Tur Heyerdal: “Qədim vikinqin skeletinin və indiki azərbaycanlıların DNT-sinin analizi bu xalqların qohumluq əlaqələrinin olduğunu sübut etdi”
“AqRa” EİDİB adından
Rizvan Hüseynova və http://www.1news.az rəhbərliyinə
bu səviyyəli müsahibə üçün TƏŞƏKKÜRLƏR!
Tur Xeyerdal(ata) Azərbaycana
son dəfə 2000-ci ildə gələndə hələ Gəmiqaya ilə əlaqəli tədqiqatlar
başlanmamışdı. Azərbaycanda Oslo Universiteti (Norveç) ilə birlikdə Azərbaycan
alimləri tərəfindən təşkil olunmuş və məşhur səyyahın Azərbaycana ilk səfərinin
30-illiyinə, Azərbaycanın müstəqilliyinin 20-illiyinə və Oslo Universitetinin
200-illiyinə həsr olunmuş “Tur Heyerdal və Azərbaycan” mövzusunda 4-günlük
elmi-praktiki konfrans keçirilir.
Qeyd edək ki, Tur
Heyerdal dünya tarixinə yalnız cəsur dəniz səyyahı, alim və okeanoqraf kimi
deyil, həm də bir sıra kitabların və cəsarətli ideyaların müəllifi kimi daxil
olmuşdur. Xüsusən, onun təşəbbüsü ilə qədimdə vikinqlərin Norveçə Qafqazdan və
Azərbaycandan köçdüyünü xəbər verən qədim Skandinaviya saqalarının və orta əsr
mənbələrinin doğruluğunu sübut etmək məqsədilə tədqiqatlar başladılmışdır. Bu məqsədlə
Tur Heyerdal dörd dəfə Azərbaycanda olmuş (1981—2000-ci illər) və bu nəzəriyyəni
təsdiq edən maraqlı faktların üstünü açmağa müvəffəq olmuşdur.
Bakıya gəlmiş Norveç
nümayəndə heyətinin tərkibində Tur Heyerdalın oğlu — onun adaşı kiçik Tur Heyerdal da vardır və 1news.az onunla Skandinaviya və
Azərbaycanın qədim əlaqələri və digər məsələlərlə bağlı çox maraqlı müsahibə
aparmışdır.
— Dəfələrlə Azərbaycanda
olmuş və öz tədqiqatlarının bir hissəsini ölkəmizə həsr etmiş atanız Tur
Heyerdalın həyat və fəaliyətinə həsr olunmuş beynəlxalq tədbirdə – Azərbaycanda
olarkən hansı hissləri keçirirsiniz?
— Azərbaycanda atama qarşı dərin hörmət və onun
elmi fəaliyyətinə canlı maraq məni çox heyrətləndirdi və sevindirdi. Atam çətin
xarakterə malik və mürəkkəb daxili dünyası olan insan olmuşdur. Öz fəaliyyətində
o, elmdə mövcud olan yanlış fikirlərin tədqiqinə daha çox diqqət yetirmiş və bu
problemlərin həlli üçün müxtəlif yeni variantlar təklif etmişdir.
O, məsələnin mahiyyətində başqalarının görə bilmədiyi və ya
diqqət yetirmədiyi məqamları görürdü.
Məsələn, Bakıdakı tədbirlərdə və elmi konfranslarda çıxış edən
alimlərin fikirlərinin nə qədər müxtəlif olduğunu siz də görə bilərsiniz,
Heyerdal tərəfindən bir zamanlar deyilmiş, skandinaviya xalqlarının, vikinqlərin
Azərbaycanla sıx bağlılığı haqqında fikirlərlə bağlı qızğın müzakirələr gedir.
Düşünürəm ki, bu müzakirələr yeni başlayıb və hələ davam edəcək və əgər bu
mövzu ilə müxtəlif sahələr üzrə alimlər ciddi-cəhdlə məşğul olurlarsa, demək,
vikinqlərin Azərbaycandan Norveçə köçməsi mövzusu aktualdır və tarix elmində öz
yeri vardır.
— Səhv etmirəmsə,
vikinqlərin köçü Tur Heyerdalın qədim miqrasiyalarla bağlı qaldırdığı birinci
mövzu olmayıb və hər şey çox-çox əvvəl başlayıb?
— Xatırladım ki, atam okeanoqraf kimi fəaliyyətə başlamışdır.
Belə ki, o, Sakit okean adalarında tədqiqatlar aparmış, Asiyadan və Cənubi
Amerikadan insanların həmin yerlərə miqrasiyası proseslərini öyrənmişdir. O
zamanlar Polineziya adalarına insanların haradan gəlməsi ilə bağlı geniş
mübahisələr gedirdi, çünki bir çox alimlər insanların ora yalnız Asiyadan gəldiyini
iddia etsələr də, Heyerdal bura Cənubi Amerikadan da insanların gəldiyini sübut
edirdi.
Atam faktlar və tədqiqatlar əsasında sübut edə bildi ki,
Polineziya adalarına miqrasiya prosesləri həm Asiyadan, həm də Cənubi
Amerikadan olmuşdur. Heyerdal və onun komandasının özlərinin düzəltdiyi qədim
“Kon-Tiki” gəmisində bu marşrut üzrə səyahəti bu ehtimalı tam təsdiq etdi,
lakin bu miqrasiya yolları ilə bağlı şübhələr yenə də elmdə qalmaqdadır.
— Belə bir təəssürat
yaranır ki, atanız hər zaman mübahisəli elmi nəzəriyyələrin mərkəzində olmuş və
köhnəlmiş stereotipləri təkzib etməyə çalışmışdır…
— Tamamilə doğrudur, bu, məhz belə olub, üstəlik Heyerdal əksər
hallarda haqlı çıxmışdır. Məsələn, onun ölümündən sonra Oslo Universitetinin
tibbi genetika üzrə professoru Polineziya adalarının və Cənubi Amerikanın
sakinlərindən götürülmüş DNT nümunələrini tədqiq etmişdir. Nəticədə DNT analizləri
və barmaq izlərinin təhlili əsasında sübut olunmuşdur ki, Polineziyalıların bir
qismi, xüsusən Polineziyanın şərq adalarında yaşayanlar, həqiqətən də oraya Cənubi
Amerikadan gəlmişlər.
— Bu halda, nə üçün DNT
analizi üsulu ilə skandinaviya xalqlarının, xüsusən norveçlilərin azərbaycanlılarla
qohumluğu ilə bağlı çoxillik mübahisəyə son qoyulmasın və vikinqlərin
Skandinaviyaya Azərbaycandan köçməsinin mümkünlüyü ilə bağlı mövzuya nöqtə
qoyulmasın?
— Bu, artıq edilib! Vikinqlərin qədim döyüş gəmisi olan
“Drakkar”ın yanındakı dəfn yerlərindən birində tapılmış vikinqin skeletindən
DNT nümunələri götürülmüşdür. Sonra həmin nümunələr Qafqaz xalqlarının və azərbaycanlıların
DNT-si ilə müqaisə olunmuş və həqiqətən də həmin vikinqin onlarla qohumluq əlaqəsinin
olduğu elmi sübut olunmuşdur. Avropanın qədim xəritəsinə baxsanız, görərsiniz
ki, qədimdə Şimali Avropa buzlar və donmuş torpaqla örtülmüşdü. Buzlaqların əriməsi
prosesi başlayandan sonra insanlar şimala doğru hərəkət etməyə başlamışlar və
onların miqrasiya marşrutuna diqqət etsək, görərik ki, onlar burdan — Qafqazdan
və Azərbaycandan hərəkətə başlamışlar. Axı onlar şimala başqa heç yerdən köçə
bilməzdilər, çünki ətrafda — sağda və solda — hər şey buzlarla örtülmüşdü.
Bu, elmdə qəbul olunmuş faktdır. Bilirsinizmi, mən ABŞ-a getmək
üçün viza alarkən doldurduğum anketdə irqi mənsubiyyət haqqında sual var idi və
variantlar arasında “Caucasian race” (qafqaz irqi) də göstərilmişdi və mən öz
irqim olaraq məhz həmin variantı qeyd etdim. Yəni yalnız dünya elmi deyil, həm
də beynəlxalq təcrübə istinad edir və qəbul edir ki, qafqazlılar ayrıca irqdir
və avropalıların əcdadıdır.
— Bizdə ABŞ-a səfər etmək
üçün viza almalı olanlar bu faktla tez-tez qarşılaşır və təəccüb edirlər. Yəni,
dünya elmi avropalıların əcdadının qafqazlılar olması faktını qəbul edir,
bundan başqa, artıq qeyd etdiyiniz kimi, qədim vikinqlərin və qafqazlıların
DNT-sinin yaxın vaxtlarda aparılmış analizinin nəticələri bunu bir daha təsdiq
etmişdir.
— Bəli, bu artıq aşkar və qəbul olunmuş faktdlr …
— Tur Heyerdal
vikinqlərin Azərbaycandan Skandinaviyaya köçməsi faktı haqqında danışarkən
Skandinaviya saqalarına, eləcə də XIII əsrin məşhur İslandiya tarixçisi Snorre
Sturlussonun mətnlərinə istinad etmişdir. 1220—1240-ci il tarixli mətndə
Sturlusson, belə görünür ki, hazırda itirilmiş mənbələrə istinad edərək, iki
mindən artıq il bundan əvvəl baş vermiş hadisələr haqqında danışır. Mətnə
inansaq, İsanın dünyaya gəlməsindən iki nəsil əvvəl Qafqazda Oqden adlı kral
yaşamış və Azər ölkəsində as adlanan insanlara hökmdarlıq etmişdir. Heyerdal həmçinin
Odin adlanan Oqdenin Skandinaviyanın bütpərəstlik panteonunun baş allahı
olmasına istinad edərək, vikinqlərin xüsusən Azərbaycandan köçməsini və dini
köklərin və inancların müəyyən ümumiliyi faktını sübut edən başqa bir çox
faktın üstünü açmışdır.
— Bəli, məhz hamıya məlum olan, lakin digərlərinin görmədiyi
bu faktlar və mənbələr vikinqlərin buradan köçməsi ilə bağlı arxeoloji və digər
sübutları axtarıb tapmaq üçün Heyerdalı ruhlandırmışdır.
— Həmçinin Snorre
Sturlussonun mətnində qeyd olunur ki, Roma legionları Azər ölkəsinə gəldikdə,
Oqden onlara müqavimət göstərə bilməmiş və rusların torpaqları vasitəsilə
şimala getmişdir. Bütün bu faktlrar, mənbələr, arxeoloji tapıntılar və DNT
analizlərinin nəticələri sizdə hansı fikirləri doğurur?
— Düşünürəm ki, əgər müxtəlif elm sahələrinin mütəxəssisləri,
alimləri bu qədər illər ərzində bu mövzu ilə maraqlanır və onunla bağlı faktlar
toplayırlarsa, istənilən sadə adam onlarla tanış olaraq, adi məntiqə və sağlam
düşüncəyə əsaslanaraq başa düşər ki, vikinqlərin Azərbaycandan və Qafqazdan
köçməsi faktı mövcud olmuşdur. Alimlər onilliklər ərzində bu mövzunu tədqiq
edirlərsə, Azərbaycanda bir neçə gün davam edən elmi konfransda toplaşırlarsa,
demək, onların bu mövzu ilə bağlı hələ də deyiləsi və göstəriləsi nəyisə
vardır.
— Elə isə, nə üçün bəzi
elmi dairələr və ölkələr vikinqlərin Qafqazdan və Azərbaycandan gəlməsi faktını
qəbul etmir və buna qarşı çıxırlar?
— Məsələ ondadır ki, hər alim öz dar çevrəsində mütəxəsisdir,
onun öz elmi kafedrası, tələbələri, imici və elmi dərəcələri vardır. Odur ki,
belə mütəxəssisin yaratdığı kiçik elmi dünyaya, onun avtoritetinə və qazancına
nə isə zidd olarsa, o, onun idilliyasını dağıda biləcək istənilən ideya və
faktlara qarşı çıxış etməyə başlayır. Hər mütəxəssis, alim öz tədqiqat sahəsinin
dərinliyinə dalır, nəticədə orada dərin bir quyu qazır və artıq həmin quyudan
başqa heç nə görmür. Və bu zaman kənardan qeyri-standart düşünən insan gəlir və
o, hər şeyə onların “quyusundan” yox, yuxarıdan baxır və digərlərinin topladığı
faktları bir ümumi konsepsiyada toplayır.
— Yəni, mənfəətpərəstlik
və avtoritetini itirmək qorxusu bəzi alimləri və elmi dairələri onlara mənfəət
gətirə bilməyən və ya onların mənfəəti üçün təhlükə doğuran hər şeyi inkar etməyə
məcbur edir?
— Birmənalı şəkildə! Tamamilə doğrudur! Onlar öz karyerası,
avtoriteti, mənfəəti üçün təhlükə görür və buna görə də onların tədqiqatlarına
ziddiyyət təşkil edən hər şeyə qarşı çıxış edirlər.
— Sizin fikrinizcə,
vikinqlərin Azərbaycandan miqrasiyası ilə bağlı tədqiqatlar, Qobustanda vikinqlərin
gəmilərini təsvir edən petroqliflərin tapılması, eləcə də, xüsusən, hal-hazırda
Bakıda keçirilən, həmin mövzuya həsr olunmuş və müxtəlif ölkələrin alimlərini
toplamış tədbirlər dünya tarix elminə hansı faydanı və töhfəni verə bilər?
— Birincisi, Bakıda toplaşmış Norveçin və Azərbaycanın elmi
dairələri fikirlərin, faktların və tapıntıların mübadiləsi üzrə mühüm iş görürlər
ki, bu da onların bütün bunları vahid bir şəklə salmağa cəhd etməsinə imkan verəcək.
İkincisi, hətta elmi bir kənara qoysaq: biz özümüzə dost tapırıq, bir-birimizlə
biliklərimizi, qiymətsiz təcrübəmizi bölüşürük və bütün bunlar ümumi işimizə və
tədqiqatlarımıza böyük fayda verir.
— Qeyd etmək istərdim
ki, qədim zamanlarda Azərbaycanda yaşamış muqlar (maqlar) tayfası – Muğan
düzünün adı da həmin tayfa ilə bağlıdır – eləcə də onların indi muğam adlanan
ruhani musiqisi, inancları, adətləri, ayinləri bir çox qədim sivilizasiyaların
və xalqların formalaşmasında öz izini qoymuşdur. Qədim imperiyaları yaratmış və
azərbaycanlıların əcdadı olan maqlar və midiyalılar dini bilik və elmlərə yiyələndikləri
üçün hər zaman baş keşiş-şaman rütbəsini daşımışlar. Avropa salnamələrindən və
İslandiya saqalarından aydın olur ki, vikinqləri Skandinaviyaya köçürmüş kral
Odin də baş şaman olmuşdur ki, bu da onun Azərbaycanla əlaqəsini bir daha təsdiq
edir…
— Çox maraqlı faktlardır, zamanında bu faktların atamda
olmasını istərdim, təəssüf ki, atam artıq dünyasını dəyişib. Lakin gənc mütəxəssislər,
o cümlədən burada, Bakıda toplaşmış Norveç və Azərbaycan alimləri bu faktları tədqiq
edə və müqayisələr apara bilərlər.
— Qədim saqalarda
salnaməçi Snorre Azər ölkəsinin adını bilavasitə çəkir vəvikinqlərin ilk kralı
Odinin (Oqden) öz xalqını Azər ölkəsindən çıxardığını birbaşa qeyd edir. Odin
özü “allahların soyundan” olmuş və bir insan kimi, şaman olmuş, onun sehr
bilikləri və təcrübəsi isə ətrafdakılarda hörmət oyatmışdır. Saqalarda vikinqlərin
ilkin atəşpərəstliyi haqqında da çox maraqlı fakt vardır. Snorrenin sözlərinə
görə, məhz Odin onu gətirmiş və yaymışdır. O, sağalmaz xəstəliyə tutulanda bədəninin
tonqalda yandırılmasını vəsiyyət etmişdi və Azər ölkəsindən gəlmiş bu cür
basdırılma forması xristianlığın qəbul edilməsindən əvvəl hələ çox yüzillik ərzində
Norveçlilər arasında mövcud olmuşdur …
— Tamamilə doğrudur, atam qədim saqalardakı bu mə`lumata
istinad etmişdir. Yeni faktlara, o cümlədən sizin sadaladığınız faktlara gəlincə
isə, əminəm ki, onlar mütəxəssislərin diqqətindən kənarda qalmayacaq və, ümid
edirəm ki, alimlər öz fəaliyyətlərində bu faktlardan istifadə edəcəklər. Mənə gəlincə
isə, mən atamla görüşər-görüşməz bu faktları ona çatdıra biləcəyəm (gülür) və
atamın bu barədə fikirlərini buradakı mütəxəssislərə çatdırmaq üçün bu dünya ilə
əlaqə saxlamağa çalıışacağam.
Rizvan Hüseynov
Комментарии: