmanlıların dərin
ehtiramı barəsində bilirdilər və buna bənzər bir “sənəd” saxtalaşdırıb Osmanlı
və Səfəvi hökmdarlarından özləri üçün aman, zəmanət əldə etmişdilər. [30, 145-146]
Ümumiyyətlə qeyd edək ki, yuxarıda sadalanan anaxronizmlər və səhvlər,
orfoqrafik xətalar bu cür əhdnamələrin əksəriyyəti üçün səciyyəvidir. Ermənilərlə
bağlı bu əhdnamələrin mətnləri, peyğəmbər tərəfindən digər xristian məzhəblərin
nümayəndələri üçün verildiyi iddia olunan əhdnamələrlə, demək olar ki, eynidir,
cüzi əlavələr və ixtisarlar var.
Beləliklə, araşdırmada səslənən fikirləri ümumiləşdirərək belə nəticəyə gəlmək
olar ki, İslam Peyğəmbəri və ya Raşidi xəlifələri tərəfindən xristianlarla, o
cümlədən ermənilərlə bağlı verildiyi iddia olunan bu əhdnamələrin ümumi səciyyəvi
cəhətləri vardır və onları aşağıdakı kimi qeyd etmək olar:
Nəzərdən keçirdiyimiz “əhdnamə” nüsxələri yalnız hüquqlar və imtiyazlar vəd
edir. Öhdəliklərdən danışılmayan, yalnız hüquqlar verən, peyğəmbər dövründə
olmayan məsələlərə toxunan sənədlər saxta sayılmalıdır. Ola bilsin ki, tarixçilər
bəzi yeni sənədləri tarixi kitablarda qeyd edilmiş bəzi sənədlərə əsasən
uydurmuşlar.
İslam peyğəmbərinə mənsub edilən “əhdnamə” nüsxələrinin, demək olar ki,
hamısının mətni genişdir. Lakin erkən orta əsrlər dövründə bağlanmış müqavilə,
sülh sazişlərinin mətnləri qısa və konkretdir, onlarda mübaliğə və tərifə yer
verilmir.
Yuxarıda da qeyd edildiyi kimi, bu sənədlərin orijinalları yoxdur və orta
əsr ərəbdilli mənbələrdə, o cümlədən İslam Peyğəmbərinin həyatından bəhs edən
kitablarda (siyər) qeyd edilməyib.
Mühəmməd peyğəmbər (s.a.s) tərəfindən verildiyi iddia edilən bu sənədlərdə
tarixi uyğunsuzluqlar vardır. Belə ki, peyğəmbərin vəfatına qədər ərəblər Ərəbistan
yarımadasından kənara çıxmayıblar və onların yaşadıqları məkanda mövcud olmayan
fərqli xristian qrupları ilə bu tarixdən qabaq təmasları mümkün deyil. Bu
baxımdan bəzi əhdnamələrdə deyilən “Yerin şərqində və qərbində, əcəmində,
yaxınında və uzağındakı nəsrani dininin nümayəndələrinə əhdnamə yazılması”
ağlabatan deyil.
Əksər əhdnamələr təslimçilik aktına şərtlərə bənzəyir, qarşı erməni tərəfinin
üzərinə heç bir öhdəlik, tələb qoymur. Mətnlərdə islam hüququ prinsiplərinə
zidd tələblər, fikirlər mövcuddur. Məsələn, müsəlman kişilərlə ailə quran
xristian qadınların islamı qəbul etmədən öz dinlərində sərbəst qalmaları ilə
bağlı şərt (bax L.Arpee-nin təqdmi etdiyi “əhdnamə” nüsxəsi).
Əksər əhdnamələrdə çox sonralar yaranmış islam təriqətlərinə aid fikirlər
mövcuddur. Məsələn, müvəqqəti nigahla bağlı qeyd (bax. L.Arpee-nin təqdim
etdiyi “əhdnamə” nüsxəsi).
Müsəlman hakimlərinin, sultanların, xəlifələrin nəsranilərlə,
xristianlarla bağladıqları müqavilələrdə bu əhdnamələrə heç bir işarə edilmir.
Təqdim olunan “əhdnamə” nüsxələrinin mətnlərinə və istifadə olunan yazı
texnikasına nəzər saldıqda, onların ilkin islam və Raşidi xəlifələri, Əməvilər
dövründən çox sonra yazıldığını görmək olar. Belə ki, ərəb hərflərinin nöqtəli
variantının, hərəkələrin, rəngli yazı texnikasının, ərəb kalliqrafik nümunələrinin
yazıda istifadə edilməyə başlaması Mühəmməd peyğəmbər (s.a.s) zamanından
sonrakı dövrlərə təsadüf edir.
Mətnlərdə müxtəlif dövrlərə aid olan terminlərə rast gəlinir. Məsələn, “sultan”
sözü Mühəmməd peyğəmbərdən (s.a.s) çox sonralar istifadə edilib.
Sənədlərin saxta olduğunu sübut edən digər məsələ isə hicri tarixinin
istifadəsidir. Hicri tarixi Mühəmməd peyğəmbərin (s.a.s) vəfatından sonra, xəlifə
Ömər bin əl-Xattabın dövründə müsəlmanlar arasında rəsmi təqvim kimi qəbul
edilib. Hicrətdən 17 il sonra hicri təqvimi rəsmi təqvim kimi istifadə edilməyə
başlayıb.
Hal şahidlərinin sıralanmasında tarixi prinsip pozulub. Onların hətta bəzilərinin
şəxsiyyəti məlum deyil. Bəzən adları təkrar verilir. Bəzi əhdnamələrin katibi
kimi Müaviyə ibn Əbi Sufyanın adı qeyd edilir. Amma yazılan tarixlə Müaviyənin
islama gəldiyi və peyğəmbərin yanında olduğu tarix üst-üstə düşmür. Yuxarıda
deyildiyi kimi, bəzi əhdnamələrin şahidləri kimi yazılan Abdullah bin Abbas əhdnamənin
yazıldığı tarixdə hələ yeni doğulmuş uşaq idi. Şahidlər içərisində olan Həmzə
isə sənədin yazıldığı tarixdə artıq həyatda yox idi.
Ermənilər zəbt etdikləri və ya etmək istədikləri yerlərin sonradan əsl
sahibinə çevrilmək üçün zaman oxunun üzərində geriyə hərəkət etməyi sevirlər.
Bu zaman ya xaçkar (xaçdaş) basdırıb “üzə çıxarır”, ya da mövcud tikililər üzərində
tarixə “əl gəzdirirlər”. Bu yazımızda isə hətta islam peyğəmbərinin adından
istifadə etdiklərinin şahidi oluruq. Qüdsdə qədimdən bəri yüksək statusa malik
olduqları iddialarına dəlil kimi birinci erməni patriarxı Avraamı (?) Mühəmməd
peyğəmbərin (s.a.s) hüzuruna “göndərməkdən” belə çəkinməyiblər.
Şəkillər:
Ədəbiyyat:
1. Arif əl-Arif, Əl-mufəssəl fi
tarixil-quds, AIRP, 2005
2. Əhməd Zəki Safvat, Cəmharət rəsailil-arab
fi usuril-arabiyyətiz-zəhira, birinci cild, Beyrut-Livan, birinci nəşr, 1937
3. əl-Bələzuri “Kitab futuhil-buldan”,
Beyrut-Livan, 1987
4. əl-Məşriq, Beyrut, 1909, 12-ci say
5. əl-Xuri Mixail Qabriel “Tarix əl-kənisə
əl-antakiyyə”, c.1
6. ət-Tarix əl-məcmu alə -t-tahqiq
vat-tasdiq, Beyrut, 1909, əl-əbə əl-yəsuiyyin mətbəəsi, cild 2
7. İbn əl-Cauzi «Fəzailul-qüds»,
hazırlayan, tədqiq edən dr. Cəbrail Süleyman Cəbbur, Beyrut, ikinci nəşr, 1980
8. İbn Əsakir «Təhzib tarix dimaşq»,
1911, cild 1
9. İmam Əbu Yusifin “Kitab əl-xərac”,
Beyrut-Livan, 1979
10.Məcmuət əl-vasaiq əs-siyasiyyə
lil-ahdin-nəbəvi va –l-xilafətir-raşidə”
11.Mucirəddin əl-Uleymi «əl-Uns əl-cəlil
bitarixl-quds val-xəlil», tədqiq edən Adnan Yunuf Əbdülməcid Əbu Tabbana,
birinci cild, birinci nəşr, 1999, Əmman
12.Mustafa Fayda, "Seyf b. Ömer",
İA, cilt 37
13.Tarix Yəqubi, II cild, Livan-Beyrut,
birinci nəşr, 2010
14.Zeydan С. Tarix ət-Təməddun
əl-islami, IV cild, Beyrut-Livan
15.Anastas Vardapet's list of Armenian
monasteries in seventh-century Jerusalem: A critical examination. Le Muséon,
1969, 82:
16.Armenian National Committee - Middle
East, http://www.ancme.net/studies/20
17.Arnold T.W. “The Preaching of İslam”,
Second edition, London, 1913
18.Goitein, Solomon D. "Al-Kuds
", El, C. V, E.J. Brill 1978
19.Hendrika Lena Murre-van den Berg,
Theo Maarten Van Lint, Jan J. Ginkel “Redefining Christian Identity: Cultural
Interaction in the Middle East Since the Rise of Islam”, Peeters Publishers,
2005
20.Jacob G Ghazarian. Journal of İslamic
Jerusalem Studies (Summer 2008) 9:59-80
21.Joshua Prawer, Haggai Ben-Shammai “The
History of Jerusalem: The Early Muslim Period (638-1099)”, Yad Izhak Ben-Zvi,
1996
22.Jon Endryu Morro “The Covenants of
the Prophet Muhammad with the Christians of the World”, Angelico Press, 2013
23.Johannes Avdall “A Covenant of' 'Ali,
Fourth Caliph Of Baghdad, Granting Certain Immunities and Privileges To The
Armenian Nation” // Journal of the Asiatic Society of Bengal, Vol. XXXIX, Part.
I (N°I to IV, 1870)
24.Leon Arpe “A History of Armenian
Christianity from the Beginning to our own time”, New York, 1946
25.Oded, Peri (2001). Christianity Under
Islam in Jerusalem: The Question of the Holy Sites in Early Ottoman Times.
BRILL
26.Robert W.Thomson, Studies in Armenian
Literature and Christianity, VARIORUM, 1994
27.Tritton A.S. The Caliphs and their
non-muslim subjects, Oxford University press, 1930
28.Zahoor A., Haq Z. «Muslim History:
570—1950 °C.E», Gaithersburg, 2000
29.«Грамоты (ферманы) Армянской Церкви Иерусалима от Мухаммеда доСалах-ад-Дина», November 18, 2014 - http://ghevondvardapet.com
30.Гусейнов Р.Н. «Азербайджан и армянский вопрос на Кавказе», Баку, 2015
31.Папазян А.Д. «Персидские
документы Матенадарана» (ПДМ), Указы. Выпуск первый (XV-XVI вв.). Ереван, издательство
АН Армянской ССР, 1956
Комментарии: